Əmək hüquqları və iş təhlükəsizliyi unudulur: Həmkarlar ittifaqları isə susur 1 hissə
Bu gün, 15:47

Əmək hüquqları və iş təhlükəsizliyi unudulur: Həmkarlar ittifaqları isə susur
MÜNDƏRİCAT
1. Giriş
2. İşçilərin təməl hüquqları nədən ibarətdir?
3 . Əmək hüquqlarının müdafiəsini təşkil edən qanuni və hüquqi aktlar
4 . İşçi hüquqları və əmək münahisələri statistikada
5. İş yerlərində həmkarlar təşkilatının həmkarlarına münasibəti
6 . Həmkarlar təşkilatlarına üzv olanların sayı azalıb, kölgə istisadiyyatında çalışanlar isə müdafiəsiz qalıb
7 . Nəticə və tövsiyələr
Bakı 2025-ci il
GİRİŞ
Müasir dövrdə işçilərin hüquqlarının qorunması hər bir cəmiyyətin sosial-iqtisadi inkişafının əsas göstəricilərindən biri hesab olunur. Dünyanın digər ölkələrində olduğu kimi Azərbaycanda da işçilərin hüquqları tez-tez pozulur, bu da onların iş şəraitini çətinləşdirir. İşçi hüquqlarının pozulması hallarının çox olması, bu, həm onların rifahına, həm də ümumi iş mühitinə mənfi təsir göstərir. Hüquq pozuntuları müxtəlif formalarda özünü göstərə bilər. Ən çox rast gəlinən hallar arasında qeyri-qanuni işdən çıxarılma, əməkhaqqının gecikdirilməsi və ya tam ödənilməməsi, iş saatlarının normadan artıq olması, əmək müqavilələrinin bağlanmaması və ya şərtlərinin birtərəfli pozulması kimi məsələlər yer alır. Bununla yanaşı, bəzi işəgötürənlər işçilərin sosial təminatlarını ödəməkdən yayınır, onların sağlamlıq və təhlükəsizlik şəraitinə diqqət yetirmir, hətta psixoloji və fiziki təzyiqlərə yol verirlər.
İşçi hüquqlarının pozulması təkcə fərdi işçilərə deyil, bütövlükdə cəmiyyətə və iqtisadiyyata da mənfi təsir göstərir. Belə halların yayılması iş bazarında qeyri-rəsmi məşğulluğun artmasına, məhsuldarlığın azalmasına və ümumi sosial rifahın zəifləməsinə gətirib çıxarır. Bütün bunlar göstərir ki, işçi hüquqlarının qorunması təkcə etik məsələ deyil, həm də iqtisadi və sosial stabillik üçün vacib şərtdir.
Azərbaycanda bu istiqamətdə mühüm hüquqi baza mövcud olsa da, real iş mühitində ciddi problemlər qalmaqdadır. Bu tədqiqatda Azərbaycanda iş yerlərində işçilərin hüquqlarının müdafiəsini təşkil edilməsi məsələsinə toxunulub. Xüsusilə, istehsalat və özəl sektorda bu istiqamətdə mövcud vəziyyət təhlil edilib.
1. İşçilərin təməl hüquqları nədən ibarətdir?
Ümumiyyətlə, dünyada qəbul edilən qaydalara əsasən, işçilərin bir sıra təməl hüquqları var. Bu hüquqlar onları əlverişli və təhlükəsiz iş şəraitinin yaradılmasında, əmək normalarına uyğun gördüyü iş müqabilində layiqli qazancın əldə edilməsində, sosial müdafiəsinin təşkilində yardım olur. Beləliklə, təməl hüquqlar sırasında aşağıdakıları göstərmək olar:
- Əmək müqaviləsinin bağlanması - Müqavilədə əməkhaqqı, iş saatları, məzuniyyət, vəzifələr və digər şərtlər göstərilməlidir.
- Əməkhaqqı və digər ödənişlər - İşçi gördüyü işə görə vaxtında və tam həcmdə əməkhaqqı almaq hüququna malikdir. Beləliklə, həftəlik iş saatlarından artıq işlədikdə əlavə ödənişlər tələb etməlidir. Həmçinin minimum əməkhaqqından aşağı maaş təklif edilə bilməz.
- Məzuniyyət hüququnun təmini.
- Təhlükəsiz və sağlam iş şəraiti təmini - İşəgötürən iş yerində təhlükəsizlik qaydalarına əməl etməlidir. İşçilər iş yerində zədələnərsə və ya xəstələnsə, kompensasiya tələb edə bilərlər.
- İşdən çıxarılma və müdafiə hüquqları- İşçini əsaslı səbəb olmadan işdən çıxarmaq qadağandır. Əgər işçi qanunsuz olaraq işdən azad edilərsə, məhkəməyə müraciət edə bilər. İşdən çıxarıldıqda müəyyən hallarda kompensasiya tələb etmək hüququ var.
2. Əmək hüquqlarının müdafiəsini təşkil edən qanuni və hüquqi aktlar
Yuxarıda sadalanan təməl hüquqlar Azərbaycanda müvafiq qanunvericilik bazası, hüquqi aktlarla tənzimlənir. Bunlar aşağıdakılardır:
Azərbaycan Respublikasının Konstitusiyası işçilərin əmək hüquqlarını, sosial təminatını və layiqli əmək şəraitinə malik olmaq hüququnu təsbit edir.
Əmək Məcəlləsi əmək münasibətlərini tənzimləyən əsas qanundur. İşçilərin və işəgötürənlərin hüquq və vəzifələrini, əmək müqavilələrinin bağlanması, dəyişdirilməsi və ləğv edilmə qaydalarını, iş və istirahət vaxtını, əməkhaqqının ödənilməsini və digər əmək münasibətlərini müəyyən edir.
“Məşğulluq haqqında” Qanun işsizliyin azaldılması, məşğulluğun artırılması və işçilərin sosial müdafiəsi ilə bağlı məsələləri tənzimləyir.
“Həmkarlar İttifaqları Haqqında” Qanun işçilərin üzv olduqları həmkarla ittifaqları vasitəsilə hüquqlarının müdafiəsini təmin edir.
“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarına görə icbari sığorta haqqında Qanun” işçilərin istehsalatda baş verən hadisələr nəticəsində qorunmasını nəzərdə tutur.
«Kollektiv müqavilələr və sazişlər haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Qanun ictimai nəzarətin həyata keçirilməsini təmin edir.
Nazirlər Kabinetinin əmək şəraiti və təhlükəsizliyə dair qərarları mövcuddur. Bu qərarlar iş yerlərində təhlükəsizlik standartlarını və əməyin mühafizəsi qaydalarını müəyyən edir.
Azərbaycan Beynəlxalq Əmək Təşkilatının (BƏT) konvensiyalarına qoşulub.[1]
Bu qanun və sazişlər əmək münasibətlərinin tənzimlənməsi, işçilərin hüquqlarının qorunması və layiqli əmək şəraitinin yaradılması baxımından mühüm rol oynayır. Lakin onların icrası və tətbiqi sahəsində müəyyən problemlər mövcuddur. Qanunların icrasına nəzarət edən orqanlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti, həmkarlar ittifaqlarıdır. Eyni zamanda vətəndaşlar məhkəmə və prokurorluq orqanlarına da bu istiqamətdə şikayət və ərazilərini təqdim edə, hüquqlarının bərpası istiqamətində tələblər irəli sürə bilərlər.
3. İşçi hüquqları və əmək münahisələri statistikada
Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) hesabatlarından görünür ki, 2024-cü ildə vətəndaşlardan alınan şikayət məzmunlu ərizələrin sayı kəskin şəkildə artıb. Belə ki, Xidmətə 2024-cü ildə 23 min 222 şikayət məzmunlu ərizə daxil olub.[2] 2023-cü ilə nisbətən şikayətlər 31 faiz artıb. Belə ki, 2023-cü ildə sözügedən məzmunlu şikayət ərizələrinin sayı 16 min 17 təşkil edib. [3]
2024-cü ildə DƏMX-ə daxil olan şikayət ərizələrin 7223-ü qadınlara, 15999-u isə kişilərə məxsus olub. Qurumun xidmətində qeyd edilir ki, müxtəlif orqanlardan daxil olmuş materialların və vətəndaş müraciətlərinin araşdırılması zamanı 2665 halda işəgötürənlər və onların vəzifəli şəxsləri tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulduğu aşkar edilib.
Xidmət tərəfindən görülmüş tədbirlər nəticəsində vətəndaşlara gecikdirilmiş və ödənilməli olan 213 min 102,7 manat məbləğində vəsaitin ödənilməsi təmin edilib. Həmin ödənişlərin 88,6 faizi və ya 189 min 011,83 manatı əməkhaqqı; 1,2 faizi və ya 2204 manatı zərərə görə ödənc; 10,2 faizi və ya 21 min 886,87 manatı sosial müavinət və kompensasiyadan ibarət olub.
Xidmətin 2023-cu ilin hesabatında isə göstərilir ki, 471 min 556,73 manat məbləğində vəsaitin ödənilməsi təmin edilib. Bunun 78,5 faizi və ya 370 min 047 manatı əməkhaqqları; 2,9 faizi və ya 13 min 601 manatı zərərə görə ödənc; 18,6 faizi və ya 87 min 907,91 manatı sosial müavinətlər və kompensasiya ödənişləri təşkil edib.
Eyni zamanda, hesabatlarda 2024-cü ildə əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmiş 61 nəfər, 2023-cü ildə isə 107 nəfər öz əvvəlki işinə bərpa edildiyi qeyd edilir.
Təəssuf ki, DƏMX-nin hesabatlarında şikayət ərizələrinin və bərpa olunan ödənişlərin dövlət və özəl sektor üzrə bölgüsü təqdim edilmir. Habelə əmək hüquqlarının iqtisadiyyatın daha çox hansı fəaliyyət sahələrində pozulmasına dair də səhih məlumata rast gəlmək olmur.
Lakin Dövlət Statistika Komitəsinin məlumatları əsasında iqtisadiyyatın müxtəlif sahələrində əmək hüquqlarının pozulması ilə bağlı müəyyən statistik göstəriciləri əldə etmək mümkündür. Cədvəl 1-də göstərildiyi kimi, istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirən və ölənlərin sayı 2023-cü ildə 454 nəfərə çatıb ki, bu da 2022-ci illə müqayisədə 1,6 dəfə artım deməkdir. Xatırladaq ki, 2022-ci ildə bu göstərici 281 nəfər təşkil edib.
Ölüm hallarına gəldikdə isə 2023-cü ildə istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində 70 nəfər, 2022-ci ildə isə 34 nəfər həyatını itirib. Bədbəxt hadisələrin əsasən tikinti, emal sənayesi, mədənçıxarma sənayesi, nəqliyyat və anbar təsərrüfatı sahələrində qeydə alındığı bildirilir. [4]
Bu hadisələrin artması təhlükəsiz iş şəraitinin təşkilində nəzarətin kifayət qədər effektiv olmadığını göstərir.
nhmt-az.org
ardı var