Gərginlik son həddə: 245 milyardlıq hərbi büdcə nəyə ayrılır? - AKTUAL

Bu gün, 07:14           
 Gərginlik son həddə: 245 milyardlıq hərbi büdcə nəyə ayrılır? - AKTUAL
Çin hakimiyyəti bu il müdafiə büdcəsini 7,2% artıraraq 1,78 trilyon yuana (təxminən 245 milyard dollar) çatdıracağını bəyan edib. Bu barədə Reuters xəbər verir. Si Cinpin Çin Xalq Respublikasının sədri seçildiyi 2013-cü ildə ölkənin müdafiə xərcləri cəmi 720 milyard yuan təşkil edirdi.

Yeni hərbi büdcə haqqında məlumat Çin Xalq Nümayəndələri Yığıncağının 14-cü çağırışının 3-cü sessiyasında elan edilib. Çinin ali qanunverici orqanının illik iclası martın 5-də Pekində başlayıb.

2025-ci ildə Çinin müdafiə xərclərinin artımı ölkənin cari il üçün müəyyən etdiyi təxminən 5%-lik iqtisadi artım hədəfini üstələyir. Analitiklərin fikrincə, bu, Pekinin geosiyasi gərginlik fonunda hərbi modernləşməni davam etdirmək niyyətini əks etdirir.

“Si Cinpin 2035-ci ilə qədər ordunun tam modernləşdirilməsini başa çatdırmaq niyyətindədir. Bu proses çərçivəsində Çin hərbçiləri yeni raketlər, gəmilər, sualtı qayıqlar və müşahidə texnologiyaları hazırlayacaqlar”, – agentlik bildirir.

Associated Press əlavə edir ki, Çin artıq dünyanın ən böyük donanmasına sahibdir. AP Pentaqondakı mənbələrə istinadən yazır ki, əgər digər büdcələrə daxil edilən xərclər də əlavə edilsə, Çinin ümumi müdafiə xərcləri təxminən 40% daha çox ola bilər.

Çin Dövlət Şurasının Baş naziri Li Syan Pekində keçirilən qurultayda bildirib ki, Çin Tayvan məsələsinin sülh yolu ilə həllini dəstəkləməyə davam edir. Buna baxmayaraq, “Tayvanın formal müstəqilliyi” ilə bağlı təki edənlərə qarşı sərt mövqe sərgiləyəcək.

“Biz Çinin birləşməsi siyasətini qətiyyətlə davam etdirəcəyik və Çin xalqının yenidən dirçəlişi naminə Tayvandakı soydaşlarımızla birlikdə çalışacağıq”, – deyə Li Syan vurğulayıb.

Öz növbəsində, Tayvanın müdafiə naziri Vellinqton Ku “beynəlxalq vəziyyətin sürətlə dəyişdiyini və rəqiblərdən gələn təhdidlərin artdığını” əsas gətirərək, hərbi xərclərin artırılması planlarını açıqlayıb.

Bəs Çinin hərbi xərclərinin belə sürətli artımı bugünkü dəyişkən dünyada nə deməkdir? Bu, təhlükəyə cavab reaksiyası, yoxsa əksinə, aqressiv niyyətlərin nümayişidir?

Siyasi şərhçi Murad Sədəddinov bununla bağlı fikirlərini Pressklub.az-la bölüşüb.

“Bəli, bir çox media orqanları Çinin bu il müdafiə xərclərini 7,2% artırdığını yazır. Kənardan baxanda bu rəqəm bir qədər qorxulu görünə bilər. Ancaq nəzərə almaq lazımdır ki, Çinin hərbi büdcəsinin ÜDM-dəki payı cəmi 1,7%-dir. Müqayisə üçün, ABŞ-da bu rəqəm 3,4%, Rusiyada 6%, Hindistanda 2,4%, Böyük Britaniyada isə 2,3%-dir.

Yəni ümumi büdcənin miqyasına baxsaq, bu artım Çinin dövlət xərcləri arasında o qədər də böyük yer tutmur. Amma qlobal miqyasda götürsək, Çin ABŞ-dan sonra dünyada ikinci ən böyük müdafiə büdcəsinə sahibdir. Bununla belə, Çinin hərbi xərcləri ABŞ-ın hərbi büdcəsindən üç dəfə azdır. Bu da vacib amildir.

Bəs bu iri miqyaslı dəyişikliklər nədən qaynaqlanır? Şübhəsiz ki, Pekin dünyada baş verən hadisələri izləyir, beynəlxalq hüququn əsas prinsiplərinin kobud şəkildə pozulduğunu, o cümlədən Çinlə birlikdə BMT Təhlükəsizlik Şurasında yer alan və bu prinsiplərin təminatçısı olan ölkələr tərəfindən pozulduğunu görür. Yəni, güc amili siyasətdə getdikcə daha çox ön plana çıxır, diplomatiya, siyasət və beynəlxalq hüququn digər, daha sivil üsullarını üstələyir”, - ekspert bəyan edib.

O, deyir ki, buna görə də təkcə Çin deyil, bir çox digər ölkələr də hərbi ehtiyaclar üçün xərclərini artırırlar.

“Təbii ki, bu, çox pis haldır, lakin bir çox ölkələr məcburən belə addımlar atır. Onları buna dünyada mövcud vəziyyət vadar edir.

Çin üçün təhlükə kimdir? Burada birmənalı olaraq ABŞ-ı qeyd etmək olar. Və Vaşinqton bunu gizlətmir. ABŞ bütün səviyyələrdə yeni bir ifadə işlətməyə başlayıb – Çin onların “əsas düşmənidir”. Halbuki əvvəllər Çini heç olmasa “əsas rəqib” adlandırırdılar. Aydındır ki, belə bəyanatlar Çin hökumətini öz müdafiə doktrinasına yenidən baxmağa və onu gücləndirməyə məcbur edir. Məncə, əsas faktor da məhz budur.

Bundan başqa, Çin özü də xarici siyasətdə heç də həmişə yalnız dinc yanaşma nümayiş etdirmir. Biz tez-tez Çin Xalq Respublikasının Tayvanla bağlı iddialarını eşidirik və s. Yəni Çin də öz xarici siyasət ambisiyalarını həyata keçirmək üçün addımlar atır. Bu isə o deməkdir ki, Çinin hərbi qüdrətini artırmaq istəyi Tayvan məsələsini həll etmək, materik və ada daxil olmaqla Çini tam şəkildə birləşdirmək istəyindən qaynaqlanır. Eyni zamanda, ABŞ-ın genişlənmə siyasətinə qarşı dayanmaq məqsədini daşıyır.

Ümid edək ki, bütün bunlar sonda müharibəyə gətirib çıxarmayacaq. Amma şübhəsiz ki, bu proseslər bir-biri ilə sıx bağlıdır”, – deyə Sədəddinov fikirlərini tamamlayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.