MEHDİYEVDƏN SONRAKI USUBOV – 77 yaşlı general-polkovnik həm istirahətdə, həm də vəzifədədir...
Bu gün, 10:51

25 il ərzində (1994-2019) Azərbaycanın daxili işlər nazir postunu tutmuş 77 yaşlı general-polkovnik Ramil Usubov 5 ildən artıqdır fəaliyyətini yeni vəzifədə davam etdirir.
Prezident İlham Əliyev onu nazir vəzifəsindən azad etdikdən dərhal sonra (20 iyun 20219-cu il) Prezident yanında Təhlukəsizlik Şurasının (TŞ) katibi təyin edib. Ramiz Mehdiyevin istefaya göndərilməsindən sonra Prezident Administrasiyasının səlahiyyətlərinə əl gəzdirilib. Bu qurumun rəhbəri daha həm də Təhlükəsizlik Şurasının katibi postunu tutmur. Ramil Usubov bu rəhbər vəzifəyə təyin edilən ilk məmur olub. 2023-cü ilin 18 noyabr tarixində Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş rəisi Mədət Quliyev ona müavin təyin edilib.
TŞ 1997-ci il aprelin 10-da Prezidentin Fərmanı ilə yaradılıb, o Prezidentin yanında məşvərətçi orqandır.
Şura vətəndaşların hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunması sahəsində Prezidentin öz Konstitusiya səlahiyyətlərini həyata keçirməsinə şərait yaradılmasını təmin edir.
Təhlükəsizlik Şurasına aşağıdakı vəzifəli şəxslər daxildir:
Milli Məclisin sədri
Baş nazir Prezident Administrasiyasının rəhbəri
Administrasiyanın Xarici siyasət məsələləri şöbəsinin müdiri
Prezidentin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi
Baş prokuror
Xarici işlər naziri
Müdafiə naziri
Dövlət Təhlükəsizlik Xidmətinin rəisi
Daxili işlər naziri.
Təhlükəsizlik Şurasının iclaslarına Prezident sədrlik edir. TŞ katibi qurumun fəaliyyətini təmin edir, onun iclaslarının hazırlanmasına rəhbərlik edir. İclasların gündəliyi və məsələlərin müzakirəsi qaydası Təhlükəsizlik Şurasının katibinin təqdimatı əsasında Prezident tərəfindən müəyyənləşdirilir.
Usubovun yeni vəzifəsindəki iş yükü əvvəlki vəzifəsi ilə müqayisə olunmayacaq dərəcədə azdır. Son 5 ildə TŞ-nin cəmi iki iclası keçirilib. Belə ki, hər iki iclas 2020-ci ildə olub, onların biri 13 iyulda Ermənistanın təcavüzkar davranışlarına həsr olunub, digəri də 44 günlük Vətən müharibəsinin başlandığı 27 sentyabr tarixinə təsadüf edib.
Sonrakı illərdə Prezident bu qurumun iclaslarının keçirilməsinə ehtiyac duymayıb, TŞ katibi Ramil Usubovun ictimailəşən əsas fəaliyyəti isə xarici səfərlərdən ibarətdir. Belə ki, o, MDB təhlükəsizlik şuraları başçılarının toplantılarında Azərbaycanı təmsil edib, bir dəfə isə Türk Dövlətləri Təşkilatlarının eyni məzmunlu iclasına qatılıb. Usubov daha çox Rusiya hüquq-mühafizə orqanlarının rəhbərləri ilə işgüzar əlaqələr saxlayıb, MDB-dən olan digər həmkarlar ilə bir araya gəlib. Daha sonra Usubovun İrana, Gürcüstana və İsrailə səfərləri də həyata keçirilib. Bu təmaslarda bəzən o Prezidentin xüsusi tapşırıqlarını icra edən səfir vəzifəsini icra edib. Bu dövrdə onun Avropa ölkələrinə, ABŞ-yə səfərlər etməməsi, Türkiyə ilə əlaqələrinin zəif olması da diqqət çəkir.
Ramil Usubov Prezident İlham Əliyev tərəfindən “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilib. Onun övladları Emil və Raul Usubovların hər ikisi daxili işlər orqanarında çalışır. General-mayor Emil Usubov DİN-nin Baş İstintaq və Tədqiqat İdarəsinin rəisidir, Raul isə əvvəlcə Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəis müavini olub, 2019-cu ildə nazir Vilayət Eyvazovun əmri ilə vəzifəsindən azad edilərək Qaradağ Qaradağ rayon Polis İdarəsinin Mühafizə İdarəsinə rəis təyin edilib.
Ramil Usubov da Azərbaycan hakimiyyətindəki digər yüksək çinli məmurlar kimi biznesə baş vurub. Yerli mediada onun paytaxtın vaxtı ilə ən dəbdəbəli hesab olunan restoranlar şəbəkəsinə himayədarlıq etdiyi barədə dəfələrlə yazılıb. Bu sırada “Xan Bağı”, “Şuşa”, “Çanaqqala”, “Xan qızı”, “Xarı bülbül” və sair kimi restoranların adını çəkmək olar. Nərimanov rayonu, Təbriz küçəsində yerləşən məşhur “Şuşa” restoranı bu il yanvarın əvvəlində sökülüb, onun ərazisinin ADA Universitetinə verildiyi bildirilir. Mülkiyətçi tərəfindən söküntüyə etirazlar bildirilsə də, sonradan bu hadisə gündəmdən çıxdı.
“Şuşa”-nın sökülməsi mediada həm də “köhnə qvardiya”nın görkəmli nümayəndələrindən olan Ramil Usubovun hakimiyyətdə qürub çağının olması kimi yozulur. Əlbəttə, TŞ katibi əvvəllər dəfələrlə iqtidardaxili intriqalarıdan mövqeyini möhkəmləndirərək qalib çıxmış kifayət qədər təcrübəli məmurdu. Usubov hakimiyyət rəhbərliyinin etimadını qazanaraq 25 il ölkənin əsas güc strukturuna rəhbərlik edib, istefaya çıxdıqdan sonra yenə Prezident yanında ali məşvərətçi quruma katiblik edir. Bəzən qonşu dövlətlərlə Azərbaycan arasında problemlər yaranarkən ölkə başçısı onun xidmətlərindən və təcrübəsindən istifadə edir...
Necə deyərlər, 77 yaşlı general-polkovnik bu vəzifədə özünü çox yaxşı hiss edir - həm istirahətdir, həm də vəzifədə. Onun öz taleyini vaxtilə hakimiyyətdə ən yaxın münasibətdə olduğu Ramiz Mehdiyevin taleyindən ayıra bilməsi isə siyasətdə, dövlət işində nə qədər mahir usta olduğunun növbəti nümayişi idi...
“AzPolitika.info”