“Maliyyə xəyanət”çiləri buraxıldı, bəs sonra? - Gözlənti
2-06-2015, 15:39
Bank sektorundakı “maliyyə xəyanəti”ndə iştirak edənlərin azadlığa buraxılması bir sıra qaranlıqları aydınlaşdırdı. Artıq qarşıdakı dövr üçün yeni faza müəyyənləşdirilir.
TİA.AZ-a verilən xəbərə görə, iş adamlarının, burjuyların kreditlərin ödənişində bundan sonra daha məsuliyyətli olacağı ilə yanaşı onların üzərində qeyri-rəsmi nəzarət güclənəcək.
Hətta sərbəst buraxılan 43 oliqarxın ölkəni istədiyi zaman tərk etmək səlahiyyəti olmayacaq. Çünki götürülən öhdəliklər və qeyri-rəsmi şərtlər onu diktə edir ki, ölkənin bank kreditlərini dədə malı kimi istifadə edənlər növbəti xətaya yol verməsin. Eyni zamanda onlara vergi nəzarəti güclənəcək, investorları seçmək hüquqları da nəzarət altında olacaq.
Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankından götürdükləri külli miqdarda kredit borcunu ödəmədikləri üçün saxlanılmış iş adamlarından 43 nəfəri sərbəst buraxılıb.
Onlar vaxtı keçmiş kredit borclarını ödədikdən sonra sərbəst buraxılıblar. Borcların ödənilməsindən sonra iş adamlarından bəziləri barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə qərarı ilə dəyişdirilib.
Məlumatda o da qeyd olunur ki, sərbəst buraxılmış iş adamlarının indiyə qədər ödədikləri vaxtı keçmiş kredit borcunun ümumi miqdarı 110 milyon manat təşkil edir.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankından götürdükləri külli miqdarda kredit borcunu ödəmədikləri üçün bir qrup iş adamı Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. Onların arasında tanınmış iş adamları Nizami Piriyev, Hacı İbrahim Nehrəmli və başqaları da olub.
Adı çəkilən iş adamları da mətbuata verdikləri açıqlamalarında vaxtı ötmüş kredit borclarını ödədikdən sonra sərbəst buraxıldıqlarını bildiriblər.