"Əsir götürməyin": Ukraynalı əsgəri edam edən rusiyalı əsgər məhkəmə qarşısında VİDEO
Dünən, 10:38

Mənbə: Azadlıq Radiosu
2024-cü il yanvarın 6-da Rusiya əsgərləri Ukraynanın şərqi Zaporojye vilayətində Smeloye kəndindən çıxaraq ukraynalı əsgərlərin mövqeyinə hücum edib. Həmin mövqedə "Pinqvin" kod adıyla tanınan Vitali Qodnyuk və digər əsgərlər qərarlaşmışdı. Rusiyalılar ağır döyüş nəticəsində həmin mövqeni qısa müddətə ələ keçirir, daha sonra Ukraynanın əks hücumu ilə oradan çıxarılır.
Həmin döyüşdə öldürülənlərdən biri Qodnyuk idi.
"Onların yanında silah yox idi, qeyri-təbii vəziyyətdə uzadılmışdılar. Məsələn, döyüşdə öldürülən digərlərinin yanında pulemyotlar, silahın sandığı, digər avadanlıqlar vardı", – bunu Ukraynanın hücum qrupunda döyüşmüş kiçik serjant Oleksandr Denijenko deyir. Qodnyuk və onunla birgə öldürülən daha bir əsgər onun dostları idilər.
Rusiya üç ildən çoxdur Ukraynaya qarşı tammiqyaslı işğala başlayıb. Hazırda Ukraynada Qodnyukun necə öldürülməsi ilə bağlı məhkəmə prosesi gedir.
Ukraynalı prokurorlar işğal başlayandan rusiyalı əsgərlərin ukraynalı hərbi əsirləri edam etməkdə suçlandığı 212 halı müəyyənləşdiriblər. Amma indiyədək şübhəlilərin heç biri şəxsən mühakimə olunmayıb.
Ötən ilin şaxtalı yanvar səhərində Denijenkonun batalyonuna əsir düşən rusiyalı əsgər Dmitri Kuraşov hazırda Zaporojyedə mühakimə olunur. O, Qodnyuku təslim olarkən öldürməkdə suçlanır. Bu, Cenevrə Konvensiyasının pozulmasıdır.
26 yaşlı Kuraşov rusiyalı məhbuslardan təşkil olunmuş "Tufan-V" bölməsində xidmət keçib. Bu məhbuslar azadlığa çıxmaq üçün Kremlin Ukraynada apardığı təcavüzkar müharibəyə qoşulurlar. Kuraşov əvvəlcə ittihamları rədd edib, sonra etiraf edib. Amma onu da deyir ki, məhbus mübadiləsinə salınmaq ümidiylə məhkəməsini sürətləndirmək istəyib.

Ukrayna əsgəri Vitali Qodnyuk
"Bunu mən etməmişəm. Bunu edən başqa biri idi, indi daha orada deyil. Ona görə etiraf edirəm ki, bu iş bitsin. Onlar məni məhkum edəcəklər, həbs cəzası kəsəcəklər, həbsə göndərəcəklər. Orada sakitcə ya müharibənin bitməsini, ya da məhbus mübadiləsini gözləyəcəyəm", – Kuraşov məhkəmədə ifadəsində deyib.
Onun sözlərinə görə, Qodnyuk pulemyotdan açılan atəşlə öldürülüb, birinci atəş onun ağciyərlərini hədəf alıb, ikincisi zirehlini geyimini dəlib keçib.
"Mən vursaydım, başı soldan tamam dağılardı. Mən başdan atəş açıram, bədəndən yox", – o söyləyir.
Kuraşovun Qodnyuku öldürdüyünü dediyi əsgər isə edam vaxtı Rusiya bölməsində xidmətdə olmayıb, - bunu Ukrayna prokurorları deyirlər.
"Əsir götürməyin"
Ukraynada prokurorların dediyinə görə, rusiyalı əsgərlər daha çox ukraynalını öldürüblər, amma onlar daha az halı sənədləşdirə biliblər, çünki cinayət səhnələrinə çıxış çox məhduddur.
Kuraçovun məhkəməsində onun üç əsgər dostu ona qarşı ifadə verir. Onlar da döyüşdə Ukraynaya təslim olublar.
Əsgərlərdən biri ifadəsində deyib ki, Kuraşovun ukraynalı əsgərə əllərini yuxarı qaldırması üçün qışqırdığını görüb. Ukraynalı əsgər belə edib, əyilib və pulemyotunu kənara atıb. Bundan sonra yenə atışma baş verib, - o deyir.
Videoəlaqə ilə ifadə verən əsgər əllərini yuxarı qaldıran ukraynalı əsgərin üzüstə yerə yıxıldığını gördüyünü deyir. O, məhz Kuraşovun onu vurduğunu söyləyir, çünki "mən yalnız onu görürdüm, başqasını yox. Başqa heç kəsi".
Qodnyukun qətli ilə bağlı versiyalar digər şahidlərin dedikləri ilə tutuşdurulub. Şahidlər həm məhkəmədə danışıblar, həm də "Crimea.Realities" onlarla söhbətləşib.
Kuraşovun əsgər dostlarından birinin dediyinə görə, rəhbərlərdən biri onlara "əsir götürməyin" tapşırığı verib.
Yuxarıdan gələn əmrlər
Rusiya isə dəlillərin çoxalmasına baxmayaraq, ordusunun Ukraynada vəhşiliklər törətmədiyini deyir.
Ukrayna Baş Prokurorluğunun hərbi cinayətlər departamentinin rəis müavini Taras Semkiv "Crimea.Realities"ə danışıb. Onun sözlərinə görə, rəsmi orqanlar "əsaslı şəkildə" inanırlar ki, rusiyalı komandirlər cəbhədə ukraynalı əsgərləri əsir götürməkdənsə, onları edam etmək əmri veriblər.
Ukraynalı təhqiqatçılar Rusiya əsgərlərinin törətdiyi on minlərlə potensial hərbi cinayətlə bağlı dəlil topladıqlarını deyirlər. Buraya 2022-ci ilin martında Buçada dinc sakinlərin iddia olunan edamları da daxildir.
"Belə əmr verənlərin kimliyini müəyyənləşdirməyə çalışırıq", – deyən Semkiv əlavə edib ki, "söhbət təkcə ayrı-ayrı hallardan, yaxud əsgərlərin həddini aşmasından getmir".
Semkiv rəqəmlərin artdığını söyləyir.
Onun sözlərinə görə, şöbəsi 2023-cü ildə ukraynalı əsgərlərin edamıyla bağlı 11 halı sənədləşdirib. Sonrakı il bu say 133 olub.
BMT-nin Ukraynada İnsan Haqlarını Monitorinq Missiyası ötən ay Rusiya ordusunun Ukrayna əsgərlərinin edamları ilə bağlı xəbərlərin kəskin artımından narahatlıq bildirib.
"2024-cü il avqustun sonundan bəri missiya 24 ayrı insidentlə bağlı 79 edam barədə məlumat verib", – bəyanatda deyilir.
Kuraşov bu arada məhkəmədə hökmün çıxarılmasını gözləyir. Təqsirli bilinərsə, ona ömürlük cəza kəsilə bilər.
Qodnyukun dəfni 2024-cü ilin mayında baş tutub, qətlindən sonra. Onun cəsədi aktiv döyüşlər gedən zonada qalmışdı.
Onun öldürüldüyü yer hazırda Rusiyanın işğalı altındadır.
Bu məqaləni "Crimea.Realities"in materialları əsasında AzadlıqRadiosunun əməkdaşı Karl Şrek yazıb.