Zəngilanla sərhəddə təhlükəli oyun: rusların olduğu yerdə fransız kəşfiyyatı nə axtarır?
30-10-2024, 11:00
Zəngilanla sərhəddə Fransa bayrağı olan maşın görünüb. Onların diplomatik korpusun əməkdaşları olduğu ağıla gəlsə də, mahiyyətcə kəşfiyyat xarakterli səfər ediblər. Nəzərə alsaq ki, ABŞ və Fransa səfirlikləri İrəvanda kəşfiyyat missiyasını yerinə yetirir, o cümlədən Avropa İttifaqının mülki missiyası adı ilə sərhəddə "binokl diplomatiyası" həyata keçirilir, o zaman Fransa kəşfiyyatının Nerkin - And kəndinə monitorinqə gəlmədi təəccüb doğurmamalıdır. Anaxeber.info xatırladır ki, bu kənd Qafan rayonuna aiddir və rus sərhədçilərin nəzarətində olub. Moskvada keçirilən son görüşdə Paşinyan və Putin razılaşıblar ki, İranla sərhədi hər iki ölkənin sərhədçiləri birgə qorusunlar. Daha əvvəl isə erməni spiker Simonyan Rusiyanı ittiham etmişdi ki, Aİ missiyasını bu kəndə buraxmırlar. Deyəsən, indi razılaşmanın davamı gəlib və fransızlar Aİ adı ilə kəndə səfər ediblər. Onların bizimlə sərhəddə nə axtardıqları suallar doğurur, lakin Rusiyanın gözü qarşısında Qərbin destruktiv hərəkətləri Ermənistanın yaratdığı şəraitdən irəli gəlir. İranın da susqunluğu göz deşir. Ayrı vaxt Bakını sərhədə "sionist rejimi gətirməkdə" şərləyən Tehran, İrəvanın Qərb kəşfiyyatını İranın qulağının dibinə gətirib çıxarmasını sükutla qarşılayır. Əlbəttə, Rusiya və İran Ermənistanın bu addımlarından razı ola bilməzlər, intəhası, Tehran rejimi Zəngəzur dəhlizi açılmasın deyə Fransa kəşfiyyatının bölgədə hoqqa çıxarmasına dözümlü yanaşmağa hazırdır. Ona görə də Ermənistan ərazisi poliqona çevrilməkdədir. Bu da hərbi toqquşma risklərini, regionda eskalasiya təhlükələrini artırır. Üç gün əvvəl Baş Qərargah rəisi Artsyan inandırmağa çalışmışdı ki, Azərbaycanla hər hansı yeni müharibə görünmür. Təbii, Bakı da müharibədə maraqlı deyil. Lakin sərhədlərimizdə Fransa kəşfiyyatının, Aİ təxribatçı missiyasının belə "at oynatması" səbr kasasını daşırır. Üstəlik, tərkibi genişlənir və qalma müddəti 2 il uzadılır. Hərgah, iki aylıq bir missiya olduğu deyilmişdi. Azərbaycan tələb edir ki, delimitasiya ilə bağlı əsasnamə təsdiq olunduğuna görə Aİ missiyası şələ - şüləsini yığışdırıb getsin. Həqiqətən onlara ehtiyac yoxdur və sülh danışıqlarında mətn razılaşdırılıb. Lakin erməni tərəfi bunun sülh müqaviləsi imzalandıqdan mümkün olacağını açıqladı. Göründüyü kimi, Paşinyan administrasiyası sülh prosesini pozmaq üçün həm kəşfiyyat missiyasını iki il saxlayır, həm qanunvericilikdə dəyişikliyə getmir, həm Minsk Qrupunun ləğvinə razılaşmır və sonra sülh sənədini elə indi imzalamağa hazır olduğunu bəyan edir. Üstəlik, bunun üzərinə Zəngilanla sərhədə fransız kəşfiyyatının da gətirilməsini əlavə etsək, Ermənistanın bölgədə destruktiv hərəkətləri ucbatından bir oyun oynandığı müşahidə edilməkdədir.
Eyni zamanda, ABŞ, Fransa, Hindistan, Aİ-nin Sülh Fondu Ermənistanı silahlandırır. Bir yandan erməni ordusu rus-sovet hərb şinelindən çıxarılırsa, o bir tərəfdən gələcəkdə revanş üçün stimullaşdırılır. Beləliklə, region təzə-təzə qaynayır, qarşıda daha mürəkkəb strateji qarşıdurmalar gözlənilir ki, nəhayətdə münaqişənin alovlanmasına səbəb ola bilər.
Azər Talıbov
Anaxeber.info