Rusiya Çindən əldə etdiyi texnologilayalar sayəsində hərbi texnikasını modernləşdirməyə müvəffəq olub.

Bu gün, 07:54           
Rusiya Çindən əldə etdiyi texnologilayalar sayəsində hərbi texnikasını modernləşdirməyə müvəffəq olub.
Kremlin Ukraynaya qarşı işğalçı müharibəni davam etdirməsinə görə, rusiyalı rəsmilərin səfər edə biləcəkləri ölkələrin sayı çox deyil. Rusiya Prezidenti Vladimir Putin təlükəsizlik səbəbindən il ərzində bir neçə ölkəyə səfər edə bilir. Rusiya xarici işlər naziri Sergey Lavrov bir çox hallarda Putini əvəz etmək məcburiyyətində qalır.
Lavrov Malayziya paytaxtı Kuala-Lumpurda ASEAN xarici işlər nazirləri toplantısından sonra Şimali Koreyaya səfər edib. Lavrov əvvəlcə şimali koreyalı həmkarı Çxve Son Xi ilə görüşüb, daha sonra onu Şimali Koreya diktatoru Kim Çen In qəbul edib. Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra sonra Şimali Koreya ilə əlaqələrini genişləndirib.
Rusiya Şimali Koreyanın hərbi texnikasına və hərbçilərinə möhtac qalıb. Təsadüfi deyil ki, Lavrov Pxenyandakı görüşlərdə Şimali Koreyanın Rusiyaya dəstəyini "səmimi həmrəylik aktı” kimi dəyərləndirib. Halbuki, Rusiya Şimali Koreyanın bu dəstəyinə görə bu ölkəyə ərzaq yardımını artırıb. Lavrovun sözlərinə görə, Rusiyaya yardım məsələsinə şəxsən Kim Çen In qərar verib. Ayrı kim qərar verə bilər ki? Lavrov Kim Çen In ilə görüşdə “Kursk vilayətinin azad edilməsində” Şimali Koreya əsgərlərinin roluna görə ona təşəkkür edib.
Qeyri-rəsmi məlumatara görə, Rusiya ordusunun Ukraynadakı sursat təminatının təxminən 40 faizi Şimali Koreyadan gəlir. Şimali Koreya Rusiyaya ballistik raketlər və artilleriya sistemləri göndərib. Rusiya bu yardımın artırılmasını istəyir. Cənubi Koreyanın kəşfiyyat qurumlarının məlumatlarına görə, Şimali Koreya iyul və avqust aylarında Rusiyaya daha çox hərbi texnika və hərbçi göndərəcək.
Lavrov Şimali Koreyadan Çinə gedib. İyulun 14-ü və 15-də Çinin Tyantszin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçiriləcək. Nazirlər Şanxay Əməkdaşlıq Təşkilatının 30 avqustda keçiriləcək zirvə toplantısının gündəliyini müzakirə edəcəklər. Nazirlər sammitə qədər liderlərin imzalayacaqları sazişləri hazırlayacaqlar. Rusiya Şanxay Əməkdaşlıq Təşkilatı üzvlərinin də Rusiyanın siyasətinə dəstəyin artırılmasını arzulayır. Təşkilat ölkələrindən Çin və yeni üzv olan İran Rusiyanı müxtəlif formalarda dəstəkləyirlər. Ancaq Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi davam edərkən, Pekin və Tehran üçün ciddi problemlər yaranıb. İranın Rusiyaya göndərdiyi dronlar və raketlər ABŞ və Avropa İttifaqının Tehranla münasibətlərini normallaşdırmağa imkan vermir. Çin Rusiyaya birbaşa hərbi texnika göndərmir. Buna baxmayaraq, Rusiya Çindən əldə etdiyi texnologilayalar sayəsində hərbi texnikasını modernləşdirməyə müvəffəq olub.
Elxan Şahinoğlu
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.