Yaxşı ki tikinti materialları yerli istehsaldır, yoxsa... - MÖHTƏKİRLİK...

15-09-2024, 11:52           
Yaxşı ki tikinti materialları yerli istehsaldır, yoxsa... - MÖHTƏKİRLİK...
Azərbaycanın tikinti materialları bazarında qiymətlərin aşağı düşməsi üçün Qarabağda tikinti materialları istehsal edən karxanalar yaratmaq olar və bunun üçün xüsusi imkanlar da var.

Bunu “Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası” İctimai Birliyinin sədri Ramiz İsayev deyib:

"Hazırda ölkənin işğaldan azad edilmiş bölgələrində genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir.

Mişardaşı Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılan inşaat layihələrinin vacib elementidir.Assosiasiya tələbatı nəzərə alaraq sözügedən region üzrə faydalı qazıntı yataqlarının ekspertizasını və monitorinqini aparır, hərraclar təşkil edir.

İndiki mərhələdə Ağdam, Xocalı, Kəlbəcər, Füzuli, Qubadlı və Laçın rayonlarında mövcud mişardaşı yataqları artıq istismara verilib”.

Qeyd edək ki, son vaxtlar ölkədə daşınmaz əmlak bazarında qiymətlər artmaqda davam edir. Evlərin qiymətinin artmasının əsas səbəbi kimi məhz tikinti materiallarının bahalaşması göstərilir. Bu gün bəzi tikinti materialları ölkədə istehsal olunmaqla yanaşı idxal olunur.

Maraqlıdır, yerli tikinti materiallarının istehsalı artarsa, Azərbaycanın mənzil bazarındakı evlər ucuzlaşa bilər?

Daşınmaz əmlak ekpserti Elnur Azadov "Cebheinfo.az"a bildirib ki, Azərbaycanda tikintidə istifadə olunan əsas strateji tikinti materialları ölkədə istehsal olunur:

"Yəni ki, sement, kərpic, mişardaşı, beton, armatur, hamısı yerli istehsaldır. Bunlar baha olduğuna görə xaricdən idxal sərf eləmir.

Hazırda az miqdarda armatur idxal olunur. O ki qaldı Qarabağ və digər ərazilərdə istehsalın təmin olunmasına, təbii ki, bu mütləqdir.

Ona görə ki, hazırda bir çox material oraya Bakıdan və ətraf ərazidən daşınır. Ancaq mütləq şəkildə həmin ərazidə bəzi karxanaların olması lazımdır. Hətta bu, çoxdan təşkil olunmalı idi.

Digər logistik transfer üsulları nəzərə alındıqda, quru daşımalarında nəqliyyat xərcləri kifayət qədər yüksəkdir. Hazırda həmin ərazilərdə hansı inşaat materialları ilə zəngin olması barədə təhlillər aparılmalıdır. Məhz aidiyyəti qurumlar bu işi aparmalıdır.

Ən azı sovet dövründə bunun özəyi olub, ancaq işğal dövründə bu dayanıb. Bu gün hər hansı binanın inşa olunmasında istifadə olunan materialların demək olar ki, 90 faizdən çox hissəsi yerli istehsaldır. Ancaq ölkədə cəmi 3 armatur istehsal edən müəssisə var. Rəqabət az olduğuna görə, qiyməti də yüksəkdir.

Məsələn, torpaqlarımız işğaldan azad olunana kimi bir ton armaturun qiyməti 780 manat idi. Ancaq torpaqlarımız işğaldan azad olunandan sonra tələbat çoxaldıqda həmin müəssisələr armaturun qiymətini 1280 manata qaldırmışdılar.

Son illər Abşeronda çıxarılan mişardaşının qiyməti iki dəfəyə yaxın bahalaşıb. Təxminən 60-70 faiz mişardaşının qiyməti qalxdı.

Bəzi karxanalar isə qeyri-rəsmi fəaliyyət göstərirdi. Ona görə də onların bir çoxu aidiyyəti dövlət qurumları tərəfindən bağlandı, cərimə olundu, karxanaların sayı azaldı. İndi də karxanalara müdaxilələr var. Nəticədə inşaat materiallarının maya dəyəri bahalaşdı. Burada gizli tərəflər də var. Ola bilər ki, bəzi karxana sahiblərinə bu əlverişlidir".

Ekspertin fikrincə, mövcud karxanalara dəstək olunmalıdır ki, rəqabət çoxalsın:

"Məsələn, armaturda rəqabət az olduğuna görə qiymətlər qalxdı, o zaman tikinti şirkətləri qiymətləri qaldırdılar və bu zaman daşınmaz əmlak bazarında 40 faiz qiymətlər qalxdı. Ən çox zərər dövlətə və vətəndaşlara dəydi.

Dövlət ipotekaların verilməsi ilə bağlı vəsait ayırır. Böyük bir vəsait daşınmaz əmlaka gedir. Bahalaşma nəticəsində 60-70 min manata olan daşınmaz əmlak 100 min olub. Ancaq vətəndaşların gəlirləri eyni səviyyədə qalıb.

Bu da birbaşa Konstitusiyaya zidd hərəkətdir. Bu gün tikinti şirkətləri arasında rəqabət yoxdur. Buna görə də qiymətlər artır.

Tikinti şirkətlərinin sayı olduqca azdır. Demək olar ki, bina da tikmirlər. Nə tikirlərsə, köhnə sərəncamlarla bağlıdır.

Son iki ildir tikinti şirkətlərinin sayı azalmaqdadır. Tikinti materiallarının bahalaşması heç kəs üçün əlverişli deyil. Ancaq bir neçə şirkət bundan külli miqdarda pul qazanır və buna davam edəcək".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.