Bizdə xidmət səviyyəsini yüksəltmək və sair bəhanələr adətən yalan çıxır
Bu gün, 00:03

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyətinin sədrinin müşaviri Aydın Abbasov ötən gün jurnalistlərə açıqlamasında deyib ki, hazırda Azərbaycanda su tarifləri Xidmətin faktiki xərclərini tam qarşılamır. Belə ki, 1 kubmetr suyun istehlakçıya çatdırılması 1 manat 91 qəpiyə başa gəlsə də, mövcud tarif 70 qəpik təşkil edir. Bu da su təchizatı sahəsində sürətli inkişafı çətinləşdirir. Bu səbəbdən tarif sisteminin diferensiallaşdırılması məsələsi gündəmə gələ bilər.
Yəni əhaliyə satılan suyun qiyməti artırılmalıdır. Ənənəvi əsaslandırma isə ondan ibarətdir ki, təchizatı yaxşılaşdırmaq, xidmət səviyyəsini yüksəltmək.
Başqa mövzudur ki, bizdə xidmət səviyyəsini yüksəltmək və sair bəhanələr adətən yalan çıxır. Məsələn Bakı Metroplitenində aparılan rəsmi yoxlamalar zamanı bəlli oldu ki, əslində xidmətlər üzrə xərclər süni şişirdilərək maya dəyəri də artırılıb. Nəticə milyonlarla manat talan edilib.
Və ya Azərbaycanda əahliyə daha sürətli internet xidmətləri təklif etmək üçün tarifləri artırdılar. Guya 1100 Mb/s internet verəcəkdilər. Oldumu? Yox daha da bərbad bir vəziyyət yarandı.
İndi də su təchizatı ilə bağlı "xidmət səviyyəsinin yüksəldilməsi" bəhanəsi ortaya atılıb. Əhaliyə satılan suyun qiyməti artsa, xidmət də keyfiyyət də yüksələcəkmiş...
Rəsmi qurum iddia edir ki, Azərbaycanda əhaliyə satılan içməli su çox ucuzdur. Maya dəyərindən də aşağıdır.
Gəlin regionumuzda əhaliyə satılan içməli su tariflərinə diqqət edək:
- Gürcüstan Milli Enerji və Su Təchizatı Tənzimləmə Komissiyasının qərarına əsasən bu ölkədə əhaliyə satılan içməli suyun tarifləri belə tənzimlənir - sayğacı olan yaşayış evlərinin abonentləri üçün birləşdirilmiş su və kanalizasiya tarifi hər kubmetr üçün 0,50 laridir. Yəni 0.30 Azərbaycan qəpiyi. Sayğacsız müştərilər isə AYLIQ adambaşına 2,15 lari, yəni 1 manat 30 qəpik supulu ödəyirlər.
Məsələn keçmiş MDB dövlətlərində su qıtlığı olan Özbəkistanda hazırda əhaliyə satılan içməli suyun aylıq tarifi 3808 özbək somudur. Yəni 50 Azərbaycan qəpiyi.
Mənbə (https://schetchik.uz/uz/news/tariflar/...)
Analoji araşdırmalardan sonra Qazaxıstan, Qırğızıstan, Belarus, Ukrayna və digər ölkələrdə də su tariflərinin 0.50 ABŞ dolalrından baha olmadığı ortaya çıxır.
SADALAYIM?
AXI NİYƏ QİYMƏTLƏRİ ARTIRANDA ÖLKƏMİZ ÖZ MİQYASINDA İQTİSADİYYATLARLA YOX, TRİLYONLUQ İQTİSADİYYATLARI OLAN ÖLKƏLƏRLƏ MÜQAYİSƏ EDİLİR?
Düzdür inkişaf etmiş Avropa ölkələrində əhaliyə satılan 1 kubmetr içməli suyun qiyməti ortalama 2 avroya bərabərdir. Lakin Avrozonada ən aşağı və orta aylıq əmək haqqı, pensiyaları Azərbaycanla müqayisə etmək mümkün deyil deyə, ayrı ayrılıqda rəqəmləri ifadə etməyə lüzum görmədim.
Hələ onu da qeyd etmirəm ki, dövləti ən çox borclandıran da, dövlətə ən çox borcu olan da əvvəlki Azərsu, indiki Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyidir.
Yəni su tarifləri artırılmadan da xidmət səviyyəsini yüksəltmək olar.
Razi Abasbəyli
TEREF