Azərbaycanda deputat beynəlxalq qurumlara qarşı ölçüləri müdafiə etdi
8-03-2025, 10:29

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Azərbaycanda son vaxtlar xarici media qurumlarının akkreditasiyalarının ləğvi və hökumətin BMT ofislərini ölkədən çıxarma planlarına toxunub. APA-nın xəbərinə görə, deputat bu barədə martın 7-də parlamentin iclasında çıxışında qeyd edib.
Oruc iddia edib ki, hazırda ölkədə həbsdə olan jurnalistlər peşə fəaliyyətlərinə görə yox, “kənardan qeyri-şəffaf maliyyələşmə, xarici dövlətlərin məxfi siyasi layihələrində təsir agentlərinə çevrildiklərinə görə” məsuliyyət daşıyırlar. “Məsələn, Abzas Media layihəsi əsla kütləvi informasiya vasitəsi (KİV) deyil, xəfiyyə və hibrid mübarizə platformasıdır,” o, qeyd edib.
Deputat ardınca deyib ki, hökumətin BBC, Amerikanın Səsi, Rossiya Seqodnya və digər media qurumları, habelə BMT-nin İnkişaf Proqramı (UNDP) və ya “Rus Evi” kimi “mədəni-humanitar çətir altında çalışan təşkilatlarla” bağlı verdiyi qərarlar beynəlxalq qanunlara və “milli ləyaqət prinsiplərinə” tamamilə uyğundur: “Ölkəmiz simmetrik münasibət tələb edir, əks halda, məhdudlaşdırma tədbirlərinə qərar verilir. Yəni, bizə göstərilən münasibət təkrarlanır,” o, əlavə edib.
Oruc çıxışının davamında “Human Rights Watch” və “Freedom House” beynəlxalq insan haqları təşkilatlarının adlarını çəkərək bildirib ki, onlar Azərbaycanın Qarabağı azad etməsindən bu yana bu ərazilərə məcburi köçkünlərin qayıdışı, həmçinin ərazilərdə mina problemi haqqında hesabat hazırlamayıblar. “İnsan hüquqlarının selektiv tətbiqi-özünü hüquq istismarçıları və qlobal prokurorlar kimi aparanların inhisarında olan sahəyə çevrilmişdi. Artıq hüquq monopolistlərinin hakimiyyəti iflasa uğrayır”, - o deyib.
BMT-in və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı ofislərinin bağlanma ehtimalına da toxunan deputat iddia edib ki, bu təşkilatların da 2020-ci ilin Qarabağ müharibəsi dövründə və ondan sonrakı fəaliyyəti “nizamnamə tələblərinə uyğun olmayıb və anti-Azərbaycan planlarına xidmət edib”.
Azərbaycan hökuməti bu yaxınlarda BBC-in Azərbaycandakı redaksiyasını bağlamaq qərarı verib və Amerikanın Səsi və Rossiya Seqodnyanın müxbir akkreditasiyalarını ləğv edib.
Martın 4-də APA Azərbaycan hökumətinin BMT-nin dörd təşkilatının - BMT-nin İnkişaf Proqramı (UNDP), BMT-nin Əhali Fondu (UNFPA), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı ofislərinin bağlanması təklifi ilə bu qurumlara müraciət etdiyini yazıb.
Xəbər Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun martın 3-də BMT-nin İnkişafı Əlaqələndirmə Ofisinin Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru Qui-Yeop Sonu qəbul etməsindən sonraya təsadüf edib. Məlumata əsasən, görüşdə Azərbaycanın “BMT ilə əməkdaşlıqdakı prioritetlərini yeni dövrün reallıqlarına uyğun və BMT-nin resurslarından daha səmərəli istifadə edəcək şəkildə yenidən nəzərdən keçirdiyi vurğulanıb”. “Bu xüsusda, bəzi BMT qurumları ilə bundan sonrakı tərəfdaşlığın milli prioritetlərə uyğun şəkildə layihə əsaslı əməkdaşlıq mexanizmi vasitəsilə davam etdiriləcəyi müqabil tərəfin diqqətinə çatdırılıb,” deyə qeyd olunub.
Martın 5-i isə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Oreli Laşant Azərbaycan hökumətinin BQXK-in ölkədəki nümayəndəliyini bağlamaq niyyəti olduğu haqda məlumat yayıb. Onun sözlərinə görə, hazırda BQXK Azərbaycan tərəfi ilə danışıqlar aparır. “Bu, bizim konfidensial və ikitərəfli dialoqumuzun bir hissəsidir”, - deyə o bildirib.
Eyni gündə, APA “Transparency İnternational” təşkilatının Azərbaycan bölməsi qismində çıxış edən “Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyinin fəaliyyətini dayandırdığı haqda xəbər yayıb.