Şolts: Ukraynada diktat sülhünün qarşısını almalıyıq
Bu gün, 00:03

Brüsseldə Aİ dövlət və hökumət başçılarının fövqəladə sammiti Ukraynaya əlavə dəstək və Avropa İttifaqının müdafiə qabiliyyəti mövzusunda müzakirələrlə başlayıb. Almaniya kansleri Olaf Şolts danışıqlardan əvvəl bildirib ki, Ukraynanın diktat sülhünü qəbul etməməsini təmin etmək vacibdir. Onun sözlərinə görə, Ukrayna müstəqil və demokratik bir dövlət olaraq qalmalıdır.
Buna həmçinin sülh dövründə güclü bir Ukrayna ordusunun olması da daxildir. Şolts, Fransanın prezidenti Emmanuel Makronun Avropanın müdafiəsi üçün Fransa nüvə silah arsenallarının genişləndirilməsi təklifinə ehtiyatla yanaşdı. O, Avropanın nüvə çəkindirilməsində ABŞ-ın iştirakından imtina etməməli olduğunu vurğuladı.
Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaja Kallas dövlət və hökumət başçılarını birliyə çağırdı. Sammitdə Ukrayna prezidenti Volodimir Zelenski də iştirak etdi. O, Avropa dövlətlərinə verdikləri dəstəyə görə təşəkkür edərək, Ukraynanın tək olmadığını vurğuladı. Brüsseldə çıxışı zamanı Zelenski ölkəsinin daha güclü bir müdafiə sənayesi qurmaq üçün göstərdiyi səylərə diqqət çəkdi.
Avropa Komissiyasının 800 milyard avroluq yenidən silahlanma planı
Müzakirələrdə Avropanın birgə silahlanmasına dair Avropa Komissiyasının hazırladığı və dəyəri 800 milyard avroya çatan bir layihə də yer alır. Komissiya prezidenti Ursula von der Leyen bu məqamın bir dönüş nöqtəsi olduğunu vurğulayaraq, vəziyyətin son dərəcə təhlükəli olduğunu bildirdi.
Almaniyanın CDU partiyasından olan xarici siyasətçi Jürgen Hardt Deutschlandfunk radiosuna müsahibəsində qeyd etdi ki, Avropa İttifaqı ABŞ-a daha çox maliyyə vəsaiti ayırmağa hazır olduğunu açıq şəkildə bildirməlidir.
Bu müzakirələrin əsas səbəbi, ABŞ prezidenti Donald Trampın dövründə ABŞ-ın xarici siyasət və təhlükəsizlik strategiyasının dəyişməsidir. ABŞ son vaxtlar Ukraynaya hərbi yardımı dayandırıb və hətta müəyyən kəşfiyyat məlumatlarına Kiyevin çıxışını məhdudlaşdırıb. Buna cavab olaraq, Fransa indi Ukraynaya öz kəşfiyyat məlumatlarını təqdim edir.
Sarvan Səmədoğlu
TEREF