İsrailə qarşı İran: Yaxın Şərqdə böyük müharibə olacaq?
5-10-2024, 09:07
Hər iki tərəf daha bir pillə irəliləmək qərarına gələndə qarşılıqlı hücumlar daha tez-tez olacaq
İran İsrailə güclü raket zərbəsi endirdi. Bundan sonra gözlənilən əsas ssenari bir növ cavab zərbəsidir. Eynilə altı ay əvvəl, aprelin 14-dən sonra da zərbə mübadiləsi baş verdi. Bütövlükdə münaqişənin intensivliyi tədricən artmaqdadır. Yaxın Şərqdə gərginlik bir pillə də artdı - İsrail və İran arasında birbaşa hücumlar var.
Aprelin 14-dəki birinci zərbədən sonra dedim ki, ikinci zərbə olarsa, bu, sistemin bir hissəsinə çevriləcək və daha tez-tez təkrarlanacaq. Bu o deməkdir ki, hər iki tərəf daha bir pillə irəliləmək qərarına gələndə qarşılıqlı hücumlar daha tez-tez olacaq.
İranlılar bu hücumla bağlı xüsusi xəbərdarlıq ediblər. Və qəsdən hücum elə tətbiq edilib ki, mülki şəxslərə zərər dəyməsin. Tehran ən azından bunu etməyə çalışdı. İsrail də mülki şəxslərə təsir etməyəcək bəzi obyektləri seçəcək. Bununla belə, bir amma var: tərəflər ekzistensial çağırışın qiymətləndirilməsindən asılı olaraq addımlar atırlar.
İsrail tərəfindən məhv edilən “Hizbullah” hərəkatının lideri Həsən Nəsralah təkcə İranın müttəfiqi deyildi. Bu, İran Prezidenti ilə bərabər regional siyasətdə söz sahibi olan, hətta İranın hərbi-siyasi rəhbərliyinin də qulaq asdığı şəxs idi. “Hizbullah” qarşısına İrana Aralıq dənizinə çıxmaq və İsrailə təhlükə yaratmaq üçün strateji məqsədləri qoyub. “Hizbullah”ın yox olması İranın qırx il ərzində həyata keçirdiyi planın məhv edilməsidir.
Digər tərəfdən, İranda daxili siyasi vəziyyət çox ağırdır. İki il əvvəl ilk dəfə etiraz aksiyaları keçirildi və bu zaman “Rədd olsun İslam Respublikası” şüarları səsləndi. Bu etirazlar yatırılsa da, rejimə qarşı müxalifət potensialı tükənməyib. Molla rejimi sağ qalmasının risk altında olduğunu başa düşsə, o zaman SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) müdaxiləsi lazım olacaq.
Vəziyyət nəzarətdən çıxsa, o zaman biz İranla İsrail arasında müharibənin yox, iranlıların regional vəziyyəti pozmaq cəhdlərinin şahidi olacağıq. SEPAH artıq öz kanalları ilə təhdidlər yayıb ki, əgər “İsrailin İrana zərbəsi qeyri-mütənasib olarsa, o zaman cavab olaraq Fars körfəzi ölkələrinin infrastrukturu atəşə tutulacaq”. Bu, siqnaldır. Təbii ki, indi bu olmayacaq, amma belə fikirlər var və ciddidir.
İsrailin Moskvadakı səfirliyinin bəyanatı da maraqlıdır: onlar Rusiyanı mühüm tərəfdaş hesab edirlər və hər zaman konstruktiv dialoqa hazırdırlar. Bu o deməkdir ki, Rusiyanın İranla potensial danışıqlara vasitəçi kimi cəlb olunması variantı sınaqdan keçirilir. Öz növbəsində Rusiya da yeganə vasitəçi olmaq üçün İran üzərində mifik təsirini mübadilə edə bilər. Lakin bunun üçün onların daha geniş eskalasiyası lazımdır ki, naviqasiyanın dayandırılması təhlükəsi və müvafiq olaraq Fars körfəzindəki problemlər səbəbindən neft bazarının çökməsi reallaşsın.
Regional müharibə zamanı hadisələrin inkişafının başqa bir ssenarisi də İran rejiminin dağılması və “Şər Oxu”nun tərkib hissələrindən birinin sıradan çıxmasıdır. Aydın məsələdir ki, İranda rejim dəyişikliyindən sonra eyni SEPAH zabitləri hakimiyyətə gələ bilərlər. Lakin onlar şüarlarında və siyasətlərində dəyişiklik etməli olacaqlar...
Bütün bunların Ukraynanın vəziyyətinə təsirinə gəlincə, müxtəlif variantlar var. İran raketlərinin Rusiyaya ötürülməsinin dayandırılacağından daha mürəkkəb məsələlərə qədər. Hamı deyir ki, ABŞ-ın diqqəti Yaxın Şərqə yönələcək və Ukraynaya yardım gündəmdən çıxacaq. Amma 2023-cü il oktyabrın 7-dən sonra, HƏMAS-ın İsrailə hücumundan sonra diqqət Yaxın Şərqə yönəldiyini görsək də, cəmi dörd ay sonra hər iki münaqişə diqqətdə saxlanıldı.
Müəllif: Sergey Danilov – Ukrayna Yaxın Şərq Araşdırmaları Mərkəzinin sədr müavini .
Mənbə: UNİAN
Tərcümə AYNA-ya məxsusdur.