Avropa İttifaqı: Yaşıl Enerji Dəhlizi Avropanın maraqlarına uyğundur

Bu gün, 09:37           
Avropa İttifaqı: Yaşıl Enerji Dəhlizi Avropanın maraqlarına uyğundur
Noyabrın 18-də İqlim məsələləri üzrə Avropa Komissarı Vopke Hukstra Bakıda COP29 çərçivəsində mətbuat konfransı keçirib.

Komissar COP29-da həftənin sonuna qədər müsbət nəticələrin əldə olunacağına ümid etdiyini bildirib.

Onun sözlərinə görə, hələ qlobal istiləşmənin 1,5 dərəcə səviyyəsində məhdudlaşdırılması hədəfinə çatmayıblar.

"Texniki cəhətdən bunu edə bilərik. Beləliklə, bu o deməkdir ki, qarşılaşdığımız problem həqiqətən siyasidir", o qeyd edib.

Avropa Komissarı həmçinin COP29 komandasını tərəflərə müraciət etməyə çağırıb.

Daha sonra Vopke Hukstra jurnalistlərin suallarını cavablandırıb.

Aİ yaşıl enerjinin Azərbacandan Avropaya nəqli layihələrinin həyata keçirilməsinə necə kömək edə bilər? Amerikanın Səsinin sualına hazırda Avropa Ittifaqı Şurasına sədrlik edən Macarıstanın Energetika Nazirliyinin enerji və iqlim məsələləri üzrə dövlət katibi Attila Ştayner cavab verib.

“Düşünürəm ki, bir çox təşəbbüslər var, çünki bu region Avropanın enerji təchizatının şaxələndirilməsi variantı kimi dəyərləndirilir. Aİ-nin bir sıra üzvləri, həmçinin Avropa Komissiyası bunu etiraf edir. Aydındır ki, Yaşıl Enerji Dəhlizi məhz belə bir təşəbbüsdür" - deyə, o qeyd edib.

Dövlət katibi Aİ-nin enerji, xüsusən də təmiz enerji idxal etməsinin və tədarükün şaxələndirməsinin daha yaxşı olacağı fikrindədir.

“Odur ki, bu layihə bizim strateji məqsədlərimizə açıq şəkildə uyğundur", o vurğulayıb.

2022-ci il dekabrın 17-də Azərbaycan, Macarıstan, Gürcüstan və Rumıniya Qafqaz regionundan Avropaya enerji körpüsünün tikintisini nəzərdə tutan strateji tərəfdaşlıq sazişi imzalayıb. Əldə edilən razılaşma çərçivəsində 1000 MVt gücündə və 1195 kilometr uzunluğunda Black Sea Energy dənizaltı elektrik kabelinin çəkilməsi gözlənilir. Kabel Azərbaycanda hasil edilən yaşıl elektrik enerjisini Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniya, Macarıstan və oradan da Avropanın digər ölkələrinə çatdıracaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.