“Türkiyə bilir ki, bu savaş olacaq...”

28-10-2024, 09:44           
“Türkiyə bilir ki, bu savaş olacaq...”
Professor Xaləddin İbrahimli Orta Doğu ilə bağlı qorxulu planlardan danışır

Türkiyə yeni bir sınaqla üz-üzədir. Son günlər həm hakimiyyəti, həm də müxalifəti təmsil edən siyasi qüvvələrin atdıqları addımlar bunu söyləməyə əsas verir. Əvvəl Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı partiyasının qrup toplantısında mühüm açıqlamalar verdi. Türkiyənin yeni bir həll prosesinə ehtiyacı olmadığını vurğulayan Baxçalı, "Min illik qardaşlığı yaşatmaq və dirçəltmək lazımdır. Türkiyənin problemi kürdlər deyil, separatçı terror təşkilatıdır" - deyib.

Baxçalının terrorçu PKK lideri Abdullah Öcalanla bağlı sözləri isə daha böyük marağa səbəb olub. "Terrorçu liderin təcrid olunması aradan qaldırılsa, gəlib Türkiyə Böyük Millət Məclisindəki DEM Partiya Qrup Toplantısında çıxış edərək, terrorun tamamilə bitdiyini, təşkilatın ləğv edildiyini deməlidir”, - deyə MHP lideri bildirib.

Aydındır ki, Baxçalının terror kimi ciddi bir problemə dair bu cür önəmli acıqlama verməsi ölkə prezidentindən xəbərsiz ola bilməzdi. Deyilmiş də. Prezident Rəcəb Tayyib Ərdoğan bu məsələyə öz münasibətini dərhal bildirib: “Açılan tarixi pəncərənin şəxsi hesablar üçün qurban edilməməsinə ümid edirik. Birlikdə terrorun olmadığı bir Türkiyə inşa etmək istəyirik”.

Türkiyə üçün müəyyən qədər sensasion sayıla biləcək bu açıqlamalardan dərhal sonra Ankarada TUSAŞ aerokosmik şirkətinin obyektinə terror hücumu baş verib. Hadisə nəticəsində 5 nəfər ölüb, 22 nəfər yaralanıb.

Bu mənzərə nəyin, hansı proseslərin, hansı gözlənilən hadisələrin nəticəsidir? Ümumiyyətlə, Ərdoğan və Baxçalının PKK məsələsi ilə bağlı yenidən radikal qərarlara meyl etməsinin kökündə nə dayanır?

Mövzu ilə bağlı Pressklub.az- a danışan professor Xaləddin İbrahimli deyir ki, terror hadisəsinin törədilməsi vaxt baxımından təsadüfü deyil: “Son günlər bir neçə önəmli hadisə baş verib. Dövlət Baxçalı TBMM-də “tokalaşma” deyilən bir sürəc başlatdı. Ardınca Abdulla Öcalana silahları buraxması üçün çağırış etdi. Daha sonra onun TBMM-yə gələrək, terror örgütünü buraxdığını elan etməsini təklif etdi. Ana müxalifət partiyası CHP-nin başqanı Diyarbəkirə səfərə çıxdı, hökumət və qeyri-hökumət təşkilatları ilə görüş təşkil etdi. Bu addımlar türklərin içərisində barışın, hüzurun, vətəndaş birliyi və həmrəyliyinin gücləndirilməsinə xidmət edən addımdır”.

Professorun fikrincə, Orta Doğunun digər dövlətlərində və bölgələrində olduğu kimi, Türkiyədə də iç savaş törətmək və bundan sonra Türkiyəni Livan, İraq və Suriya kimi yenidən şəkilləndirmək planları var. Belə gərgin bir vaxtda da terror hadisəsi baş verir. Dövlət Baxçalının Öcalanı parlamentə çağırması təsadüfü bir hadisə deyil. Çünki parlament şəffaf bir dövlət institutudur. Bu, bütün Türkiyə toplumuna bir mesaj idi ki, biz barış istəyirik. Təkcə Türkiyəyə tox, eyni zamanda dünyaya bir mesaj idi ki, biz barış əlimizi uzadırıq: “Hətta həbsdə olan terrorçuların azad edilməsi ilə bağlı da bəzi mesajlar verildi. Ertəsi gün isə terror hadisəsi törədildi. Bu o deməkdir ki, imperialist güclər iç barışa imkan verməyəcək, Türkiyəni vətəndaş müharibəsinə sürükləməyə çalışacaq. Hadisələr Ərdoğanın Kazana səfəri ərəfəsində baş verdi. Bəllidir ki, İsrail öz ərazilərini böyütmək çabasındadır. ABŞ də ona dəstək verir. Qəzzada vəziyyət onların istədiyi kimi gedir. İsrail Livanın Aralıq dənizi sahillərini, PKK-nın kontrolunda olan İranın və Suriyanın quzeyini ələ keçirmək istəyir. İsrailin bu planları gerçəkləşsə, Türkiyədə iç savaş ehtimalı da artır. Çünki ABŞ PKK- ya dəstək verir, onların bütün silah-sursatları ABŞ-dən gəlir. Bu silahları hazırlayanlar isə İsrailin mütəxəssisləridir”.

Həmsöhbətimiz deyir ki, Türkiyə bu planı bildiyi üçün ehtimal olunan savaşı gözardı etmir. Rəsmi Ankara bu savaşın ola biləcəyi qənaətindədir və ölkənin içərisini bu vəziyyətə hazırlayır, vətəndaşlara mesaj verir ki, biz barışdan yanayıq. Ancaq qarşı tərəf Türkiyədə bu addımların atılmasını istəmir, toplumun birlik və bərabərliyini pozmaq niyyətindədir. Terror hadisəsinin olduğu yer belə təsadüfi seçilməyib. Bu, təkcə terror təşkilatının yox, onların arxasında duranların da qırmızı cizgini keçməsi deməkdir.

X. İbrahimli hesab edir ki, kosmik sənayeyə hücum Türkiyənin qəlbinə hücum sayılır. Orada çalışanların qətl edilməsi isə sərhədi keçməkdir. Türkiyə bu hadisəni heç kimə bağışlamayacaq: “Bu terror 2-3 şəxsin törətdiyi primitiv akt deyil. Həmin terror təşkilatının arxasında ciddi qaynaqların durduğu görünür. Türkiyənin xüsusi xidmət orqanları bu işi incə detallarına qədər öyrənəcək və toplumu da bilgiləndirəcəklər. Təkcə PKK və PYD yox, onun arxasında dayanan qurumlar da çox irəli getdilər. Bu isə səssiz-sədasız ötüşməyəcək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.