Ermənsitan “Qərbpərəst” olur, Gürcüstanın indiki hökuməti isə “ruspərəst”?!
27-10-2024, 12:08
Gürcüstanda yaşayan soydaşlarımız həmişə kim hakimiyyətdədirsə, əsasən, o siyasi qüvvəyə də səs verirlər – Saakaşvilinin vaxtında onun partiyası 80% civarında səs alırdı, sonra da İvanaşvilinin partiyası eyni civarda səs alır. Bunun səbəbləri çoxdur:
1) Soydaşlarımız real gücü əlində olan siyasi partiya ilə arasını pozmaq istəmir, düşünür ki, indi güc kimdədirsə, ondan yana olmaq “sağ qalmaq” stategiyasıdır,
2) Soydaşlarımızın çoxu gürcü dilini yaxşı bilmirlər, siyasi proseslərdən, debatlardan uzaqdırlar, ideoloji deyillər, siyasi partiyalara da ideoloji baxmırlar – amma, mühafizəkardılar, düşüncə olaraq az da olsa, “Gürcü Arzusunu” yaxındılar,
3) Saakaşviliyə hörmətləri qalıb, çünki, polis özbaşlalığından, rüşvətdən onun azad etdiyini düşünürlər, amma ki, “Gürcü Arzusu” 12 ildir hakimiyyətdədir, bu sahədə eyni xətt davam edir deyə, daha arxayındılar ki, bu sistemdən geri dönüş yoxdur. Bundan başqa, təbliğat da işləyir – “müxalifət gəlsə müharibə olacaq”, tezisini eşidiblər, buna çoxları inanır da, bundan başqa, təbliğatda Qərbin “azlıqlar” mövzusunda israrı, indiki hökumətin isə dəyərləri müdafiə etməsi də geniş yayılıb.
Gürcüstanda bizim, Azərbaycanın marağı sabitlikdir, qarşıdurmanın olmaması, demokratik Gürcüstanın inkişafıdır – çünki, Gürcüstan Azərbaycanın iqtisadi uzantısıdır, vacib körpüdür. Gürcüstanla bağlı yayılan miflər də çoxdur – “Gürcü Arzusu” Qərbə inteqrasiya yolundan imtina etməyib, bunu hər dəfə dilə gətirirlər. Ana yasalarında Avroatlantik məkana inteqrasiya yer alıb, Qərblə qarşıdurma isə iki qanun layihəsinə görə baş verib ki, burada da Qərbin “cığallığı” daha çoxdur – anlamaq istəmirlər ki, Gürcüstan və gürcü toplumu konservativ-dindar toplumdur, “azlıqlar” məsələsinə başqa cür baxırlar, kilsə çox güclüdür, kilsənin mövqeyi də bəllidir, təsiri çoxdur. Bütün bunları nəzərə almadan, “siz də Hollandiyada (məsələn) olan kimi qanunlar qəbul edin”, israrı absurddur, yanlışdır. “İnoaqent” məsələsində də reallıq başqadır – həmin qanun layihəsinin içi Rusiyada qəbul edilən qanunla heç bir əlaqəsi yoxdur, əslində 1930-cu illərdə ABŞ-da qəbul edilmiş qanunun tərcüməsidir, hətta daha yumşaq formasıdır.
Bir sözlə, hay-küydən uzaq məsələlərin məğzini öyrənmək lazımdır, dünən Gürcüstan Baş Nazirinin “Euronews” kanalına müsahibəsinə baxın, çox şey aydın olacaq. Bizim marağımız isə odur ki, dost və stateji marağımız olan ölkədə vətəndaş qarşıdurması olmasın, xalq öz seçdiyini hökumətdə görsün, Gürcüstanın demokratik yolu davam etsin – müxalifət də qalib gəlsə, zatən Azəırbaycanla yaxşı münasibətləri olacaq, əsas odur ki, qarşıqlıq, xaos, ölüm-itim olmasın. Şimal Ayısı ağzını açıb elə xaos gözləyir və istəyir.
İndiki hökumətə “ruspərəst” demək insafsızlıqdır, Rusiya ilə diplomatik əlaqələr yox, Rusiyanın başında durduğu heç bir birlikdə Gürcüstan yox, hə, dava istəmirlər Ayı ilə, alver istəyirlər, ildə 1,3 mln. rusiyalı gəlir Gürcüstana, 2 mlrd. dollar pul xərcləyirlər, Gürcüstan 500 mln. dollarlıq malını satır Rusiyaya – niyə bundan imtina etsin ki?! Necə olur ki, Rusiyanın başında olan bütün birliklərdə yer alan, ərazisində Rusiya hərbi bazası olan, son 3 ildə Rusiya ilə ticarət dövriyyəsini 7 dəfə (!!!) artıran Ermənsitan “Qərbpərəst” olur, Gürcüstanın indiki hökuməti isə “ruspərəst”?! Belə də məntiq, belə də yanaşma olar?!
Natig Cəfərli
TEREF