COP29-un prezidenti: Paris Sazişinin 6.8-ci maddəsi razılaşdırılıb

Bu gün, 10:38           
COP29-un prezidenti: Paris Sazişinin 6.8-ci maddəsi razılaşdırılıb
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Paris Sazişinin 6.8-ci maddəsi (iqlim dəyişikliyinin təsirlərinin azaldılması və iqtisadiyyatların müvafiq adaptasiyası üçün qeyri-bazar yanaşmaları) razılaşdırılıb.

Bu barədə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev noyabrın 18-də mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, COP29-un ilk həftəsində də irəliləyiş əldə edilib: “Əvvəlcə 6.4-cü maddə üzrə, bu gün isə qeyri-bazar yanaşmaları ilə bağlı 6.8-ci maddə razılaşdırılıb”.

"Bunlar 6-cı maddə üzrə danışıqların tamamlanması yolunda mühüm addımlardır", o qeyd edib.

Buna baxmayaraq Babayev hesab edir ki, danışıqlar ləng gedir.

Onun sözlərinə görə, razılaşdırılmış həllə nail olmaq üçün tərəflər prosesi sürətləndirməlidir.

"Bu həftə danışıqlar yekun mərhələyə daxil olduğu üçün biz dünyanın hər yerindən nazirləri qəbul edirik. Siyasi liderlər ədalətli və iddialı bir razılaşmaya nail olmaq üçün bütün imkanlara malikdirlər. Onlar təkcə bu məsuliyyəti qəbul etmək deyil, həm də dərhal və konstruktiv işə başlamaq üçün məsuliyyət daşıyırlar", COP29-un sədri deyib.

Paris Sazişinin 6.8 maddəsində deyilir ki, tərəflər davamlı inkişaf və yoxsulluğun aradan qaldırılması kontekstində, əlaqələndirilmiş və səmərəli tərzdə, digər vasitələrlə birlikdə, o cümlədən yumşaltma, uyğunlaşma, maliyyə, texnologiyanın ötürülməsi və potensialın artırılması vasitəsilə onlara milli səviyyədə müəyyən edilmiş töhfələrinin həyata keçirilməsinə yardım üçün mövcud olan inteqrasiya olunmuş, bütöv və balanslaşdırılmış qeyri-bazar yanaşmalarının vacibliyini qəbul edirlər. Bu yanaşmaların məqsədi aşağıdakılardır:

- yumşaltma və uyğunlaşma fəaliyyətlərinin təşviq edilməsi;

- milli səviyyədə müəyyən edilmiş töhfələrin həyata keçirilməsində dövlət və özəl sektorun iştirakının genişləndirilməsi;

- vasitələr və müvafiq institusional mexanizmlər arasında əlaqələndirmə üçün imkanların yaradılması.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.