Ukrayna Rusiyanın 150 min müharibə cinayəti törətdiyini iddia edir
Bu gün, 09:16

Buça küçələrinə səpələnmiş meyitlər, güllələnərək edam edilən ukraynalı müharibə əsirləri, ballistik raketlə vurulan mülki qatar stansiyasında, valideynlərindən xəbərsiz Rusiya ailələri tərəfindən övladlığa götürülən ukraynalı uşaqlar.
Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalçı müharibəyə başlamasından üç ildən artıq müddət keçməsinə baxmayaraq, iddia edilən vəhşiliklər, müharibə cinayətləri və insanlığa qarşı cinayətlərin siyahısı getdikcə artır.
Bu cinayətlərin Kiyev, Haaqa və ya başqa bir məhkəmə zalına çıxarılacağına dair heç bir zəmanət yoxdur. Rusiyalı komandirlər bu ittihamları araşdırmağa maraq göstərmir; Kreml isə, əksinə, ən ağır cinayətlərdə ittiham olunan hərbi bölmələri təltif edib. Rusiyanın ciddiyə almadığı və Vaşinqtonun sərt tənqidinə məruz qalan Beynəlxalq Cinayət Məhkəməsi isə getdikcə daha çox çıxılmaz vəziyyətə düşür.
Buna baxmayaraq, ukraynalı istintaqçılar və Qərb tərəfdarları sübut toplamaq və etibarlı cinayət işləri hazırlamaq üçün səylərini davam etdirirlər: müxtəlif formalarda artıq 153 mindən çox cinayət işi açılıb.
"Bizim üçün onların ədalət qarşısında cavab verməsi sadəcə zaman məsələsidir", – Ukrayna Baş Prokurorluğunun müharibə cinayətləri üzrə istintaqçısı Yuri Belousov AzadlıqRadiosunun Ukrayna xidmətinə bildirib: "Tarixi nümunələr göstərir ki, bu, illər çəkə bilər, lakin bu işlər unudulmayacaq".
Bütün bu uşaqlar haraya yox olub?
Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən açılmış iki işdən birincisi işğal olunmuş ərazilərdən ukraynalı uşaqların Rusiyaya aparılmasına aiddir. Ukrayna hakimiyyəti bildirib ki, Rusiya bunu sistemli və yüksək səviyyədə təşkil olunmuş kampaniyaya çevirib. 2023-cü il martın 17-də Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putin və Kremlin uşaqlarla bağlı işlər üzrə ali rəsmisi Mariya Lvova-Belovanın həbsinə order verdiyini elan edib. Onlar "uşaqların qanunsuz deportasiyası və qeyri-qanuni köçürülməsi" müharibə cinayətinə görə günahlandırılıblar.
Ukrayna tərəfinin verdiyi məlumata görə, indiyədək təxminən 20 min uşaq itkin düşüb və ya Rusiyada nəzarət altına alındığı güman edilir.
Rusiya rəsmiləri öz təşəbbüslərini "humanitar" bir jest olaraq təqdim etsə də, bir çox halda Rusiya tərəfi ukraynalı uşaqların valideynlərini, digər yaxınlarını və ya hüquqi qəyyumlarını müəyyən etməyə çalışmayıblar.
Bundan əlavə, istintaqçılara görə, Rusiya hökuməti məcburi övladlığa götürmə və uşaqların himayəyə verilməsi üzrə sistematik bir proqram həyata keçirib.

2021-ci ilin noyabrı və 2022-ci ilin martına aid peyk görüntüləri Buçadakı əsas kilsəni və Rusiyanın 2022-ci ilin martında geri çəkilməsindən sonra yeni qazılmış qəbirləri göstərir.
Küçədəki meyitlər
Paytaxt Kiyevin şimalında ukraynalı müdafiəçilərin inadkar müqaviməti ilə üzləşən Rusiya qüvvələri 2022-ci il martın sonlarına doğru yenidən qruplaşmaq üçün hərbi birləşmələrini geri çəkdilər.
Rusiya qüvvələri geri çəkildikdən sonra Ukrayna rəsmiləri və jurnalistləri Buça şəhərində yüzlərlə öldürülmüş mülki şəxsi aşkar etdilər. Güllə yaralarından ölmüş mülki şəxslərin bəzilərinin əlləri bağlanmış, meyitləri isə küçələrə və ya zirzəmilərə atılmışdı. Yaxınlıqdakı İrpin şəhərində isə yerli sakinlərin cəsədlərinin basdırıldığı bir neçə yeni qazılmış qəbir tapıldı. Bu şəxslərin də güllə yaralarından öldüyü müəyyən edilmişdi.
Buça və İrpindəki görüntülər dünyanı şoka saldı, Kiyev və Moskva arasında atəşkəs danışıqlarını əngəllədi, Moskvanın sərt tənqidinə səbəb oldu və Ukraynaya dəstək üçün yeni bir hərəkatı gücləndirdi.
Xarici mütəxəssislərin sübutları müharibə cinayətlərinin olduğunu göstərirdi. ABŞ, daha sonra Buçaya göndərilən hava desant alayı komandanına qarşı viza qadağası tətbiq etdi. Ukrayna rəsmiləri isə Buçada törədilən müharibə cinayətləri ilə əlaqədar 21 rusiyalı əsgərə qarşı cinayət ittihamı irəli sürdü.
Buçadakı görüntülərin yayımlanmasından bir neçə həftə sonra Putin Buçanı və ətraf əraziləri işğal etmiş 64-cü Motorlu Piyada Briqadasından bir hərbi birliyi təltif edən fərman imzaladı.

Rusiyanın Xarkovdakı elektrik stansiyasına raket hücumu.
Yeni strategiya - mülki infrastruktur bombalanır
Rusiya ilkin uğursuzluqlardan sonra hücum planlarını yenidən tənzimlədi. Komandanlığı üzərinə götürən general Sergey Surovikin genişmiqyaslı raket və hava hücumları kampaniyası barədə göstəriş verdi. Hədəf isə yalnız Ukrayna hərbi obyektləri deyil, həm də mülki infrastruktur oldu. Surovikin sonradan vəzifəsindən azad edilsə də, bu strategiya dəyişmədi.
Hava və dənizdən atılan qanadlı raketlər, kamikadze dronları və digər silahlardan istifadə edən Rusiya qüvvələri Ukraynanın mülki infrastrukturunu bombalayıb, elektrik şəbəkəsi – enerji stansiyaları, transformatorlar, ötürmə xətləri ardıcıl olaraq hədəf alınıb. Bütün bunların məqsədi isə ukraynalıları qış aylarında donmağa məcbur etmək, əhalini ruhdan salmaq və tükətməkdir.
Keçən ilin martında Haaqa məhkəməsi Rusiya rəsmilərinə qarşı ikinci həbs orderlərini verib. General-leytenant Sergey Kobılaş və admiral Viktor Sokolov enerji stansiyaları və yarımstansiyaları hədəf alan hava kampaniyasına rəhbərlik etdiklərinə görə müharibə cinayətlərində ittiham olunub.

Oleksandr Matsiyevski
Edamlar
2022-ci ilin dekabrın sonlarında Ukraynanın Ərazi Müdafiə Qüvvələrinin 119-cu Müstəqil Briqadasının əsgəri Oleksandr Matsiyevski Rusiya hücumlarına qarşı Baxmut şəhərini müdafiə edərkən itkin düşüb.
Üç ay sonra, Rusiya "Telegram" kanallarında 12 saniyəlik bir video yayımlanıb. Videoda Matsiyevski onu lağa qoyaraq çəkən Rusiya əsgərlərinin qarşısında "Slava Ukraine" vətənpərvər şüarını səsləndirir. Rusiya əsgəri ona söyüşlə cavab verir və ardından Matsiyevski güllələnir.
Beynəlxalq hüquq müharibə əsirlərinin məhkəməsi olmadan edam edilməsini qadağan edir.
BMT-nin məlumatına görə, 2022-ci ilin fevralından bəri ən azı 71 ukraynalı müharibə əsiri Rusiya və ya Rusiya ilə əlaqəli qüvvələr tərəfindən edam edilib, ən azı 21 müharibə əsiri isə Rusiya nəzarətində həlak olub. Yüzlərlə əsir isə işgəncə və cinsi zorakılıq barədə məlumat verib.
BMT-nin monitorinq missiyası 2022 və 2023-cü illərdə 26 rusiyalı müharibə əsirinin Ukrayna qüvvələri tərəfindən edam edildiyini bildirib. Həmçinin, yüzlərlə rusiyalı müharibə əsiri də işgəncə və pis rəftar barədə məlumat verib.

Kramatorskdakı dəmiryol vağzalına raket zərbəsi nəticəsində həlak olanların cəsədləri
Dəmiryol stansiyasında qətliam
2022-ci ilin aprelində 8-də səhər saatlarında Kramatorsk şəhərindəki dəmiryol stansiyasında yüzlərlə insan gözləyərkən stansiya "Toçka-U" ballistik raketi ilə vurulub.
Partlayış nəticəsində azı 58 nəfər həlak olub, 100-dən çox insan isə yaralanıb. Bu, tammiqyaslı işğalın başlanğıcından bəri Ukrayna mülki əhalisinə qarşı edilən ən ölümcül hücumlardan biri idi.
Həm Ukrayna, həm də Rusiya qüvvələrinin arsenalında "Toçka-U" sistemləri olsa da, sübutların çoxu raketin Rusiya qoşunlarına məxsus olduğunu göstərib.
Bu, mülki obyektlərin zərər görməsi və insan tələfatının olduğu tək hadisə deyildi. 2024-cü ilin iyulunda Kiyevdəki Uşaq Xəstəxanası Rusiyanın raket hücumu nəticəsində ciddi ziyan görüb, lakin xəstəxananın məqsədli şəkildə hədəf alınıb-alınmadığı aydın deyil.
Hüquq müdafiəçiləri 2022-ci ilin fevral - may aylarında Mariupol şəhərinin Rusiya tərəfindən mühasirədə saxlanılmasını da müharibə cinayəti hesab edir. Bu liman şəhərində minlərlə mülki şəxs həlak olub və ya yaralanıb, yüz minlərlə insan isə su, kanalizasiya və elektrik olmadan həftələr boyu mühasirədə qalıb.
BMT 2022-ci ilin fevralından bəri 12 min 600-dən çox mülki şəxsin həlak olduğunu bildirib və 2023-cü ilin əvvəlindən etibarən mülki tələfatın kəskin şəkildə artdığını vurğulayıb.
Məqalə AzadlıqRadiosunun baş beynəlxalq müxbir Mayk Ekkel və AzadlıqRadiosunun Ukrayna xidmətinin multimedia jurnalisti Serqiy Stetsenko tərəfindən hazırlanıb.
pressklub