Avropada islamofobiya son həddə çatdı - sorğular ortaya dəhşətli nəticələr çıxarır...
30-10-2024, 12:14
Son vaxtlar demokratik dəyərlərin daşıyıcısı adlandırılan bəzi Qərb cəmiyyətlərində islamofobiyanın sürətlə yayılması heç kimə sirr deyil. Hətta iş o yerə çatıb ki, bunu Avropanın özündə də açıq şəkildə etiraf edirlər. Məsələn, Avropa İttifaqının Fundamental Hüquqlar Agentliyi bildirir ki, İttifaqa üzv ölkələrdə müsəlmanların təxminən yarısı gündəlik həyatlarında ayrıseçkilik və nifrət ritorikası ilə üzləşir.
Fundamental Hüquqlar Agentliyinin Avropa İttifaqına üzv olan 13 ölkədə 9600 müsəlman iştirakçı ilə keçirdiyi “Avropada müsəlman olmaq. Müsəlmanların təcrübələri” adlı sorğu 2016-2023-cü illər arasında müsəlmanlara qarşı irqçilik və ayrı-seçkiliyin əhəmiyyətli dərəcədə artdığını göstərir. Tədqiqatda qeyd olunur ki, diskriminasiya xarakterli siyasi kurs və hərəkətlər Avropa müsəlmanlarının gündəlik həyatının bütün aspektlərinə - məşğulluq, təhsil, mənzil və biznes sahələrinə mənfi təsir edir. 2021-ci ilin sentyabrından 2023-cü ilin oktyabrına qədər aparılan tədqiqatda Avstriya, Belçika, Danimarka, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, İrlandiya, İtaliya, Lüksemburq, Hollandiya, İspaniya və İsveç də daxil olmaqla Avropa İttifaqının müxtəlif üzv dövlətlərində yaşayan müsəlmanlar iştirak ediblər. Məlum olub ki, hesabat dövründə Avropada irqçiliklə üzləşdiyini bildirən müsəlmanların nisbəti 39 faizdən 47 faizə çatıb. Ayrı-seçkilik halları ən çox Avstriya, Almaniya və Finlandiyada qeydə alınıb. Hesabatda diqqətə çatdırılıb ki, müsəlmanların ən çox ayrı-seçkiliyə məruz qaldığı ölkələr Avstriya (71 faiz), Almaniya (68 faiz), Finlandiya (63 faiz), İsveç (22 faiz), İspaniya (30 faiz) və İtaliyadır (34 faiz).
Avstriya və Almaniyada irqçilik və ayrı-seçkiliyin artması bu ölkələrdə ifrat sağçı siyasətin böyüməsi ilə əlaqələndirilir. Tədqiqat müəllifləri qeyd edirlər ki, müsəlmanlar Avropada peşəkar və sosial həyatlarında müxtəlif statistik fərqlərə baxmayaraq, geyimləri, etnik kimlikləri və ya inancları ilə bağlı həyəcanlı dərəcədə geniş yayılmış irqçilik dalğası ilə üzləşirlər. Avropada doğulan müsəlmanların yarıdan çoxu iş axtarışları zamanı irqinə görə ayrı-seçkiliyə məruz qaldıqlarını bildirirlər ki, bu da oxşar dil qabiliyyətləri və səriştələri olan şəxslərlə müqayisədə onlara bərabər münasibət göstərilmədiyini göstərir. Hesabatda vurğulanır ki, hicab kimi dini simvollar taxan qadınlar xüsusilə işdə daha çox ayrı-seçkiliklə üzləşirlər; onların 45 faizi biznes mühitində ayrıseçkiliyə məruz qalır ki, bu da 2016-cı ildəki 31 faiz göstəricisindən çoxdur. Müsəlman avropalılar həm də mənzil almaq və ya kirayə vermək istədikləri zaman çətinliklərlə üzləşirlər. İştirakçıların təxminən 35 faizi ayrı-seçkilik səbəbindən problem yaşadıqlarını bildirir. Halbuki, 2016-cı ildə belə şikayətlər cəmi 22 faiz olub. Tədqiqat vurğulayır ki, çox az iştirakçı ayrı-seçkilik barədə səlahiyyətlilərə məlumat verməyin müsbət nəticələr verəcəyinə inanır. Daha bir problem odur ki, islamofobiya media tərəfindən təbliğ edilir və müxtəlif ekstremist qrupların şüarlarına daxil edilir. Məsələn, Fransada islamofobiya təkcə cinayətlərə nifrət və ayrı-seçkiliklə məhdudlaşmır, həm də yerli müsəlmanların gündəlik həyatına təsir göstərir. Fransada bir çox müsəlman məşğulluq və əməkhaqqı məsələsində ayrı-seçkilik və ədalətsiz rəftarla üzləşir ki, bunlar da getdikcə daha çox yayılır. Xüsusilə müsəlman qadınlar hicabları və dini baxışlarına görə təhsil və iş sahəsində çətinliklərlə üzləşirlər. Bəzən bir sıra ölkələrdə demokratiyanın gücləndirilməsi adı altında qəbul edilən yeni qanunlar dini etiqad azadlığını ciddi şəkildə pozur.
O da xüsusi qeyd olunmalıdır ki, İslam dini Qərb üçün yad deyil, Avropada müsəlmanların sayı milyonlarladır. Yerli müsəlmanlar əsrlər əvvəl Avropa ölkələrinə gəliblər. Müsəlmanlar Qərb cəmiyyətlərini dəyişdirməyi qarşılarına məqsəd qoymayıblar, lakin özlərinə qarşı getdikcə daha böyük ayrıseçkiliklə üzləşirlər. Müsəlmanlara qarşı Avropada mədəni və siyasi baxımdan qərəzli münasibət var. İslamofobiya hazırda daha geniş miqyasda müsəlmanlara qarşı ayrı-seçkiliklə nəticələnir və bütün bunlar hazırda dövlətlər tərəfindən sui-istifadə olunmaqdadır. Ancaq unutmaq lazım deyil ki, Avropa bəzi dəyərləri İslam dinindən götürüb. Belə vəziyyətdə Avropda islamofobiya irqçiliyin geniş yayılmış növü hesab olunur. Hazırda beynəlxalq ictimaiyyət müsəlman və qeyri-müsəlman ölkələrindən olan qaçqınlara münasibətdə kəskin fərqlərin olduğunu müşahidə edir. Ən dərin narahatlıq isə son vaxtlar kəskin sıçrayışla ən yüksək həddə çatmış islamofobiya təzahürlərinin davamlı artımı ilə bağlıdır. Xüsusilə Avropanın bəzi ölkələrində müsəlmanların yadelli kimi təqdim olunmasından yaranan bu cür stereotiplər Avropa mədəniyyət və dəyərlərinə zidd olaraq bu damğalamanın kəskinləşməsinə və izolyasiya siyasətinə gətirib çıxarır. Son illər beynəlxalq təşkilatların çağırışlarına və islamofobiya ilə mübarizəyə dair bir sıra qətnamələrin qəbuluna baxmayaraq, antiislam məzmunlu qanunların irəli sürülməsi və ya qəbuluna, həmçinin milli maraq və dəyərlərə əsaslanan demokratik dəyərləri qorumaq və gücləndirmək adı altında etiqad azadlığının açıq şəkildə pozulmasına dair ziddiyyətli proseslər baş verir və bu qanunlar islamofobiya və digər növ irqçilik və ayrı-seçkiliyin artması üçün baza formalaşdırır. Bununla yanaşı, nifrət nitqi mediada daha geniş yayılmağa və təhlükəli şəkil almağa başlayıb və İslam dininin terrorizmlə eyniləşdirilməsi və ya cəmiyyətə müqayisəli şəkildə təqdim edilməsi inklüziv cəmiyyətlərin bünövrəsinin sarsılmasına gətirib çıxarır. Nəticədə müxtəlif ölkələrin islamofobiya ilə mübarizəyə dair qəti fəaliyyət planının olmaması müşahidə olunur. Bu, xüsusən də Avropada özünü qabarıq büruzə verir.
Tahir TAĞIYEV