Rusiya etdiyini etdi. İndi baxaq Qərb Güscüstanı tam gözdən çıxaracaqmı?

27-10-2024, 15:21           
Rusiya etdiyini etdi. İndi baxaq Qərb Güscüstanı tam gözdən çıxaracaqmı?·
Gürcüstan müxalifətinin Kreml planlarını pozmağa gücü çatmayacağını son bir ayda Prime TV-nin efirindən dəfələrlə dedim. Tiflisin siyasi gündəmini hər zaman izləyirəm. Fikrimi möhkəmlədən isə ötən aykı Tiflis səfərim oldu. Yıpranmış ölkə - gözü dışarıda iqtidar, bir çırtmaya dağıla biləcək müxalifət, günündən-güzəranından narazı olsa da gözü çıxan qardaşının - Ukraynanın taleyini yaşamaqdan ehtiyat edən, inanmağa, arxalanmağa lider, partiya tapmayan toplum gördüm.
Gürcüstandakı prezident-hökumət münasibətləri bəlkə də Qərb-Rusiya çəkişməsinin ən aydın görüntüsüdür. Hökumət Zurabişvilini Prezident iqamətgahından çıxarıb hansısa knyazdanqalma, ən sakit yerişdə belə döşəməsi cırıldadığı şübhə doğurmayan nimdaş, təhlükəsizliyilə bağlı ağıla saniyələr içində 30 sual gələn kiçik bir qəsrə yerləşdirib. Binanın çevrəsi otel, bazar… Nə dövlət ərkanı, nə hakimiyyət ədəbi qalıb Tiflisdə.
Mişa içəridə… Hər dəfə əfv durumu yarananda baş prokurorluq ona yeni bir cinayət işi açır. İstintaq, məhkəmə bitmədən bağışlanması mümkün deyil axı…
Müxalifət partiyalarının siyasi fikir yürütmək, çözüm bulmaq imkanları zəif - ölkə boşalıb, Kreml siyasi düşərgəni təmizləmək üçün asiləri te@ror edib, susa bilənlərə biznes imkanı yaradıb. Bu illərdə oooo qədər siyasi birlik - partiya, düşüncə mərkəzi, dərnək, vətəndaş cəmiyyəti institutu yaranıb, ooo qədər siyasətçi bu təşkilatdan o birinə transfer edib, ooo qədər durum bir-birini hakimiyyətlə işbirliyində suçlayıb ki, müxalifət vitrinsiz qalıb. Hansı müxalif liderin adını çəkirsən, siyasi keçmişi labirint kimi dolaşıq çıxır. Lidersiz mübarizə çətindir… Qələbə formulu üçün vətəndaşın özünün də, ölkəsinin də taleyini etibar edəcəyi KONKRET ŞƏXSə ehtiyac var.
Gürcü həmkarlarla müzakirədə müxalifətin siması Sandra Rulofs ola bilərmi soruşdum. Saakaşvilinin keçmiş xanımı. Reputasiyası yaxşıdır, gürcülərin milli dəyərlərinə sayğılıdır, Zurabişvilidən fərqli gürcücəni yaxşı bilir, təhsili, keçmişi cəkicilik yaratmırmı, bu gün vətəndaşın arzuladığı onun da aid olduğu dönəm deyilmi - fikrimi əsaslandırdım. Milli kimlik məsələsi önəmlidir, dedilər…
Tək Tiflisin deyil, Gürcüstanın altını da, üstünü də bilən bir neçə köhnə dostumuzla görüşdük. Dedilər, seçkidə dəyişiklik mümkün deyil. Kreml Gürcüstana xeyli kriminal avtoritet göndərib. Hərəsinə bir bölgə ayrılıb - əhalini basqı altında saxlayırlar. Bölgənin sayılan-seçilən adamlarını çağırır, hədələyir, seçkidə sənin ərazindən müxalifət qalib çıxsa, özündən küs deyirlər. Adamları saatlarla, günlərlə girov saxlayırlar. Kimə şikayət edəcəksən? Himayəçiləri hölumətdir. Dünən statistika göstərdi ki, bölgələrdə “Gürcü Arzusu” qutudan məhz belə çıxa bilib. Səfaləti libas kimi millətin əyninə geydirən iqtidara qorxusu olmasa kim səs verər?
Paytaxt və böyük şəhərlərdə isə təbliğat işə yaradı. Son 1 il, il yarımda rəsmi və ona yaxın mediada müxalifət iqtidara gəlsə Qərb suverenlik məsələsini önə çəkəcək, Rusiyanı təkcə siyasi iqtidardan deyil, ölkədən, böyük mənada isə Qafqazdan sıxışdırmaq üçün Abxaziya və Osetiyada savaş başladacaq təbliğatı gedirdi. İddia edilirdi ki, Ukraynada Rusiyanı zəiflətmək üçün Qərbə ikinci cəbhə gərəkdir və ən real namizəd Gürcüstandır. Bu təbliğat son 6 ayda lap güclənmişdi. “Gürcü Arzusu”nun seçki görüşlərində vətəndaşlara ən çox verdiyi sual “siz övladlarınızı sonu müəmmalı bir savaşda qurban vermək istəyirsinizmi” idi.. Halbuki, hər iqtidarın ən birinci vəzifəsi ölkənin ərazi bütövlüyünü bərpa etmək, məcburi köç etmiş insanları yurdlarına qaytarmaqdır. Azərbaycan MDB məkanında ərazi bütövlüyü məsələsini milli heysiyyət mərtəbəsinə yüksəldən tək ölkədir - bunu heç zaman unutmamalıyıq. Biz bu yolu şüurlu seçdik. Vətən üçün ölümünə savaşdıq. Gürcülər savaşdan çəkindilər. Həyatda qalmağı seçdilər - Kremlin diqtəsi altında… O səbəbdən “Qafqazın ən azad, demokratiya üçün can qoyan milləti gürcülərdir” deyənlər bir dursunlar. Ərazisi yad əsgərin, özgə bayrağın kölgəsində olan ölkədə nə azad seçki, nə azad ekonomi, nə rifah mümkün deyil. Olsa da epizodikdir. Başda suverenlik gəlir…
26 oktyabr seçkisinin özəti belədir. Kreml Gürcüstanın boğazına bir düyün də vurdu. Açmaq çətin olacaq. Çarələrdən biri Avropa Birliyinin Gürcüstan pasportu ilə Şengen zonasına sərbəst gediş qərarını ləğv etməsi ola bilər. Bu haqda danışılır artıq. Gürcüstanı yaşadan Avropaya gedən əməkçi miqrantların ölkəyə göndərdiyi puldur. Qısa zamanda bu vəsait turizm və transmilli layihələrdə tranzit ölkə gəlirlərinə yaxınlaşıb. Qapılar bağlansa, sosial gərginlik artacaq. Hökumət üçün “sürprizlər” o zaman baş verə bilər. Nə də olmasa, 26 oktyabrda ölkənin az qala yarısı “Gürcü arzu”suna “rədd ol” deyib.
Rusiya etdiyini etdi. İndi baxaq Qərb Güscüstanı tam gözdən çıxaracaqmı?
Aygün Muradxanlı
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.