Həbsdə olan oliqarxdan şok siyasi çağırış: Samvel Karapetyan yeni hərəkat yaradır
Bu gün, 10:27

Ermənistanda həbsdə saxlanılan tanınmış iş adamı, “Taşir” qrupunun rəhbəri Samvel Karapetyan yeni siyasi komanda yaratdığını bəyan edib.
Musavat.com xəbər verir ki, bu barədə məlumat onun vəkilləri vasitəsilə yayımlanıb.
Məlumata görə, Karapetyan köklü dəyişikliklərə əsaslanan yeni siyasi qüvvənin formalaşdırılması prosesinə start verib. O, bu təşəbbüslə ölkənin gələcəyi ilə bağlı fərqli baxışlara sahib olduğunu ortaya qoyub.
Həbsdə olan iş adamı öz bəyanatında bildirib ki, indiyə qədər Baş nazir Nikol Paşinyanın siyasətinə qarşı real mübarizə aparan şəxslərə dərin hörmət bəsləyir. Lakin Karapetyan öz yolunu seçdiyini və başçılıq edəcəyi yeni komanda ilə mübarizəyə qoşulacağını elan edib. O, həmçinin digər ideoloji yaxın qüvvələrlə əməkdaşlığa açıq olduğunu vurğulayıb.
Karapetyan bəyan edib ki, Ermənistan cəmiyyətində “qara” və “ağ”lar kimi süni şəkildə yaradılan bölünməni qəbul etmir və bu siyasətin hakimiyyət tərəfindən xalqa qarşı aparıldığını iddia edir.
Xatırladaq ki, Ermənistan hakimiyyəti Samvel Karapetyanı ictimai şəkildə hakimiyyətin zorla ələ keçirilməsinə çağırış etməkdə ittiham edir. Hazırda o, istintaq təcridxanasında saxlanılır.