Qazilərə “Özünüzü adam kimi aparın" deyən şair Eminqueyə Əntiqə Rəşiddən cavab

Dünən, 16:37           
Qazilərə “Özünüzü adam kimi aparın" deyən şair Eminqueyə Əntiqə Rəşiddən cavab
Oturub dinməz-dinməz işimlə məşğul olurdum ki, qəflətən qarşıma keçmiş əməkdaşımız, hazırda Kulis.azda fəaliyyət göstərən Eminquey Akifin adıgedən saytda bir məqaləsi çıxdı. Mənə deyən gərək ay Əntiqə, qələminə bələd olduğun Eminqueyin məqaləsini oxumaq sənə lazım idi?
Oxudum və həddindən çox əsəbləşdim... Əvvəlcə bilmədim bu müəllifi dünəninə xor baxan gənclik adlandırım, yoxsa, burnuna barıt qoxusu dəyməyən kişimi deyim, müharibə vaxtı nəinki döyüşdə olmayıb, heç müxbir kimi o ərazilərə tərəf "fırlanmayan" yazar deyim, tamamlanmamış insan tipimi deyim? Nə deyim, bilmədim!

15 ildir bir qazinin qulluqçusu olduğum üçün müəllifə cavab verməsəm, düz olmaz!İnanıram ki, 10 minlərlə qazimizin yaxınları da mən çəkənləri çəkir. Havalar soyuyandan ta yay girənəcən ufultu"su ürək yaxır. Vaxtında müalicə almayanda "dəli"yə dönür, dünyası gözündə sönür. Hər gün Allahdan özünə ölüm arzulayır. Utanır həm də ona cani-dildən qulluq etdiyimə görə! Bədəninin hər bölgəsində gizlənmiş 23-dən çox qəlpənin verdiyi ağrı , ürəyinin 3 millisindəki çarpanaqlı qəlpənin acısı, qazimi müharibədən illər keçsə də tərk etməyib. O qədər olub ki, səhər yuxudan oyananda diqqətlə "dinşəyirəm ki, görüm axşamkı ağrıdan sonra sağdırmı? Ölməyib ki? Sağ olduğunu görəndə sevindiyimdən ağlamaq məni tutur. Şükür etməyə başlayıram ki bu gün də sağdı, yaşayır! Belə təsəvvür edin: 15 ildir qazimlə birgə eyni ağrıları çəkirəm, eyni acıları çəkirəm, hər gün onu itirmək qorxusu məni didib- parçalayır. Atası-qardaşı olmayan biri üçün böyük itki olar deyib Allaha sarılıram, yalvarıram, ağlayıram ki, ona bir şey olmasın! Nə isə.. Qazilərin çəkdiyi acılara şahid biri kimi həmkarıma cavab verməliyəm!

Eminquey Akif yazır, yaxşı edir, amma düz eləmir...

Bizim qoçaq “Qələbəmizi urvatdan salan qazilər” başlıqlı bir məqalə çap etdirib, başlığın əvvəlinə də oxunması, reytinq qazanması üçün də "500 manata görüşürəm..." yarım başlığı qoyub.
Mövzu belədir ki, sosial şəbəkə istifadəçisi olan bir qazi oradan bir qız profilini ələ keçirib və onun fotolarının üzərinə "500 manata görüşürəm..." yazaraq paylaşım edib. Qız bu qazini tapıb və polisə şikayət edib. Polis də qazini saxlayıb. Guya bu qızın bu hadisə səbəbi ilə nişanı qayıdıb, üstəlik işindən kənarlaşdırılıb. Təbii ki, DİN də lazımı prosedurları həyata keçirib. Qazi cəzasını alıb. Bura qədər əla! İndi müəllif bu nöqtədən sonra “bəzi həqiqətləri cəmiyyətin üzünə çırpasan”deyib başlayır qazilərin üzərinə yeriməyə:

"Bu beş ildə özünü yandıran qazi görük, maşını nömrəsiz sürüb “mən qaziyəm, mənə olar” deyən qazi gördük, oğurluq edən qazi gördük, TikTok-da pul dilənən qazi gördük, gic-gic hərəkətlər edən qazi gördük, amma hər dəfə susduq. Guya susduğumuz tək qazilərdirmi?! “Onların üstündə barıt qoxusu, şəhid əllərinin izi var” dedik. “Onlar yaşayan şəhidlərdir” dedik. Daha bu qədər də olmaz ki”.
İttihamlardan ürəyi soyumayan yazar bu dəfə əməlli - başlı təklif də irəli sürür:”Bax, elə bu hadisədən sonra “qazi” statusu haqqında düşünmək lazımdır. Artıq bu ad eşidiləndə əksəriyyət ağız büzür, üzünü o yana çevirir. Ona görə ki, qazi adını gözdən saldılar”.

Hörmətli Eminquey müəllim, müharibəni kinolardan izlədiyin üçün qazilərin savaş meydanlarında hansı psixoloji duruma düşdüyünü anlamadığın bəllidir. Bir yerdə yemək yediyi, bir kazarmada hər gün üz-üzə gəldiyi, min bir arzulu səngər yoldaşlarının parçalara bölünmüş bədənini görən, öz ölümünün hər an baş verəcəyini gözləyən, əsir düşmək təhlükəsi ilə döyüşün ən gərgin nöqtəsinə hərəkət edən qazinin keçirdiyi hissləri, aldığı psixoloji travmanın acısını ömründə bir dəfə canlı-canlı yaşaya bilmisənmi? Cavabını bilirəm! Təbii ki, YOX!

Eminquey yazır:”Müharibədə döyüşmüsünüz, sağ olun, amma müharibə bitib! Əlinizdə silah yoxdur, altınızda tank yoxdur, qarşınızda erməni yoxdur. Çıxın bu eyforiyadan. Siz artıq bu ölkənin vətəndaşısınız. Hamı kimi! Özünüzü adam kimi aparmağa məcbursunuz. Özü də bizdən daha çox. Çünki siz qazisiniz. Məmur özbaşınalığına, həkim səhvinə göz yummaq olar, amma sizin səhvlərinizə yox. Niyə? Çünki siz belə istəmisiniz. Siz özünüzü müqəddəsləşdirmisiniz”.

Canları bahasına qələbəni təmin edən bu diri şəhidlər gərək əllər üstündə saxlanaydı, Eminquey müəllim, gərək onların heç bir tələbi, arzusu yerdə qalmayaydı. İşlə, evlə, şəraitlə təmin ediləydilər.Məclislərdə yuxarı başa keçiriləydi. Bir qazinin tutqun baxışına bütün Azərbaycan ayağa qalxaydı və onun haqqını müdafiə edəydi.
Niyə? Çünki sən evində pult əlində televizora baxanda, tik-tokda ağlına gələni danışanda onlar erməni, rus, fransız və daha nəbilim hansı qruplaşmaların, terror təşkilatlarımnın qarşısında kişilik imtahanı verirdilər. “Özünüzü adam kimi aparmağa məcbursunuz” nə deməkdir? Adam kimi aparmırlarsa, sən onları hansı formada görürsən?Onlar Azərbaycan xalqı olaraq bizim başımızı, ayaqlar altındakı qeyrətimizi məhv olmuş, kəsilmiş, yox olmuş, parçalanmış əzaları ilə yerdən qaldırıblar. Biz ölənədək onların istəklərinin qulu olmalıyıq, başqa cür düşünmək isə ancaq döyüş, müharibə görməyənlərə, fərarilərə məxsusdur.

Eminquey:”Biz şəhidləri cənnətlik bilmişik, Allahın onların səhvlərinə göz yumduğunu qəbul etmişik, sizi isə onların yarısı – canlı şəhid hesab etmişik. Yenə deyirəm, həm də siz belə istəmisiniz. Ona görə də bu adı daşıyırsınızsa, “mən qaziyəm” deyirsinizsə, ömrünüzün sonuna kimi bu ada layiq yaşamalısınız”.

Eminquey, niyə bir dəfə, 100-dən çox intihar edən qazini müdafiə edəcək, intihar səbəblərinə etiraz edən bir cümlə yazmadın, bu 5 ildə? Onları incidənlərə qarşı niyə bir dəfə bir şair olaraq səsini çıxartmadın? İndi bir qazi səhv edibsə (Hərçəndi mən bu yazdığın nağıla da inanmıram, çünki doğru olsaydı, ad- soyad yazardın, rayonun göstərərdin. Demək ki, özündən nağıl düzəltmisən, qazilərə hücum etmək üçün) kimin göstərişlə onlara hücuma keçmisən! Əslində sənin bu hücunla , yol kənarlarına bərkidilmiş şəhid plakatlarını sökən qara fəhlələrlə heç bir fərqin yoxdur. Ona da əmr gəlib, sənə də! O da əmri yetirir, sən də! Və təssüf ki, etdiyinizin necə bir günah, səhv, pis örnək olduğunu anlamırsınız.

Eminquey:”Ya da, ümumiyyətlə, bu ad ləğv edilməlidir. Amma niyə pis adamların ucbatından təmiz adamların adına ləkə düşməlidir? Mənim tanıdığım qazilər var ki, indi də hərbi xidmətinə davam edir və heç kim onlar barədə nə bir mənfi söz eşidib, nə də onlar adlarına ləkə salacaq bir iş görürlər. Necə ola bilər ki, erməninin qarşısına çıxan, “biz ana-bacılarımıza görə döyüşmüşük” deyən bir qazi səngərin bu üzündə, öz Vətənində həmin ana-bacısına qarşı bu cür hərəkət etsin?”

Sənin dərdin qazilərlə nədir Eminquey Akif?Azərbaycanda tənqid etməyə, hücuma keçməyə, nöqsanını üzünə deməyə adammı yoxdu?
Həkimlərin hamısı tamahkar deyil, müəllimlərin hamısı rüşvətxor deyil, jurnalistlərin hamısı savadsız deyil, qazilərin də hamısı sənin dediyin kimi “adamlıqdan kənar” deyil. Qazilər bizim yeriyən şəhidlərimizdir, onlara hörmətlə yanaşmalıyıq! Borcumuzdur!Bir- iki səhv yolda olan qaziyə görə, ictimaiyyətdə onlara qarşı mənfi münasibət yaratmaq qəbuledilməzdir! Bunu ancaq əsgərliyə getməyən, burnuna barit qoxusu dəyməyənlər edə bilər! Ümumiyyətlə, sizin nəsildə neçə qazi var? Əmin oğlu, xalan oğlu, bibin oğlu, dayın oğlu? Məncə yoxdu! Yazanda çalış bildiyin mövzulardan yaz!

Əntiqə Rəşid
P.S. Əslində Əntiqə xanım az deyib. 1,2,3, və ya hətta 10 qazinin etdiyi nacinliyi o boyda möhtəşəm qazi orusunun adına yazmaq sadəcə namərdlikdir. Hər halda bu hərəkəti edən adam özünü qazi adlandırsada o qazi deyil, veterandır, yani müharibə iştirakçısıd.Lakin lap elə qazi olsun.Nədən gündə yüzlərlə cinyət işlədnin nə peşəsi nədə məxsusluğu önə çəkilmir, lakin bir veteran və ya qzi nəsə bir əməl edən kimi lap yuxarıda gözə soxurlar? Özüdə qazi ilə veteranın fərqini, ümumən müharibənin, barıt qoxusunun nə olduğunu bilməyənlər!!
TEREF












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.