20 yanvar qatillərini, qətliama rəhbərlik etmiş şəxsləri dindirmiş sabiq Azərbaycan baş prokurorun müavini İdris Əsgərov
Bu gün, 00:10
1992-ci il fevralın 19-da Moskvada rəsmi olaraq müstəqil Azərbaycan Respublikası adından SSRİ Ali Sovetinin sədri Anatoli Lukyanovu , SSRİ müdafiə naziri Dmitri Yazovu, SSRİ DTK-sının sədri Vladimir Kryuçkovu dindirilməsini həyata keçirmişdi.
İdris Əsgərov 1998-ci ildə “Panorama” qəzetinə verdiyi müsahibədə bildirir ki, biz çalışırdıq ki, onlar xalqımızın qarşısında öz günahlarını etiraf etsinlər. Əvvəlcə marşal Dmitri Yazovu gətirdilər. Aman Allah, böyük bir militarist, fövqəldövlətin hərbi qüvvələrinin rəhbəri bu imiş... Mənim xalqıma divan tutmaq komandasını verən marşal bu imiş?! Sözün düzü, ilk görüşdə mən emosiyalarımı cilovlaya bilmədim, vətəndaşlığım peşə borcumu üstələdi. Məndə bu insana qarşı nifrət oyandı. Onunla prokurorluq işçisi kimi danışmaq qabiliyyətimi bir anlığa yox etdi. Lakin özümü ələ aldım. Bunu dindirmənin istədiyimiz kimi aparılması da tələb edirdi. İlkin olaraq, dindirmə öz qaydasında gedirdi. Əsl “soldafon” xislətli bu adam ifadə verməyə başladı. Lakin onun qarşısında kəskin ifşaedici suallar qoyulduqda, öz müdafiəçisinin məsləhəti ilə ifadə verməkdən imtina etdi. Lakin biz bütünn lazimi suallari onun qarşısında qoyaraq, baş vermiş kütləvi insan qırğınında şəxsi məsuliyyətini ona anladırdıq. Bizim verdiyimiz ifşaedici sualları dinlədikcə, onun necə psixoloji həyəcanlar keçirdiyi indi də gözümüzün qabağındadır. Adamların kütləvi surətdə güllələnməsi haqqında çəkinmədən əmr verən bu marşal daxilən nə qədər qorxaq və aciz imiş.
Dmitri Yazovun ifadələrindən:
“...1990-ci il yanvarın 19-da məni prezident Qorbaçovun yanına dəvət etdilər. Daxili işlər naziri Bakatin də ora dəvət olunmuşdu. SSRİ Nazirlər Sovetinin sədri Nikolay Rıjkov və SSRİ Ali Sovetinin sədri Aleksandr Lukyanov da Qorbaçovun iş otağında idilər. Qorbaçov dedi ki, Bakıda təhlükəli vəziyyət yaranıb. Mən və Bakatin ora gedib qanun-qayda yaratmalıyıq. Həmin gün Bakı vaxtı ilə saat 17.00-da biz Bakıya gəldik. Bakıda Qərb istiqamətinin baş komandanı, general Popovun otağında SSRİ prezidentinin nümayəndələri Yuri Primakov və Oleq Şeninlə Azərbaycan KP MK-nin birinci katibi Əbdürəhman Vəzirovla görüşüb, vəziyyəti müzakirə etdik və fövqəladə vəziyyət olunması qərarına gəldik. Yanvarın 19-dan 20-nə keçən gecə nizami Sovet Ordusunun hissələri Bakı şəhərinə yeridildi. Qoşun şəhərə girərkən şiddətli müqavimətə rast gəldiyindən, atəş açmağa məcbur olduq...!”.
Yazov deyirdi ki, bu zaman şəhərin üzərində vertolyotla uçaraq bunları özü müşahidə etmişdi. İnsan qırğınını belə soyuqqanlıqla müşahidə edən hərbçini insani baxımdan xarakterizə etmək üçün əlavə sözə ehtiyac yoxdur. Yazov qəflətən yaxalanmış cinayətkarlar kimi son dərəcə məntiqsiz, dolaşıq danışaraq, aşkar çaşqınlığa yol verirdi. Yanvarın 19-da axşam Bakıya gələn Yazovun bir neçə saat ərzində vəziyyəti öyrənib yüksək vəzifəli şəxslərlə müşavirə keçirməsi və fövqəladə vəziyyət edilməsi qənaətinə gəlməsi və şəhərə qoşun yeritməsi müqabilində, onun qarşısında konkret suallar qoyuldu:
“1. Bəs SSRİ Ali Sovetinin Rəyasət Heyəti föqəladə vəziyyət haqqında fərmanı nə vaxt qəbuıl etdi?
2. Əgər bu fərman Yazov Bakıya gələndən sonra qəbul edilmişdisə, Bakını üzük qaşı kimi mühasirəyə almış qoşun hissələri nə zaman ölkənin müxtəlif yerlərinə səfərbər edilib gətirilmişdi?”.
Yazova sual verdik ki, fövqəladə vəziyyət elan edilməsinin xüsusi hüquqi rejimi var. Bu rejimə əməl olunmamış, əhali də xəbərdar edilməmişdi. Bu da insan qırğını ilə nəticələnmişdi.
Cavabında marşal nə desə yaxşıdır: “Qoşun şəhərə gecə saat 3-də daxil olub. Bu zaman bütün düzgün adamlar yatırlar”. Ona irad tutuldu ki, qoşun şəhərə gecə saat 12-də daxil olub. Sual üzərində xeyli düşündü, durub bir qədər gəzişdi. Bizə sarı dönərək, ifadə verməyəcəyini elan etdi.
O zaman Rusiya ilə Azərbaycan arasında hüquqi yardım haqqında dövlətlərarası müqavilə olmadığından biz ondan sonrakı sullarımıza cavab ala bilmədik.
Keçmiş SSRİ DTK- sının sədri Kryuçkov əvvəlcə ümumiyyətlə 20 yanvar hadisəsindən məlumatı olmadığını, o dövrdə məzuniyyətdə olduğunu söylədi. Xüsusi xidmət orqanı başçısının ölkədə baş vermiş kütləvi insan qırğınından bixəbər olması ağlabatan deyildi. Bu iradımıza cavab olaraq, Vladimir Kryuçkov dedi ki, məzuniyyətdə olarkə, həmin hadisə haqqında məlum kanallar üzrə informasiya almışdı.
Dindirmənin gedişində öyrəndik ki, Qorbaçov ordudan fərqli olaraq, təhlükəsizlik orqanı qüvvələrinin Bakı hadisələrində son dərəcə passiv hərəkət etməsinə görə Kryuçkovu danlayıb. Görünür tökülən qanlar onu qane etməmişdi. Biz Yazovu və Kryuçkovu ifadə verməyə dəvət edərək dedik ki, kütləvi insan qırğını ilə müşayiət edilmiş Bakı hadisələrinin qeydi-adiliyi baxımından bu cinayətin bütün təfərrüatı ilə aydınlaşdırılması hər kəsin təkcə vətəndaçlıq borcu deyil, həm də insanlıq borcudur. Biz onları Rusiya vətəndaşı kimi deyil, planetimizdə yaşayan bir insan kimi ifadə verməyə dəvət etdik. Onlar yenə də tam ifadə verməkdən imtina etdilər.
Görünür qanlı cinayətin iştirakçıları öz yüksək məsuliyyətlərinin bütün acı nəticələrini dərk edirdilər. Anatoli Lukyanov isə ifadə verməkdən imtina etmədi. Lakin, hadisədən guya çox vaxt keçdiyindən, onu unutduğunu söylədi. Rəhbər olduğu ölkədə baş vermiş insanı dəhşətə gətirən qanlı bir cinayəti belə tez unutmaq şübhəsiz ki, həqiqətdən uzaq bir ifadə idi.
Ceyhun Nabi
TEREF