Ələsgər Məmmədlinin həbsxanadan müraciət..

Bu gün, 15:24           
Ələsgər Məmmədlinin həbsxanadan müraciət..
Ələsgər Məmmədlinin ölkə ictimaiyyətinə, vicdanlı insanlara, media nümayəndələrinə, vətəndaş cəmiyyəti təmsilçilərinə, siyasi partiyalara, öz vəzifə məsuliyyətini anlayan dövlət və hökumət nümayəndələrinə, habelə beynəlxalq qurumlara müraciəti!
“Toplum TV işi” üzrə mənə qarşı irəli sürülən əsassız və saxta ittihamlarla 1 ildir qanunsuz olaraq həbsdəyəm. Bu “iş” üzrə 9 mart 2024-cü ildə mənə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb. İstintaqa cəlb edilməyimin qanunsuz olmasına etiraz əlaməti olaraq 11 ay davam edən istintaq prosesində ifadə verməmişəm. İstintaq prosesinin qanunsuz olması, heç bir dəlil-sübuta söykənməməsi “işə” xitam verilməsini vacib etdiyi halda 17 yanvar 2025-ci ildə mənə və digər təqsirləndirilən şəxslərə qarşı ittihamlar ağırlaşdırılıb. CM-nin 162-1.1, 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1 maddələri ilə yeni ittihamlar irəli sürülüb.
Artıq istintaq yekunlaşıb və rəsmi ittihalmarla tanış olmuşuq. Hər bir qovluqda təqribən 300 vərəq olmaqla "Cinayət işi" 23 ciliddən ibarətdir. Bəzi vərəqlərin hər iki tərəfində qeydlər və ifadələr yer aldığına görə 10 min səhifədən çox istintaq materialları ilə taniş olmuşam. Elan edilmiş bu saxta ittihamlara ayrılıqda qısaca münasibət bildirmək istəyirəm.
Birincisi, CM-nin 162-1.1 (Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə irəli sürülən ittihamdır. Bu “ittiham” tamamilə uydurma və böhtandır. Toplum TV-də jurnalist kimi təcrübə toplayan, yutub kanalında verilişlər aparan və digər funksiyaları icra edən heç kəs deyə bilməz ki, mən onları hansısa işə cəlb etmişəm. Nəinki işə cəlb etməklə bağlı hərəkətim, bu mövzuda heç kəslə söhbətim belə olmayıb. Heç kim bunu iddia və sübut edə bilməz. Çünki belə hal mövcud deyil.
İkincisi, CM-nin 192.3.2 (xüsusilə küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq) və 193-1.3.2 (...xeyli miqdarda törədildikdə) maddəsi ilə irəli sürülən ittiham da növbəti bötandır. Bu ittihamı sübut edəcək heç bir dəlil-sübut yoxdur. 40 illik iş stajımın 18 ilini fərdi sahibkar kimi rəsmi qeydiyyatdayam. 2007-ci ildən qanunun bütün müddəalarına istisnasız olaraq əməl edən fərdi sahibkaram. Bu eyniləşdirici (VÖEN 3200121712) qeydiyyat nömrəsi ilə hər rübdə və ildə mütəmadi olaraq vergilərimi ödəmiş və sistemli şəkildə vergi bəyannamələrimi təqdim etmişəm. Vergi orqanlarına heç bir borcum olmadığı kimi hətta artıq ödənişim mövcuddur. Həbs edilmədən öncəki 2023-cü ildə dövlətə 3 min manatdan çox vergi ödəmişəm. Qanunsuz sahibkarlıqla məşğul olduğumu iddia etmək cəfəngiyyatdır.
İstintaqın bir digər saxta iddiası budur ki, guya mən “cinayət yolu ilə əldə edilmiş vəsaiti leqallaşdırmışam və qanunsuz əldə ettiyim vəsaitlə” 2020-ci ildə dəyəri 33 min manat olan avtomobil və 4 notbuk almışam. Bu iddia da tamamilə saxtadır, heç bir faktiki və qanuni sübuta söykənmir. Belə ki, 2007-ci ildən bəri fərdi sahibkar kimi, ondan öncə isə 2001-2015-ci illərdə fərdi əmək müqavilələri ilə işləmişəm və yüz min manatlarla qazancım olub. (Bütün bu yazdıqlarımı təsdiqləyən rəsmi sənədlər mövcuddur).
Mən 33 min manat dəyərində avtomobilimi, habelə tələbə kimi hazırda təhsil alan iki övladıma, müəllim kimi fəaliyyət göstərən həyat yoldaşıma və özümə onlayn formada “Amazon” üzərindən sifarişlə aldığım notbuklar tamamilə qanuni gəlirlərimlə alınıb. Həmin illərin və öncəki illərin vergi bəyannamələri də sübut edir ki, mənim bu əmlak üçün ödədiyim vəsait qanuni vergisini ödədiyim halal qazancımın yalnız az bir hissəsini təşkil edir. Bu vəsaitlər qanuni halal gəlirlərimlə əldə edilib “cinayət yolu ilə” əldə edildiyinin iddiası belə çox çirkindir, böhtandır və insan ləyaqətini aşağılayıcıdır. Mən bu iddiaları 30 ildən çox hüququn üstünlüyünə inanaraq insan hüquqlarını tədris edən, təbliğ edən biri olaraq özümə təhqir hesab edirəm.
Üçüncüsü, 213.2.1 (vergiləri ödəməkdən yayınma - mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə irəli sürülən ittiham da tamamilə uydurma və böhtandır. Azərbaycanda ən nümunəvi vergi ödəyicisi nominasiyası üzrə çempionat keçirilsəydi şübhəsiz ki, ilk yer mənim olardı. Absurdun miqyasına baxın ki, ən nümunəvi vergi ödəyicisini vergidən yayınmaq ittihamı ilə şərləyirlər. Vergi orqanlarından alınmış rəsmi sənədlərlə təsdiq olunur ki, qanunvericiliyin tələblərinə uyğun olaraq 18 ildir fasiləsiz vergilərimi və digər maliyyə öhdəliklərimi yerinə yetirmiş, vaxtında bütün dövrlər üzrə vergi bəyannamələrimi müvafiq vergi orqanlarına təqdim etmişəm. Əldə etdiyim elə bir maliyyə vəsaiti yoxdur ki, onun vergisini ödəmədiyimi təsdiq edən sənəd olsun.
Dördüncüsü, CM-nin 206.3.2 (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq) ittihamı da tamamilə böhtan və yalandır. Qaçaqmalçılıq yolu ilə ölkəyə pul gətirməyimi sübut edəcək heç bir dəlil yoxdur və ola bilməz.
Bu böhtanı inandırıcı etmək və saxta sübut yaratmaq üçün 8 mart 2024-cü ildə yaşadığım mənzildə əməliyyatçılar “axtarış” apardı. Özləri ilə gətirdikləri 7300 avronun mənə məxsus olduğu görüntüsünü yaradaraq, vəkilimin, qonşuların, şahidlərin içəri girmələrinə icazə vermədən saxta əməliyyat şousu yaradaraq saxta protokol yazdılar. Mən həmin protokollara da bunun saxta iddia olduğunu, həmin vəsaitin mənə məxsus olmadığını, əməliyyatçıların özləri ilə gətirdiyini yazmışam.
Bir daha qeyd edirəm ki, mən istər təkbaşına, istərsə də heç kimlə birlikdə qaçaqmalçılıqla məşğul olmamışam. Bu iddialar çirkin böhtandır. Mənim gəlirlərim tamamilə şəffafdır. “AccessBank” QSC-də ki rəsmi hesabım həm Azərbaycan manatı, həm ABŞ dolları həm də Avro hesablarımdır. Mənə daxil olan və vergisini ödədiyim vəsaitlərdən 40 mindən çoxunu bankdan manat olaraq deyil, valyuta olaraq çıxarmışam. Əlbəttə bu valyuta mənə xaircdə təhsil alan övladımın ödənişli təhsil xərclərinin ödənilməsi məqsədi ilə valyutada lazım olurdu. Bu məqsədlə mən bəzən bunların bir hissəsini mübadilə etmişəm. AccesBankdan alınan rəsmi çıxarışlardan da aydın görünür ki, mənim gəlirim qanuni gəlirlərdir və “qaçaqmal yolu ilə” əldə olunması iddiası açıq böhtandır.
İstintaq iddia edir ki, guya mən “ToplumTv” rəhbəri kimi özümü təqdim edib “ayrı-ayrı” qrant layihələri üzrə xarici donor təşkilatlarından qeydiyyata alınmamış müqavilələr əsasında küllü miqdarda pul vəsaitlərini qanunsuz əldə edib leqallaşdırmışam. Bu iddialar tamamilə xəyal məhsuludur, heç bir faktiki əsası yoxdur, uydurma və böhtandır. Mən nəinki 2019-cu ildən, ondan öncə də heç bir vaxt qrant almamışam. Heç kimlə, o cümlədən xarici donorlarla qrant müqaviləsi bağlamamışam və belə bir sənədə imza atmamışam. Cinayət hüququnun ən önəmli prinsiplərindən biri iddia edənlərin iddialarını sübut edən dəlillər ortaya qoymalarıdır. Belə bir “qrant müqaviləsi”- sübutu yoxdur və ola da bilməz. İstintaqın vəzifəsi sübutlar toplayarkən, tədqiqat apararkən əldə olunan dəlilləri doğru ortaya qoymaq və öz təxəyyüllərindən deyil, sübutlardan, sənədlərdən iddia irəli sürməkdir.
Çox təəssüf ki, istintaq zamanı mənə və fəaliyyətimə açıq qərəzlilik, hətta nifrətlə yanaşılmış, heç bir hüquqi və faktiki əsas olmadan mənim qanuni çərçivədə sahibkarlıq fəaliyyətim zamanı bağladığım müqavilələrdən yalnız ikisini kontekstdən çıxararaq guya qrant müqaviləsi kimi təqdim ediblər. Bunlar “Regional Əməkdaşlıq üçün Qara Dəniz Təşkilatının” mənimlə 12 mart 2020-ci ildə və 24 may 2021-ci ildə bağladığım xidmət müqavilələrimdir. Həmin müqavilələrə baxdıqda aydın şəkildə görünür ki, bu, hər biri illik dövrü əhatə edən xidmət müqaviləsidir. Mən belə xidmət müqavilələrini 2019-cu ildən öncə də sonra da müxtəlif qurumlarla bağlamışam və icra etmişəm. Bu qurumlara Milli Televiziya və Radio Şurası kimi dövlət qurumu, ADA Universiteti kimi mötəbər təhsil qurumu, beynəlxalq təşkilatlardan Almaniya Texniki Əməkdaşlıq Təşkilatı, səfirliklər, BMT-nin UNDP təşkilatı da daxildir. Bunların hər biri xidmət müqavilələri olub və icra edildikdən sonra aldığım vəsaitlər qüvvədə olan qanunvericiliyin tələbinə uyğun olaraq vergi məcəlləsində müəyyən edildiyi üzrə sənədləşdirilmiş vergi və daha sonra mənfəət vergisinə tabe tutulmuşdur. Vergi bəyannamələrində bunun hər birinin dəqiq sübutu var. İddiada qeyd edilən təşkilatdan alınan vəsait də bu çərçivədə vergiyə cəlb olunmuş, zəruri vergi və sosial ödənişlər tərəfimdən ödənmişdir. Bu xidmət müqaviləsini mülki hüquqa uyğun olaraq bağlamışam. Onlar da bunu təsdiq edir ki, bu, qrant yox xidmət müqaviləsi olub. İstintaq orqanları faktları saxtalaşdıraraq bunun xidmət müqaviləsi olmadığını iddia etməklə mənə qarşı açıq qərəz və hüquqa qarşı hörmətsizlik etməkdədir. Mən bu iddianı da qəti şəkildə rədd edirəm.
Mənim müxtəlif vaxtlarda xarici ölkələrdə səfərlərdə olmağımın “qaçaqmalçılıqla” əlaqələndirilməsi də növbəti rüsvayçı yanaşmadır. İstintaqın uydurmasının əksinə olaraq, mənim xarici səfərlərimin səbəbi beynəlxalq səviyyədə tanınan media hüququ eksperti olmağımla bağlıdır. Eyni zamanda mən informasiya hüququ üzrə beynəlxalq ekspertlər qrupunun üzvü, habelə insan hüquqları üzrə ekspert kimi müxtəlif tədbirlərdə iştirak və çıxış etmiş, müzakirələr aparmışam. Belə səfərlərim BMT-nin Cenevrə ofisində, ATƏT-in Vyanadakı media ofisində, Avropa Şurasında, Avropa İttifaqının Brüssel ofisində, Avropa Komissiyasında, Avropa İnsan hüquqları Məhkəməsində konkret tədbirlər üçün olub. Bunların çoxsaylı şəkilləri, xəbərləri mətbuatda müntəzəm işıqlandırılıb. Ayrıca belə səfərlərdə mənimlə birlikdə iştirak edən rəsmi şəsxlər də bunu təsdiq edə bilər. Bu səfərlərdə mənimlə birlikdə olanlar arasında Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri, Azərbaycan Respublikası Prezident Administrasiyasının əməkdaşları və hətta Prezidentin köməkçilərindən, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin əməkdaşlarından, Audivizual Şura üzvlərindən, Prezident yanında QHT Agentliyindən, Mətbuat Şurasından, Vəkillər Kollegiyasından, Ombudsman aparatından çoxsaylı insan təsdiq edə bilər.
Odur ki, bu səfərləri “cinayət kimi” təqdim etmək və “qaçaqmalçılıq üçün səfərlər” kimi ittiham etmək gülüncdür, böhtandır və hətta təhqirdir. Mən heç vaxt gömrük sərhəddindən kənar, gömrük nəzarətindən kənar və gizli heç bir əmlak gətirməmişəm və keçirməmişəm. Hər səfərimdə üzərimdə olan miqdarı şifahi bəyan etmiş, göstərmiş və gömrüyün nəzarətində keçirmişəm. Online formada xaricdən “Amazon” üzərindən aldığım notbukları və digər əşyaları “Camex.az” karqo vasitəsi ilə gətirmişəm. Rəsmi bəyan etmiş və nəzərdə tutulan məbləğin aşması zamanı gömrük vergisi bəyan edib, ödəmişəm. Əgər azacıq obyektiv istintaq aparılsaydı bu yazdıqlarımı Camex.az vasitəsi ilə dəqiqləşdirə bilərdilər. Amma anlaşılan istintaqın məqsədi gerçəkləri ortaya çıxarmaq, hüququ tətbiq etmək yox, vətəndaşa böhtan atmaq, onu şərləmək olub. Bir hüquqşünas olaraq ölkə qanunlarını çox yaxşı bilən və əməl edən şəxs kimi belə hallara görə dərin təəssüf edirəm.
Ayrıca xatırladım ki, 40 illik əmək fəaliyyətimin 15 ilini xarici qurumlarda işləmişəm. Xüsusilə də 10 il (2004-2014) ABŞ-ın İREX təşkilatında hüquqşünas işləyərkən aldığım aylıq əməkhaqqım 2660 dollar idi. Yəni, bu günkü kursla ayda 4522 manat əməkhaqqım olub. 10 ildə 319.200 dollar yaxud da 542.640 manat sadəcə vergilərini və DSMF-yə ödənişləri etdiyim rəsmi maaşım olub. Eyni zamanda paralel olaraq ölkə qanunvericiliyinin verdiyi hüquqla fərdi sahibkar kimi 2007-ci ilin iyul ayından vergi qeydiyyatındayam. 40 saat əmək müqaviləsi ilə, digər vaxtlar isə fərdi qaydada çalışaraq fəaliyyətimi sürdürmüşəm. Əldə etdiyim bütün gəlirlər qaununi olub və vergilərini ödəmişəm.
Yeri gəlmişkən, fərdi əmək müqaviləsi üzrə bu ölkənin dövlət büdcəsinə 2006-cı ildən bəri əməkhaqqımdan tutulan 3%-lik sosial sığorta həcmi 8794 dollar 27 sent (bu günkü kursla 14 min 950 manat 27 qəpik) olub. 40 illik əmək fəaliyyətimin e-gov sisteminə inteqrasiya edilən 2006-cı ildən bəri 19 illik dönəmində sadəcə əmək haqqımdan vergi ödənişlər 46.294 dollar 67 sent (bu günkü kursla 78 min 700 manat 95 qəpik) olub.
Sadəcə son 19 ildə mənim istər fərdi əmək müqaviləsi, istərsə də fiziki şəxs kimi gəlirlərimdən dövlət büdcəsinə ödədiyim vergilərim üzrə ümumi gəlirim bu günün manat dəyəri ilə 1 milyon manatdan çox olub. Amma bu günədək 57 illik həyatımda dövlət büdcəsindən bir manat belə almamışam. Dövlət büdcəsinə və əmlakına bir qəpik zərərim dəyməyib.
40 il əmək stajım və 2001-ci ildən əmək müqaviləsi ilə çalışsam da 49 yaşıma kimi kirayələrdə yaşamışam. Həyat yoldaşımla özümün ümumi iş stajımız 62 ildir. Bu qədər intensiv əmək fəaliyyətimizlə yalnız bir ev və üzərinə həbs qoyulmuş 11 yaşında bir maşınımızdan başqa heç bir əmlakımız yoxdur. Beynəlxalq təşkilatlarda çalışdığım illərdə aldığım maaş nazirlərin, deputatların, icra hakimiyyəti başçılarının maaşından xeyli yüksək olduğu halda yalnız bir ev və bir avtomobil ala bilmişik. Mənim dövlət büdcəsinə ödədiyimin onda birini ödəməyənlərin milyonlarla ölçülən mülkləri var və utanmadan məni qanunsuz əməldə ittiham edirlər. İndi məni ittiham edənlər, həbsimizi sifariş verənlər özlərinin son 19 ildə ödədikləri vergiləri və malik olduqları əmlakı ictimaiyyətə açıqlaya bilərlərmi? Əlbətdə ki açıqlamayacaqlar.
Son olaraq, səhətimdə mövcud olan ciddi problemlərlə bağlı mütləq cərrahi əməliyyata və müalicəyə zərurət var. Amma həbsxana şəraitində cərrahi əməliyyat mümkün deyil. Odur ki, istintaqın tam yekunlaşmasını nəzərə alaraq, prosesin məhkəmə müstəvisində baxışına qədər “ev dustaqlığına” buraxılmağımla bağlı yaxın günlərdə yenidən vəsatət verəcəm. Məhkəmə baxışına qədər cərrahi əməliyyatımın aparılması və reabilitasiya müddətini ev şəraitində keçirməklə səhətimdəki problemlərin kəskinləşməsini qismən zəiflətmək niyyətindəyəm. Ümid edirəm, əsassız olaraq 1 il həbsdə saxlanmağım kimlərinsə mənə qarşı olan hikkəsini müəyyən qədər azaldıb və məruz qaldığım hüquq terror gec də olsa dayandırılacaq.
Media hüquqları üzrə ekspert, Ələsgər Məmmədli.
09 mart 2025-ci il.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.