Qərb Tiflisə nə edə bilər... və bunun Bakıya təsirləri... - “Barjomi”ni ALAN OLMAYACAQ?

7-12-2024, 15:18           
Qərb Tiflisə nə edə bilər... və bunun Bakıya təsirləri... -
Qərb Gürcüstanın “yaxasından” əl çəkmir. Avropa Parlamentinin məlum qızışdırıcı qərarından sonra hakimiyyət çevrilişinin baş tutmadığını görən “demokratik dünya” ardınca ölkəni ağır sanksiyalarla hədələməyə başlayıb. Təbii ki, ön sırada ABŞ gəlir.

Birləşmiş Ştatların səlahiyyətləri bitməkdə olan dövlət katibi Entoni Blinken ölkəsinin Tiflisdə və ölkənin digər şəhərlərində davam edən etiraz aksiyaları səbəbindən Gürcüstana qarşı yeni sanksiyalar hazırladığını bildirib.

“ABŞ ”Gürcü Arzusu" Partiyasının Gürcüstan vətəndaşlarına, etirazçılara, media nümayəndələrinə və müxalifət xadimlərinə qarşı qəddar və əsassız zorakılığını qətiyyətlə pisləyir. Biz “Gürcü Arzusu”nu tənqidçiləri susdurmağa yönəlmiş repressiv taktikalarına, o cümlədən əsassız həbslərə və fiziki zorakılığa son qoymağa çağırırıq. Demokratik proseslərə və ya institutlara xələl gətirənlər, o cümlədən Gürcüstan vətəndaşlarının dinc toplaşmaq və ifadə azadlığı hüquqlarını boğanlar məsuliyyətə cəlb olunacaqlar. İkitərəfli əməkdaşlığa dair əvvəllər elan etdiyimiz hərtərəfli təhlili davam etdirməklə yanaşı, Birləşmiş Ştatlar indi bizim sərəncamımızda olan vasitələrdən, o cümlədən əlavə sanksiyalardan istifadə etməyə hazırlaşır", - bəyanatda deyilir.

Analoji sanksiya hədələri “qoca qitə”nin bəzi digər dövlətlərinin rəsmiləri səviyyəsində də səslənməkdədir.

Bu sanksiyalar Gürcüstan dövlətini nə dərəcədə silkələyə, sarsıda bilər? Hakimiyyət sanksiyalara tab gətirə biləcəkmi? Azərbaycana mümkün təsirləri ola bilər?

Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, Amerika Birləşmiş Ştataları başda olmaqla Qərbin böyük güclərinin özlərindən kiçik ölkələrə, ilk növbədə isə inkişaf etməkdə olan ölkələrə qarşı münasibəti dəyişməz olaraq qalır. Qərb bu sırada olan ölkələri özündən asılı vəziyyətdə görmək istəyir. O, bu asılılığı təmin edə bilməyəndə həmin ölkələri öncə sanksiyalarla təhdid edir, bundan bir nəticə əldə olunmadıqda isə sanksiyalara əl atır. Qərbin “sözə baxmayan” ölkələrə qarşı son onilliklər ərzində formalaşdırdığı yanaşım budur: “Qərbin bu manevrləri onun orta əsrlərdə hərb maşınının köməyi ilə yürütdüyü müstəmləkəçilik siyasətinin müasir formasıdır desək, yanılmarıq. Yəni Qərbin özündən zəif gördüyü dövlətlərə baxışlarında məzmun etibarı ilə heç nə dəyişməyib. Dəyişən yanaşımın formasıdır.

Bu gün Cənubi Qafqazda Azərbaycana və Gürcüstana da basqıların kökündə bu dediklərimiz dayanır. Qərb Cənubi Qafqazda özündən zəif bildiyi Rusiyanın təsirlərini həzm edə bilmir. Bunun üçün mümkün olan və olmayan bütün addımları atır. Bir sözlə, Qərb dairələrinin orta əsir müstəmləkə təfəkkürü dəyişmək bilmir, anlamaq istəmirlər ki, dünya gerçəkdən dəyişir - müasir dünyada heç kim artıq yeddilərdən asılı vəziyyətdə yaşamaq istəmir.

Bu gün Qərb demokratiya, söz azadlığı, insan azadlığı kimi alətlərdən yararlanaraq onlara tabe olmaq istəməyən ölkələrdə milyardlarla dollar pullar xərcləyib təbliğat maşınları yaradır. Bu yolla həmin ölkələrdə insanların və ilk növbədə gənclərin beynini yuyaraq, daxili sabitliyi pozmaqla hakimiyyət dəyişikliyi etməyə cəhd göstərirlər. Bu yolla öz məqsədlərinə çatmağa çalışırlar. Gürcüstan son nümunədir. Qonşu ölkədə xalq öz səsini istədiyi partiyaya verib, parlament seçkiləri tam demokratik və şəffaf keçirilib. Lakin Qərb bununla barışa bilmir. Gürcüstanda hakimiyyəti dəyişmək üçün xərclənmiş pulların heç bir nəticəsinin olmaması onu rahatsız edir. Bu səbəbdən də son həmlələrini edərək qonşu ölkədə xalq narazılığı müstəvisində qanuni hakimiyyətin devrilməsinə cəhd edir, onu sanksiyalarla hədələyir. Qərbin Gürcüstana tətbiq edəcəyi hansı sanksiyalar səmərə verə bilər? Gürcüstanın enerji təminatı Rusiya və Azərbaycan üzərindən hər zaman mümkündür. Yəqin, Qərb Gürcüstanda istehsal olunan “Barjomi” suyunun ixracına sanksiya tətbiq edəcək. Etsin, bu halda Gürcüstan da həmin suyu Şərqə satacaq. Yəni indiyə qədər sanksiyalarla hansı ölkədə bir nəticə hasil etmək mümkün olub ki?

Qərb bir məsələni anlamalıdır ki, xalqların seçiminə bu şəkildə kobud müdaxilə ona qarşı həmin ölkələrdə ikrah hissi yaradır. İnsanlar başını demokratiya, insan və söz azadlığı qanqalının içinə salmış Qərbin əndamını kənardan çox yaxşı görürlər".

Bir sıra ekspertlər isə hesab edir ki, Avropa İttifaqının, ABŞ-ın Gürcüstana hər il ayırdığı vəsaitlərin verilməsi dayandırılarsa bu, Gürcüstanın iqtisadiyyatına mənfi təsirlərini göstərəcək. Eyni zamanda Avropa İttifaqı ölkələrinə vizasız gediş-gəliş rejiminin aradan qaldırılması da Gürcüstan vətəndaşlarının zərərinə olacaq.

O ki qaldı Gürcüstana sanksiyalar tətbiq olunacağı halda bunun Azərbaycana da hansısa təsirlərinin olub-olmayacağına, sanksiyaların hansı sahələri əhatə etdiyi bəlli olmadan bu barədə indidən dəqiq fikir söyləmək çətindir. Böyük ehtimalla sanksiyalar əsasən Gürcüstana edilən maliyyə yardımlarını, hazırkı hakimiyyətin təmsilçilərini hədəfə alacaq. Bu halda həmin sanksiyaların Azərbaycana təsirləri olmayacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.