Malmölülərin Bakıda “artsax” deyə mələməsi...

7-10-2024, 09:11           
Malmölülərin Bakıda “artsax” deyə mələməsi...
Dünən axşam football-plus.az saytında Kənan Bahadırın İsveç mediasına (“Footballskanalen”) istinadla hazırladığı, “Qarabağ”-“Malmö” matçından bəhs edən yazını oxuyanda yadıma 10 il öncə “Dnepr”-“Qarabağ” oyununa baxmaq üçün Kiyevə getməyimiz düşdü. Elə bil, dünən idi. Bu heç.

İsveç mətbuatında “Qarabağ”, Bakı, azərbaycalılar haqda çıxan yazıya sonra toxunaram, hələlik 14 azərbaycanlı jurnalistin Kiyevdə stadiona daxil olarkən üzləşdiyi sərgüzəşti yazım.

Bizim əlimizdə milli bayraqlarımız vardı, amma başqa xoreoqrafiya hazırlamamışdıq, eləcə, bizə ayrılmış yerdə oturaraq “Qa-ra-bağ” qışqıracaqdıq. Amma bayrağımızın biri çox böyük idi, onu azı 7 adam açıb yellətməliydi. Stadionun girişində cantaraq polis işçiləri önümüzü kəsdilər ki, stadiona milli bayraq keçirmək olmaz. Mübahisə yarandı. Ceyhun Musaoğli bərk əsəbiləşdi, səsini qaldırdı. Allah tərəfi, ukraynalı zabit sona qədər təmkinini pozmadı, sakitcə və lakonik şəkildə “nelzya” deyib, durdu. Onlar bayrağı əlimizdən almaq istədilər, vermədik, başqa bir yerə əmanət edib stadiona daxil olduq. Həmin oyunda “Qarabağ” Muarremin qoluyla, 1:0 hesabıyla qalib gəldi və biz bu qələbəni yaxşıca qeyd etdik.

Heç demə, oktyabrın 3-də oynanılan oyunda “Malmö”nü dəstəkləmək üçün İsveçdən Bakıya 70 civarında azarkeş gəlibmiş. Onlar əllərindəki pankartlarla Tofiq Bəhramov adına stadiona daxil olmaq istərkən polislərimiz buna icazə verməyiblər, deyiblər, Azərbaycanda siyasi motivli pankartlar açmaq olmaz.

İsveçlilər bundan çox narazı qalıblar. Ona görə də isveçli jurnalist öz ölkəsinin mediasında bu xüsusda tənqidi məqalə yazıb və belə bir qeyd edib: “Görünür, Azərbaycanda qaydalar İran, Belarus və Rusiyadakından daha sərtdir”.

Belə anlaşılır ki, şimallı qonaqların fikrindən keçirmiş, gəlib Bakıda erməni separatçılarına haqq qazandıracaqlar, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini pisləyəcəklər, bizə “aqressor”-filan deyəcəklər, bunu videoya çəkəcəklər və qayıdıb gedib Stokholmda öyünəcəklər ki, elə etdik, belə etdik.

Heç biz deyilik, İspaniyadır, isveçlilər gedib “Santyaqo Bernabeu” stadionunda “Kataloniyadan əl çəkin, bölgəyə azadlıq verin” pankartı aça bilərlərmi? Bəlkə nə vaxtsa PSJ ilə oyunda Parisdə “Yeni Kaledoniyaya azadlıq! Korsikaya müstəqillik!” pankartları açıblar, xəbərimiz yoxdur?

Onlarda olmaz, bizdə olar? Onlar “blatnoy”durlar, biz əfəlik?

Ondan da ötəsi, “Eurovision” yarışmasında siyasətin “siy” hecasını andıran mahnı sözlərinə görə sanksiya tətbiq edir, “bu, musiqi yarışmasıdır, burada siyasətə yer yoxdur” demirlərmi? Amma belə çıxır ki, idman yarışında siyasi şüarlar qışqırmaq olar. Elə şey yoxdur.
Qarabağ mahalı 30 il erməni işğalında qaldı, 700 min insan uzun illər çadır şəhərciklərində, vaqonlarda, yataqxanalarda yaşadı, o müddətdə Avropada minlərlə futbol matçı keçirildi, heç birində bir avropalı heç olmasa bircə dəfə “Qarabağın işğalıma son qoyun!” pankart açmadı, “Xocalıya ədalət!” demədi. Nə oldu, “qeyrətli insanpərvər” damarları indi yoğunladı?

İsveçdə çıxan yazıda haqlı olaraq qeyd olunur ki, “ümumiyyətlə, Qarabağ azərbaycanlılar üçün çox həssas məsələdir”. Amma niyə belədir, müəllif təfərrüata varmır.

Bir də qeyd olunur ki, “Azərbaycanda LGBT bayraqlarını da sevmirlər”.

Sanki LGBT-nin bayrağını sevmək imandandır, vicdani məsələdir. Prinsipcə, biz o rənglərə qarşı deyilik, göy qurşağını sevirik, hətta adına “qövsi-quzeh” də deyirik, amma o rənglər parçada həkk olunanda LGBT-nin bayrağına çevrilir və məsələnin rəngi dəyişir, tündləşir. İndi bir milləti necə qınamaq olar ki, o, cinsini dəyişənləri, cinsi sapıqları sevmir. Sevmir, sevmir də, buna görə bir futbol komandasını Avrokuboklarda iştirakı niyə qadağan olunmalıdır? (Olof Ahellson adlı müəllif qeyd edib ki, ölkənin beynəlxalq əlaqələri çox geniş olduğundan komandaları UEFA-nın bayrağı altında keçirilən yarışlarda çıxış edə bilir, əks halda, çoxdan “Qarabağ”ın Avrokuboklarda iştirakı qadağan olunardı).

Bax, belə bir qərəzli, haqsız, ədalətsiz yazı. Biz də uzun illər bunlardan sadəlövhcəsinə haqq-ədalət gözləmişik. Bunlar da atıla-atıla gəlib Bakıda bizimlə cəngə çıxırlar.

Bu yazıdan sonra “Qarabağ”ı qınamağım gəlir. Axı niyə bunların qapısını aşsüzənə döndərib pərt yola salmırdınız ki, indi gedib öz ölkələrində əkəc-əkəc danışırlar.
Samir SARI
musavat












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.