Biz bu vəziyyətə “ali təhsil” deyirik. Vallah, belə ali təhsil olmaz!

Bu gün, 07:04           
Biz bu vəziyyətə “ali təhsil” deyirik. Vallah, belə ali təhsil olmaz!
Vallah, belə ali təhsil olmaz!
Biz təhsili formallığa çevirib, universitetlərimizi diplom fabriklərinə döndərmişik. Elm, tədqiqat, akademik mühit yerinə, pafoslu adlar altında boş binalar tikib adına “universitet” demişik. Ən pisi isə budur: biz bunun fərqinə varmırıq və fərqinə varmaq da istəmirik.
Müəllim müqəddəs bir peşədir, amma biz onu adi bir işçi kimi görürük. Müəllim də insandır, amma hər insan müəllim ola bilməz! Müəllimlik xüsusi təyinatlı bir vəzifədir, onun cəmiyyətdə rolu sıradan deyil, amma biz onu sıradanlaşdırmışıq. Tələbələrə gəlincə, universitet onlar üçün bir əyləncə mərkəzi deyil, elm və bilik yuvasıdır. Əyləncə lazımdır, bəli, amma elmə, akademik mühitə uyğun olmayan bir əyləncə, universitetin nüfuzunu, bilik dəyərini yerə vurur. Biz elmlə deyil, qalmaqallarla gündəmə gəlirik.
Ali təhsilimizdə aparılan tədqiqatların əksəriyyəti real problemləri əks etdirmir, universitetlərimizin reytinqlərdəki yeri bəllidir – mövcud olduqlarını sübut etmək üçün beynəlxalq siyahılara düşmək naminə süni statistika yaradırlar. Əslində isə, elmi məqalə yazmaq üçün həvəsləndirici mühit yoxdur, tədqiqat üçün ciddi fondlar ayrılmır, nəticədə, “elmi məqalə” adı altında plagiat məzmun, mənasız araşdırmalar və heç bir tətbiq dəyəri olmayan yazılar ortaya çıxır.
Universitetlərin fəaliyyəti ilə bağlı real tənqid ortaya qoyulan kimi, hər tərəfdən “xahiş” gəlir – bunu paylaşma, bunu təqdim etmə, bunu ictimailəşdirmə. Niyə? Çünki boşluqlar ifşa olunur, çünki illərlə qurulan yalançı ali təhsil sistemi çökər, çünki reallıq çox acıdır!
Biz elmi, alimləri, universitetləri önə çəkmirik. Bir ali təhsil müəssisəsinin tək işi diplom vermək deyil, o, tədqiqat aparmalıdır, ölkənin sosial-iqtisadi problemlərinə həll yolları təklif etməlidir, cəmiyyətə fayda verən bilik istehsal etməlidir. Amma bizdə belə bir sistem varmı? Universitetlər yalnız “təhsil müəssisəsi” kimi fəaliyyət göstərir, amma onun əsas missiyası – elmi araşdırmaların mərkəzi olmaq tamamilə unudulub.
Əgər universitetlərimizdə hələ də ciddi akademik tədqiqat mühiti yoxdursa, əgər hələ də elm adamları real problemləri araşdırıb cəmiyyətə təqdim edə bilmirsə, əgər universitetlər biznes strukturlarına çevrilibsə – bizdə ali təhsil yoxdur! Boş qapılardan, boş diplomlardan və boş vədlərdən ibarət bir sistem qurmuşuq.
Biz bu vəziyyətə “ali təhsil” deyirik. Vallah, belə ali təhsil olmaz!
Kamran Əsədov
TEREF












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.