İSRAİL İRANI DAĞITMAĞA, ABŞ OLDUĞU KİMİ SAXLAMAĞA ÇALIŞIR – Tramp yəhudi dövlətinə qələbəni necə qazandıracaq?
Bu gün, 11:34
İsrailin Orta Şərqdə apardığı müharibə regionu kökündən dəyişir. Bu müharibənin aşkar görünən iki böyük nəticəsi diqqət çəkir. Bulardan birincisi İsrailin hesab edildiyi qədər qüdrətli orduya sahib olmaması, ikincisi isə regionda yüz illərdir davam etdirilən sünni-şiə düşmənçiliyinin tədricən aradan qalxmasıdır.
Bir il öncəyə qədər elə düşünülürdü ki, yəhudi ordusu çox güclüdür, önünə çıxan istənilən dövləti anında əzib keçər. Amma reallıq düşünülənin tam əksinə oldu. Yəhudi ordusunun dövlətlər bir yana, vəkalət savaşı edən milis güclərini də əzə bilmədiyi ortalığa çıxdı. “Həmas” hələ vuruşur, “Hizbullah” isə, bütün gözləntilərin əksinə olaraq, İsrailin Livanda irəliləməsini durdurdu. Bu vəziyyət nə İsrail, nə də ABŞ tərəfindən qəbul edilə bilməz. Belə görünür ki, İsrailin bacarmadığını onun yerinə ABŞ edəcək. Trampın qələbəsindən sonra bu istiqamətdəki gözləntilər ciddi şəkildə artıb. Yeni administrasiyaya təyin olunan dövlət katibi, müdafiə naziri, milli təhlükəsizlik məsələləri üzrə müşavir və çox sayda yeni vəzifəlilər qatı İsrail tərəfdarlarıdır. Başda Tramp olmaqla, yeni kabinet üzvləri müharibənin İsrailin tam qələbəsi ilə bitiriləcəyini bəyan edirlər. Amma qələbənin necə əldə olunacağı açıqlanmır.
İsrail tərəfinin bəzi açıqlamaları hadisələrin mümkün gedişatı barədə müəyyən ipucları verir. Netanyahunun yeni təyin etdiyi müdafiə və xarici işlər nazirləri bəyan edirlər ki, İsrailin qələbəsinin əsas şərti “Həmas”-a və “Hizbullah”-a verilən silah dəstəyinin tam kəsilməsidir. Ən böyük dəstəyi verən isə İrandır. Dəstəyin kəsilməsi üçün İsrail tərəfi İranın sıradan çıxarılmasını tələb edir. Məqsədə nail olmaq üçün İranın nüvə obyektlərinə və digər əhəmiyyətli infrastruktur obyektlərinə ağır zərbələrin endirilməsi hədəflənir. Belə dağıdıcı zərbə ABŞ-nin birbaşa iştirakı olmadan mümkünsüzdür. D. Trampın qələbəsinin elan olunduğu gün B. Netanyahu onunla üç dəfə telefon əlaqəsi qurub və tərəflər rəsmi qaydada açıqlayıblar ki, söhbətin mövzusu məhz İran olub.
Böyük Orta Şərq regionundakı sünni-şiə düşmənçiliyinin tədricən aradan qaldırılması məsələsinə baxaq. Cəmi bir il öncəsinə qədər belə bir mənzərənin düşünülməsi belə mümkünsüz idi. Şiə İranla sünni ərəb dövlətləri İsrail qətllərini dayandırmaq yollarını birgə müzakirə edir, dənizlərdə birgə hərbi təlimlər keçirirlər. Səudiyyə Ərabistanı vəliəhd şahzadəsi M. B.Salman İslam Konfransı təşkilatında çıxış edərək ˝İsrailin qətliamları dayandırılmalıdır˝ deyir, ˝İsrailin livanı vurması yolverilməzdir˝ bəyanatını verir. Üstəlik, Bin Salman ˝Qardaş İrana bu məsələni gündəmə gətirməsinə görə təşəkkür edirəm˝ ifadəsini dilə gətirir.
Nə baş verir? İsrail siyasətinə qarşı Səudiyyə - İran işbirliyimi yaranır?
Bu günlərdə isə Səudiyyə Ərəbistanı ordusunun Baş Qərargah rəisi İranda səfərdə olub. İran mətbuatındakı iddialara görə, İranla Səudiyyə Ərəbistanı arasında müttəfiqlik əlaqələrinin təməlləri atılır. Bu deyilənlər, Böyük Orta Şərq regionunda baş verən geopolitik zəlzələdir.
Qərbin Orta Şərqdə yüz illər boyunca qurduğu sünni-şiə düşmənçiliyinin dağılması və sünni ərəblərlə İran arasında anti-İsrail işbirliyinin yaranması, ABŞ-nin mövcud olan bütün qırmızı cizgilərinin aşılması deməkdir. Ağ Ev buna imkan verə bilməz. Yaranmaqda olan yeni situasiyanı dağıtmaq üçün vurula biləcək zəif həlqə İrandır. Lakin İran məsələsində ABŞ ˝bığla saqqal arasında qalmış˝ kimi görünür. İsrail İranın sərt şəkildə vurulmasına, hətta dağılmasına çalışır. Netanyahu İran xalqlarına müraciətlə ˝Xamanei rejimi İsraildən deyil, daha çox sizdən qorxur˝ deməklə, İranda rejim dəyişikliyinin əsas hədəf olduğunu göstərir. Digər tərəfdən, İranda ˝sözəbaxan˝ fars hakimiyyətinin qorunub saxlanması Birləşmiş Ştatların regionu nəzarətdə saxlaması üçün olmazsa olmazdır. Ağ Ev fars rejimli İranı hər zaman qoruyub və bu qorumanın aradan qaldırılması üçün hələlik köklü səbəblər yoxdur. Görünən odur ki, İran məsələsində İsrailin maraqları ilə ABŞ-nin milli maraqları arasında dərin ziddiyyət var. Tehranın sünni-şiə düşmənçiliyini sonlandırma cəhdləri isə bu mürəkkəb vəziyyəti daha da qəlizləşdirir. Sirr deyil ki, Qərbin fars hakimiyyətindən əsas tələbi məzhəb düşmənçiliyini davam etdirməsidir. Deməli, Tehranın məzhəb düşmənçiliyini sonlandirma məsələsində israr etməsi, fars hakimiyyətinin Qərbin nəzarətindən çıxması deməkdir. ABŞ-yə və Qərbə isə ˝sözəbaxan˝ olmaqdan çıxmış İran lazım olmayacaq.
Bu gün Orta Şərq regionu ilə bağlı Tramp komandası qarşısında duran ən böyük sual təxminən belədir: Necə edək ki, İran Hizbullahı dəstəkləməkdən vaz keçsin və məzhəb düşmənçiliyini davam etdirsin. İsrailin istədiyi kimi, İrana dağıdıcı zərbələrin endirilməsi çox risqlidir. Belə zərbələr fars hakimiyyətini daha da radikallaşdıra və regiondakı vəziyyəti tamamilə nəzarətdən çıxara bilər. Bu ABŞ üçün son dərəcə aruolunmaz ssenaridir. Qərbin əlində fars hakimiyyətinə qarşı daha təsirli və ˝öldürücü kart˝ var. Bu, İranı daxildən çalxalamaq, onsuz gərgin olan millətlərarası münasibətləri son həddə qədər kəskinləşdirmək və fars hakimiyyətini devirməkdir. Böyük ehtimalla, Tramp hakimiyyəti masaya məhz bu kartı yatıracaq. Belə olan halda rəsmi Tehran çox ağır seçim qarşısında qalır. Fars hakimiyyəti ya farslar da daxil olmaqla, İranin bütün millətlərini boğan məzhəb düşmənçiliyi buxovlarını sona qədər daşımalı, ya da bütün risqləri göz altına alaraq, yeni reallıqlarla ayaqlaşan fərqli inkişaf kursu seçməlidir. ˝Mən türkəm˝ deyən Pezeşkianın prezident edilməsi və İranda sахtа ˝türk açılımına˝ gedilməsi fars hakimiyyətinin məsələ ilə bağlı tərəddüdlərlə dolu bir yol ayırıcında qaldığını düşünməyə əsas verir.
Namiq Bilal