"Tilov"umuza "iri balıq" düşüb: Heç bir piar-aksiya Vardanyanı xilas edə bilməz - HƏQİQƏTƏN DƏ...

Bu gün, 08:36           
"Tilov"umuza "iri balıq" düşüb: Heç bir piar-aksiya Vardanyanı xilas edə bilməz - HƏQİQƏTƏN DƏ...
Bakıda hərbi cinayətlərdə ittiham edilən və məhkəmə prosesi keçirilən Ruben Vardanyanın ailəsinə göndərdiyi səs yazısı ictimailəşib. Vardanyan bu səs yazısının yayılmasını özü istəyib və tam 11 dəqiqəlik bir müraciət edib.
Bu səs yazısı, geniş müraciət Bakıda mühakimə olunan Ruben Vardanyanın bütün hüquqlarından maksimum istifadə etdiyini ortaya qoyur. O, vaxtaşırı olaraq ailəsi ilə təmasdadır və onun bu böyük müraciəti təsdiqləyir ki, ailəsi ilə danışıqlarına və erməni cəmiyyətinə müraciətinə də hər hansı məhdudiyyət qoyulmayıb.
Digər tərəfdən, Ruben Vardanyan bu səs yazısı ilə erməni mediasında və erməni diasporunun təsiri ilə bəzi beynəlxalq media orqanlarında yayılan iddiaları alt-üst edir. Belə ki, bir müddət öncə Vardanyanın saxlanılandan öncəki və sonrakı şəkillərini yayan bəzi tərəfdarları onun səhhətində ciddi problem olması barədə yalançı hay-küy yaratmışdılar.
Ruben Vardanyan bu müraciətinin başlanğıcındaca deyir ki, dəstəyə görə hamınıza təşəkkür edirəm, bu dəstəyiniz mənə güc verir: “Mən yaxşı formadayam, tam sağlamam və səhhətimlə bağlı hər şey normaldır”.
Ailəsindən “onlara verdiyi əziyyətə görə” üzr istəyən Vardanyan qeyd edir ki, bu yolu özü seçib: “Mən nəyə getdiyimi (nə etdiyimi) bilirdim və daha ağır şərtlərə hazır idim və hazıram. Mən qurban deyiləm, mənə görə acımaq lazım deyil. Çünki bu mənim şüurlu seçimim olub”.
Bu, əslində, Vardanyanın açıq etirafıdır: o, nə etdiyini bildiyini və bunun nəticələrinə əvvəlcədən hazır olduğunu təsdiqləyir.
Ötən ilin aprelində 20 günlük aclıq elan etməsi məsələsinə də toxunur: yalnız bir istəyi var ki, məhkəməyə xarici jurnalistlər və müşahidəçilər buraxılsın və onun işi digər mühakimə olunanlarla birləşdirilsin.
R.Vardanyanın milyardlıq sərvəti var, təsadüfi deyil ki, Bakıda mühakimə olunan Ermənistan vətəndaşları arasında yalnız və yalnız o, daha çox “yada salınır”, istər erməni mediasında, istər xarici mətbuat orqanlarında və bəzi deputatların dili ilə. Eyni zamanda, Ruben Vardanyan özünə xaricdən ən məşhur vəkili bir neçə milyon dollar müqabilində tutmağı bacarıb. Vardanyan ətrafında bu təbliğat kampaniyasının arxasında onun külli miqdarda sərvətinin dayandığı şübhəsizdir. O, məhz buna görə “xarici media qurumları və müşahidəçilərin” Bakıdakı məhkəməyə gəlməsini istəyir.
Yoxsa ki hansı meyarlara görə hansısa beynəlxalq media qurumu öz əməkdaşını Bakıya göndərib, aylarla burada qalmasını təmin etməlidir? Bu məlumatlar onlara hansı dividendlər gətirir? Və yaxud “müşahidəçilər”...
Bəllidir ki, belə bir izn olarsa, gələnlər hamısı Vardanyanın milyonları hesabına təmin ediləcək və onların hədəfi də burada reallığı və məhkəmə prosesini, həqiqəti işıqlandırmaq yox, məhkəməni şouya çevirmək və bundan öz məqsədləri üçün istifadə etmək olacaq.
Maraqlıdır, Avropada "Putinin pul kisəsi" olaraq xatırlanan adamı, "çirkli pul yuyucusunu" beynəlxalq media niyə müdafiə etməlidir?

Siyasi şərhçi Bəybala Mirzəyev “Sherg.az"a açıqlamasında deyib ki, həm Ruben Vardanyan, həm də digər separatçı məhbuslar Bakı həbsxanasında pis rəftara məruz qalmadıqlarını və normal şəraitdə saxlandıqlarını bildiriblər:

“Yeri gəlmişkən, Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri də dəfələrlə onları ziyarət edib, saxlanma şəraitlərinin normal olduğunun şahidi olublar. Ona görə də Paşinyanın, Zatulinin və Qərbin ermənipərəst "hüquq müdafiəçiləri"nin bu separatçıların saxlanma şəraitləri və onlara qarşı pis rəftarla bağlı iftiraları sadəcə feykdir.
Bəlkə də biz Ruben Vardanyanın şəxsində nə boyda mühüm əhəmiyyətli personanı ələ keçirməyimizin elə də fərqində deyilik, ancaq Nikol Paşinyandan tutmuş Andranik Koçaryana qədər indi əksər ermənilər onun ələ keçməsinə və Bakı məhkəməsində mühakimə olunmasına görə gerçəkdən də dərin narahatlıq hissi keçirirlər. Erməni tərəfi "tilov"umuza düşən "iri balığ"ın məhkəmə qarşısına çıxarılmasının Ermənistan üçün nə qədər təhlükəli olduğunu artıq anlamağa başlayıb. Vardanyanın həbsdən qurtulması üçün Ermənistanın və onun xaricdəki dəstəkçilərinin isterika qaldırması da məhz bundan qaynaqlanır.
Lakin artıq gecdir. Heç bir piar-aksiya və kampaniyalar Vardanyanı xilas edə bilməz. Düzdür, Vardanyan özünü çoxbilmiş zənn edib hələ ki, susur. Məhkəmədə ifadə verməməyə çalışır. Lakin əvvəl-axır danışacaq. Danışmalı olacaq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.