Rusiya hakimiyyəti Türkiyə şirkətinə “yox” dedi: - Biznesə kimin gözü düşüb?
6-08-2024, 19:14
Rusiya hakimiyyəti Türkiyənin “Anadolu Efes” şirkətinə Belçikanın “AB InBev” şirkətindən Rusiyadakı ortaq biznesində pay almasına icazə verməyib.
Musavat.com xəbər verir ki, bu barədə RBC xarici investisiyalara nəzarət üzrə hökumət komissiyasının iyunun 20-də keçirilən iclasının nəticələri ilə tanış olan üç mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, komissiya “Efes Breweries International BV”nin (Türkiyə pivə istehsalçısı “Anadolu Efes” onun vasitəsilə fəaliyyət göstərir) Niderlandın “AB InBev Efes BV”dəki payını alması təklifinə “yox” deyib. Bu şirkət “Anadolu Efes” və Belçikanın “Anheuser-Busch InBev” şirkəti arasında birgə müəssisədir, onların Rusiya biznesini “AB InBev Efes”, “InBev Trade”, “Vostok Malt” və “Bastils Tech” (Bud, Hoegaarden, Klinskoye və s. brendlər) şirkətləri vasitəsilə idarə edir.
Belçika şirkəti “Anheuser-Busch InBev”in Rusiya biznesindəki payını 2022-ci ilin aprelində türk ortağına satmaq qərarına gəldiyini açıqlayıb. 2023-cü ilin dekabrında tərəflər razılığa gəliblər. Əməliyyat bağlandıqdan sonra “Anadolu Efes” Rusiya biznesinin yeganə sahibi olacaqdı.
RBC mənbələri imtinanın səbəblərini açıqlamır. Hökumətdən sualları Maliyyə Nazirliyinə yönləndiriblər ki, o da öz növbəsində şərh verməkdən imtina edib.
“AB InBev Efes” Rusiyada 11 fabrik və 3 səməniləmə kompleksinə malikdir. 2023-cü ildə şirkətin gəliri 11,4 faiz artaraq 108,6 milyard rubla çatıb. Xalis mənfəət 2022-ci ildəki 12,3 milyard rubldan 2023-cü ildə 16,7 milyard rubla yüksəlib. 2023-cü ildə “AB InBev Efes” 23,2 milyon hektolitr (hl) pivə, 527,7 min hl kvas, sidr və su istehsal edib.
“AB InBev Efes” Rusiyada xarici şirkətlərin nəzarətində olan üç ən böyük pivə istehsalı müəssisəsindən sonuncusudur. 2022-ci ilin martında Ukraynada xüsusi rus hərbi əməliyyatı başlayandan sonra Rusiyanın “Baltika” pivə şirkətinin sahibi olan “Danimarca Carlsberg Group” ölkədən tamamilə çıxmaq niyyətini açıqlayıb. Bundan əvvəl Rusiyada istehsala investisiya qoyuluşunu dayandırmışdı.
2023-cü ilin iyun ayında “Carlsberg Group” səkkiz pivə zavodunun daxil olduğu Baltika üçün alıcı tapdığını elan edib. Alıcının adı göstərilməyib. Lakin bir ay sonra - 2023-cü ilin iyulunda “Baltika” Federal Əmlakın İdarə Edilməsi Agentliyinin müvəqqəti idarəçiliyinə keçib və artıq 1991-2004-cü illərdə bu vəzifəni icra etmiş Taymuraz Bolloev onun prezidenti olub.
2023-cü ilin avqustunda Niderlandın “Heineken” şirkəti yeddi pivə zavodunun daxil olduğu Rusiya biznesini “Arnest”ə satdı. Xarici istehsalçının o vaxt verdiyi məlumata görə, əməliyyat qiyməti səhmlərin 100 faizi üçün 1 avro təşkil edib.
Qeyd edək ki, 2022-ci ildən etibarən Rusiyada hakimiyyətin ən yuxarı pillələrində dayanan məmurlar xarici şirkətlərin ölkədəki gəlirli biznesini məcburən dəyərindən 4-5 qat ucuz qiymətə ələ keçirirlər. Belə görünür ki, həmin məmurlardan kiminsə gözü “Anadolu Efes”in almaq istədiyi paya düşüb. Çox güman ki, tezliklə həmin payın qəfil peyda olan hansısa yerli “iş adamı”na satıldığı açıqlanacaq.