Hökumət insanları, vətəndaşları narahat edən bir çox problemləri tək qərarla həll edə bilər – amma etmir.

12-09-2024, 10:34           
Hökumət insanları, vətəndaşları narahat edən bir çox problemləri tək qərarla həll edə bilər – amma etmir.
Azərbaycan hökuməti siyasi islahatlara getmir, idarəet sisteminin effektlinin artırılmasına xidmət edəcək addımlar atmır – bunları bildik, təəssüf ki, cəmiyyət olaraq da bu məsələlərdə hökumətə təsir edə bilmirik. Seçkilərə getmirik, səs vermirik, səsimizin qiymətini bilmirik – hökumət də buna görə bildiyini oxuyur.
Amma, məmləkətdə illərdir insanları düşündürən, incidən, narahat edən problemlər var ki, hökumət onları 1 qərarla, 1 gündə çözə bilər.
Məsələn, Ali Təhsil müəssisələrində hər il təhsil haqqı artır, ailələrin üzərini böyük yük düşür, hər il yüzlərlə ödənişli təhsilə düşən tələbələr pulsuzluğa görə təhsildən imtina edirlər. Əslində çox rahat və ucuz həll yolu var: Dövlət büdcəsindən maliyyə alan, Dövlət Universitetləri sayılan bütün ali məktəblərdə dövlət dilində təhsil ödənişsiz olmalıdır. Özəl universitetlər qiymətləri özləri təyin edir, bu, onların məsuliyyətidir. Yeganə öhdəlikləri qazanclarından vaxtı-vaxtında dövlətə vergi vermək, Elm və Təhsil Nazirliyinin proqramından kənara çıxmamaqdır. Amma dövlət universitetlərində təhsil tam pulsuz olmalıdır. Əgər dövlət universitetidirsə, biz vətəndaş olaraq dövlətə vergilər şəklində vəsait ödəyirik, həmin vəsait bizim övladlarımızın təhsilinə getməlidir. Dövlət Ali Məktəblərində Dövlət dilində (xarici dildə pullu olmalıdır) pulsuz təhsil üçün ildə cəmi 120-130 mln. manat lazımdır, çox kiçik, asan həll oluna biləcək məbləğdir.
Və ya, ərzaq və dərman qiymətləri ilə bağlı əhalinin şikayətini 1 qərarla həll etmək olar - ərzaq və dərman satışında ƏDV 18%-dən 2%-ə salınmalıdır. Bu zaman qiymətlərdə 10-15%-ə yaxın ucuzlaşma baş verəcək. Təbii ki, pararlel olaraq rəqbətli mühit də yaradılmalıdır ki, topdansatış bazarına nəzarət edən 5-6 məmuralara bağlı şirkətlər qiyməti yenidən artırmasınlar.
Digər məsələ isə nəqliyyatda gediş haqqı məsələsidir: İllərdir publik olaraq deyirik ki, Azərbaycanda nəqliyyat qiymətləri doğru tənzimlənmir. Çünki ölkəmizdə gediş haqqı birdəfəlik gediş kimi düşünülür və zaman-zaman da gediş haqqını arıtırırlar. Amma birdəfəlik gediş haqqı ilə nəqliyyatda ümumilikdə qiymət siyasətinin tamam fərqli alqoritmi var, fərqli yanaşmalar olmalıdır. İnkişaf etmiş ölkələrdə saatlıq, bir günlük, 3 günlük, 1 aylıq, 6 aylıq, 1 illik gediş biletləri mövcuddur. Bunun qiymətləri tamam fərqlidir, o cümlədən bu ölkələrdə şagirdlərə, tələbələrə müəyyən güzəştlər var. Avropanın bir çox ölkələrində tələbələr üçün 1 illik gediş bileti normal biletlərdən təqribən, 3 dəfə ucuzdur. Azərbaycanda da bunun tətbiq olunmasını biz dəfələrlə təklif etmişik.
Yəni, hökumət insanları, vətəndaşları narahat edən bir çox problemləri tək qərarla həll edə bilər – amma etmir. Niyə?! Bu sualı verməyin, mən də sizdən soruşum – nədən etsin ki?! Bəyəm sizdən-bizdən asılılığımı var?!
Natig Jafarli
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.