Faciəmizin qorxunc üzü:Kəndli kənddən qaçır, kəndlər boşalır...

Bu gün, 00:08           
Faciəmizin qorxunc üzü:Kəndli kənddən qaçır, kəndlər boşalır...
Deməli, Qarabağ müharibəsindən əvvəl Baş Qərvənd kəndi inzibati ərazisinə Ayaqqərvənd , Orta Qərvənd, Şıxlar və Baş Qərvənd kəndləri daxil idi. Sovet rejiminin göstəri məqsədli planına əsasən yol kənarında olduğu üçün Baş Qərvənd yaxşı inkişaf etmişdi. Kənddə ən müasir standartlara uyğun 2 mərtəbəli məktəb, peşə yönümlü istehsalat məktəbi, ikimərtəbəli xəstəxana, 1941-45-in ən müasir tipli abidə kompleksi, 2 mərtəbəli alternativi Ağdamda belə olmayan çox prinsipli , dəbdəbəli mədəniyyət evi, kolxoz idarə binası, 2 uşaq baxçası, 3-4 kafe, yeməkxana tipli məişət obyektləri və digər xidmət obyektləri də vrdı. (bura 10-a yaxın mağaza, aptek, bərbərxana, ayaqqabı təmiri, dərzilik, avtomobil təmiri və s xidmətlər də daxil idi ).

Üstəlik, yolun kənarında, kəndin girəcəyində bütün Qarabağda tayı-bərabəri olmayan "Günbəz” adlı bir restoran, Xaçın çayının sahilində isə 1 ədəd restoran-otel fəaliyyət göstərirdi. Yolların kənarına əkilən meyvə ağacları , gül kolları isə bir ayrı aləm idi. Ümumiyyətlə kənd elə qurulmuşdu ki, Ağdama ilk dəfə səfər edənlər yolun üstündəki Baş Qərvənddən keçəndə elə düşünürdülər ki, artıq Ağdam şəhərinə daxil olublar.

İndi keçək, Şıxlar kəndinə! Kənd Bərdədən gələndə sol tərəfə dönəndən sonra, bir az içəridə yerləşirdi. Yəni, kənd yol kənarında olmadığı üçün sovet hökümətinin layiqli namizədi , kolxoz sədri Xuraman Abbasova Şıxlara elə də ürək yandırmazdı, nə də olmasa əsas yoldan kənarda yerləşirdi və baxmayaraq ki, əhalisi elə Baş Qərvəndin əhalisi qədər idi. Kəndin mədəniyyət klubu da yaxşı vəziyyətdə deyildi, 10 illik məktəbi, uşaq baxçasıda eyni vəziyyətdə idi. Orta Qərvənd və Ayaq Qərvənddəki inkişafdan isə danışmağına dəyməzdi. Hər kənddə bir mağazadan başqa heç bir məişət xidməti obyekti yox idi. Ayaq Qərvənddə uşaqlar ancaq 4-cü sinfə qədər dərs ala bilərdilər və artıq 5-ci sinfi oxumaq üçün bu kənddən ən azı 10 km məsafədə yerləşən Şıxlar kənd məktəbinə getmək məcburiyyətində idilər. Eyni olayı Orta Qərvəndin uşaqları da yaşayırdılar.
Baş Qərvənd və Şıxlar kəndləri işğala məruz qalandan sonra da bu kəndlərdə yenə inkişaf baş vermədi. Bu dəfə də kənd yenə əldən-ayaqdan uzaq bir yer olaraq qaldı.
Sovet adət-ənənəsinin bir çoxundan qurtula bilməyən Azərbaycanın bu tip kəndlərində əhali artıq yaşamağı özünə rəva görmür. Baxımsızlıq problemləri olduğu kimi bu gün də saxlayır.
Problemə statistik yanaşma, gülməli "çözüm"

Dünən “Xəzər Xəbər”də Azərbaycanda kiçik kəndlərin birləşdirilə biləcəyi ilə bağlı bir süjet diqqətimi çəkdi. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda ötən il 4244 kənd yaşayış məntəqəsi olub. Kəndlərin 514-də əhalinin sayı 100 nəfərdən azdır, 94 kənddə isə əhalinin sayı 5000-dən çoxdur.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirir ki, Azərbaycanda kiçik kəndlərin birləşdirilməsi iqtisadiyyatın inkişafı, infrastrukturun təkmilləşdirilməsi, təhsil və səhiyyə xidmətlərinin yaxşılaşdırılması, eyni zamanda təbii resursların səmərəli istifadəsi baxımından müsbət nəticələr verə bilər.
Əslində belə baxanda qeyri-adi heç nə yoxdu. Kiçik və yaxud əhalisi az olan kəndləri birləşdirmək infrastrukturu yenidən və standartlara uyğun qurmaq daha cəlbedici və səmərəli hesab edilə bilər.

Amma bu süjet yeni bir faciəmizin var oduğunu sanki yadımıza saldı

Hər kəs istəyir ki, yaşadığı ömrü xırda problemlərlə çarpışaraq keçirməsin. Heç olmazsa az problem yaşaasın. Xüsusən, heç kim ən adi halın problem kimi ürəyini üzməsini istəmir. Təsəvvür edin kənddəsiniz, qışdır, işıqlar kəsilir, istilik yox səviyyəsindədir, artezianlar işləmir, sular gəlmir, üstəlik iş yerləri yoxdu, kənd təsərrüfatı ilə məşğul olmaq üçün nə şərait var , nə imkan ... Böyük şəhərlərdə rahat həyat varkən kim ömrünü problem və çətinliklərin tüğyan etdiyi belə bir yerdə çürütmək istəyər?

Bir neçə il əvvəl məhsul yığımının gedişatını izləmək, problem və çətinlikləri yaxından görmək üçün rayonlardan birinə getdim. Kəndlilər, necə deyərlər, qan ağlayırdılar. Deyir ki, bazardan “od qiymətinə” soğan toxumu aldım. Sahəni öz cibimin pulu ilə şumlatdırdım, fəhlə tutub səpin etdim. Suçu tutub sulatdırdım. Boğazımdan kəsdim, nəisəki elətdirdim.

Soğanlar boy atmağa başlayanda dedilər su yoxdu. Gərək pulunu verəsən, soğanına su gəlsin. Soğan yazda-yayda çoxlu su içir. İndi mən nə qədər öz cibimdən pul ödəyim ki, soğanı satışa yararlı hala gətirim? Su vaxtlı-vaxtında olmadığı üçün sahəyə qoyduğum bütün maliyyəm,əziyyətim məhv oldu. Lap tutaq ki, başa gətirdim, bunun sahədən yığılmasına, satışa çıxarılmasına da pul lazımdır axı... Əlavə xərcləri demirəm...”
Yeri gəlmişkən, həmin rayonun bir ədəd kombaynı olduğu üçün həmin kombayn əvvəl vəzifəli şəxslərin icarəyə götürdüyü pambıq sahələrində məhsul yığır, sonra kasıb təbəqənin sahəsinə gedir. Həmin vaxtda da ya pambıq yağış və küləkdən xarab olur, ya da yerlərə tökülüb zay olur. Məntəqələrdə belə pambığı 2-ci ya da 3-cü sort kimi qəbul edirlər ki, bu da qoyulan maliyyəni ödəmir.
Kəndçi necə deyərlər , kirpiyi ilə od götürməkdən də, min bir təbii və süni əngəllərə dözməkdən də, sonda əlləri boş qalaraq üzülməkdən cana yığılır və doğma el-obasını tərk edib böyük şəhərlərə axnaşır.

Yurdunu tərk edənlərin dərdinə çarə tapın!

Elə bu yerdə mediamız köməyimə çatır . Deməli hələ bu məlumat 2019-da qeydə alınıb, indi Allah bilir vəziyyət necədir: “Siyahıyaalmadakı bilgilərdən aydın olur ki, ərazisi işğala məruz qalan rayonlar çıxılsa, ən çox tərk edilən rayon Qaxdır. Siyahıyaalmanın aparıldığı 2019-cu ilin sonunda burada 57 min 200 nəfər sakinin yaşadığı açıqlanmışdı. Siyahıyaalma zamanı rayonda 51 min 519 nəfərin olduğu bilinib. Başqa deyimlə, 5 min 681 sakin rayonu tərk edibmiş. Bu, Qaxın bütün əhalisinin 10 faizi deməkdir. Bu rayonla bağlı bir statistika da diqqət çəkir. Ötən ilin yekunlarına görə, ölkədə orta aylıq əməkhaqqının ən aşağı olduğu rayon məhz Qaxdır”.

Amma 2024-cü ilin məlumatları da adamın canına dərd salır: Tovuzun dağ kəndlərində sakinlər evlərini buraxaraq şəhərə axın edirlər. Kəndlərdə demək olar ki, əksər evlər boş qalıb. Söhbət rayonun Qəribli inzibati dairəsinə məxsus olan evlərdən gedir. Sakinlərin sözlərinə görə, buna əsas səbəb kəndlərdə təbii qazın olmaması, elektrik enerjisinin verilməsində fasilələrin yaranması və odun yanacağının həddindən artıq baha olmasıdır.

Sos siqnallarının ardı-arası kəsilmir: Şamaxının tərk edilmiş Ülgüc kəndi, Ismayilli rayonunun Bağəli kəndi, Şabranın Zöhrabkənd, Çuxurazəm, Qaxın Sarıbaş və minərlə dağ kənd ölü kəndə çevrilməkdədir

Əslində bu mövzuda olan məlumatları bir yerə toplayanda görünən odur ki, tək dağlıq rayonlarda deyil, aran rayonlarının kəndləri də boşalır. Azərbaycanda faciəli və gələcəyi çox mürəkkəb olan bir proses artıq sürətlə davam edir. “Davam edir” sözü də bu prosesi təsvir etmir. Əslində olay həddini aşıb, qarşısıalınmaz bir prosesə çevrilib. Dövlətçiliyimizi təhlükə altına alır.

Əntiqə Rəşid












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.