Əmək hüquqları və iş təhlükəsizliyi unudulur: Həmkarlar ittifaqları isə susur 2-ci hissə

Bu gün, 08:14           
Əmək hüquqları və iş təhlükəsizliyi unudulur: Həmkarlar ittifaqları isə susur 2-ci hissə

Cədvəl 1-ə əsasən deyə bilərik ki, 2023-cü ildə baş verən bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirən və ölənlərin ən çoxu tikinti sektorunda qeydə alınıb. Belə ki, həmin dövrdə tikinti sahəsində 79 bədbəxt hadisə baş verib və onların 18-i ölümlə nəticələnib. Əvvəlki illərin statistik göstəriciləri də tikinti sektorunda baş verən bədbəxt hadisələrin digər fəaliyyət sahələri ilə müqayisədə daha yüksək olduğunu göstərir.

2023-cü ildə emal sənayesində 47 bədbəxt hadisə qeydə alınıb, bunlardan 8-i ölümlə nəticələnib.

Nəqliyyat və anbar təsərrüfatında baş verən 38 bədbəxt hadisədən 4-ü, mədənçıxarma sənayesində qeydə alınan 28 bədbəxt hadisədən 4-ü, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində isə baş verən 27 bədbəxt hadisədən 10-u ölümə səbəb olub.

Vətəndaşlar tərəfindən əmək hüquqlarının pozulması ilə bağlı prokurorluq orqanlarına edilən şikayətlərin sayı da əhəmiyyətli dərəcədə artıb. Cədvəl 2-yə əsasən, 2023-cü ildə prokurorluq orqanları tərəfindən 754 şikayət qeydə alınıb. 2022-ci ildə isə bu göstərici 288 olub. Şikayətlərin sayı 2,6 dəfə artsa da, təmin edilən işlərin sayı da nəzərəçarpacaq dərəcədə yüksəlib. Belə ki, 2023-cü ildə şikayətlərin 239-u təmin edilib. Halbuki, 2022-ci ildə cəmi 7 şikayət təmin olunmuşdu. [5]

Cədvəl 3-də göstərilən birinci instansiya məhkəmələrində baxılan işlərə dair statistikaya nəzər yetirdikdə, 2023-cü ildə yerli məhkəmələrdə əmək mübahisələri ilə bağlı 837 işə baxıldığı görünür. Əvvəlki illərlə müqayisədə əmək mübahisələri üzrə işlərin sayında artım müşahidə edilir. Belə ki, birinci instansiya məhkəmələrində 2022-ci ildə 753, 2021-ci ildə 796, 2020-ci ildə isə 629 belə iş qeydə alınıb. [6]

Baxılan işlərin böyük hissəsini işə bərpa ilə bağlı məhkəmə qərarları təşkil edir. 2023-cü ildə 360 nəfərin, 2022-ci ildə 753 nəfərin, 2021-ci ildə 796 nəfərin, 2020-ci ildə isə 629 nəfərin işə bərpası ilə bağlı məhkəmə qərarı çıxarılıb.


Dövlət Əmək Müfəttişliyi Xidmətinin və Dövlət Statistika Komitəsinin məlumat bazasının təhlili göstərir ki, respublika ərazisində son iki ildə əmək mübahisələrinin sayı artıb, layiqli, təhlükəsiz iş şəraitinin təmin olunmasında ciddi problemlər isə həll olunmamış qalır.

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) hesabatlarında da əmək qanunvericiliyinin pozulmasına dair kifayət qədər faktlara rast gəlinir. NHMT bu pozuntularla bağlı məlumatları dərc edib ictimailəşdirsə də, problemlərin həlli istiqamətində irəliləyiş müşahidə edilmir. Əksinə, bəzi sahələrdə vəziyyət daha da ağırlaşıb.

Məsələn, 2024-cü ilin hesabatına əsasən, “Azəriqaz” İB TTİ-nin 18 işçisi ezamiyyə xərclərinin düzgün ödənilməməsi və əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsmana) müraciət edib. Lakin bu müraciət onların əleyhinə çevrilib və nəticədə şikayətçilər günahkar çıxarılıb.

“Yuxarı instansiyalara şikayət edən işçilər təqiblərə məruz qalıblar. Şikayət edilən qurum(TTİ) tərəfindən şikayət ərizəsinə qol çəkmiş 18 nəfər işçidən üzür ərizəsi alınıb və şikayət ərizəsinə qol çəkmiş işçilərə mənəvi və psixoloji təzyiq göstərilib” deyə hesabatda qeyd olunub. [7]

Bu hallar onu göstərir ki, işçilərin şikayətləri hər zaman qeydə alınmır və hətta çoxu baxılmamış qalır. Hüquqlarının pozulmasına etiraz edən işçilər isə ciddi təzyiqlərlə üzləşə bilərlər.

4. İş yerlərində həmkarlar təşkilatının həmkarlarına münasibəti

Əslində, işçilərin hüquqlarının qorunması, şikayətlərin artmasının qarşısının alınması və bürokratik təzyiqlərin aradan qaldırılması baxımından əsas qurumlardan biri həmkarlar ittifaqlarıdır. Bu ittifaqlar işəgötürən tərəfin davranışlarına ictimai nəzarət funksiyasını həyata keçirməlidir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) il ərzində görülən işlərlə tanış olmaq istəsək də, rəsmi saytlarında bu barədə hər hansı məlumatın yer almadığını müşahidə etdik. Halbuki, işçilərin əməkhaqlarından 1-2% üzvlük haqqı məhz həmkarlar ittifaqlarının fəaliyyəti üçün tutulur. Buna görə də, ictimai təşkilat kimi AHİK yığılan vəsaitin hesabatlılığını təmin etməlidir.

AHİK-in əsas funksiyalarına üzv təşkilatların mənafelərinin təmsil edilməsi, əmək və sosial-iqtisadi məsələlər üzrə qanunvericilik aktlarının işlənib hazırlanmasında iştirakı, vətəndaşların əmək hüquqlarının və həyat səviyyələrinin yüksəlməsinə uyğun olaraq qorunması məqsədilə tədbirlərin həyata keçirilməsi daxildir. Bundan başqa, məşğulluq sahəsində qanunvericiliyə əməl olunmasına zərurətin təmin edilməsi, beynəlxalq həmkarlar ittifaqı hərəkatında iştirak etməsi, tabelikdə olan və əməkçilərin sanatoriya - kurort müalicəsi və istirahəti, ekskursiya - turizm, mədəni-maarif və idmanla məşğul olan təşkilatların fəaliyyətlərinin istiqamətləndirilməsi də Konfederasiyanın funksiyalarına aiddir.

Bu gün Azərbaycanda nə qədər həmkarlar təşkilatları var? Əsasən hansı fəaliyyətlə məşğuldurlar?

AHİK-in rəsmi saytında qeyd olunur ki, qurum 11 min 616 həmkarlar ittifaqı təşkilatını və 1 milyon 34 min 701 üzvü özündə birləşdirir. Eyni zamanda, 27 sahə üzrə həmkarlar ittifaqı birlikləri mövcuddur və bu birliklər üzvlərinin əmək, sosial-iqtisadi hüquqlarını və mənafelərini təmsil edərək müdafiə etməyi qarşısına məqsəd qoyub. [8]

27 sahə üzrə həmkarlar ittifaqları aşağıdakılardır:

Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi

Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi

Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı

Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi

"Baku Stil Kompani" MMC İşçiləri Həmkarlar İttifaqı Birliyi

Dəmiryolçuların Müsəqil Həmkarlar İttifaqı Respublika Komitəsi

Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi

Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi

Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqı Komitəsi

Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi

"Xidmət-İş" Həmkarlar İttifaqı Federasiyası

Azərbaycan Respublikası "İnşaat-İş" Həmkarlar İttifaqı Respublika Komitəsi

"Kənd-Qida-İş" Həmkarlar İttifaqı Fedarasiyası

Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyası

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi

Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi

Metropoliten İşçiləri Həmkarlar İttifaqı Birliyi

Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası

Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi

Gömrük İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi

Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi

Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi

Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsi

Yerli Sənaye və Kommunal Məişət Müəssisələri İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsi

Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi

Yuxarıda sadalanan həmkarlar ittifaqları birlikləri əsasən dövlət qurumlarını və dövlət hesablı təsərrüfat müəssisələrini əhatə edir. Özəl sektorda həmkarlar təşkilatlarının təmsilçiliyi isə demək olar ki, yoxdur. Mövcud olanlar isə çox az sayda sahəni əhatə edir və əsasən sovet dövründə yaradılan təşkilatların bazasında formalaşıb.

Azərbaycanda qanunvericilik baxımından, xüsusilə bağlanan kollektiv müqavilələr işçilərin həmkarlar ittifaqları tərəfindən qorunmasını nəzərdə tutsa da, bu təşkilatların real gücü və təsir imkanları məhduddur. Əsas problemlərdən biri sözügedən ittifaqların müstəqil ola bilməməsidir. Özəl sektorda isə işəgötürənlər belə bir hüquqi müdafiə mexanizminin yaradılmasına imkan vermir.

Məsələn, bir vaxtlar Konfederasiya ölkədə ən böyük işçi heyətinə malik «McDonalds», «Coca-Cola», «Bakcell» və «Azercell» kimi iri müəssəsələrdə həmkarlar ittifaqı yaratmağa cəhd göstərsə də, müəssisə sahibləri buna imkan verməyib. [9]

Əmək hüquqları üzrə hüquqşünas Azər Quliyev bildirir ki, özəl müəssisələrdə həmkarlar təşkilatlarının olmamasının əsas səbəbi bu ittifaqların işlək institut kimi fəaliyyət göstərə bilməməsidir: “Həmkarlar ittifaqları könüllülük prinsipi əsasında yaradılır. Lakin özəl sektorda işəgötürənlər bu cür ittifaqların formalaşmasına imkan vermir. Hətta yaradılsa belə, onların işləmək imkanları məhdud olacaq. Üstəlik, elə bir mühit yoxdur ki, işçilər könüllü şəkildə belə təşkilatlar yaratmağa təşəbbüs göstərsin. Konfederasiya elə bir təbliğat strategiyası və işlək mexanizm yarada bilər ki, bu, özəl sektorda çalışan işçilərin marağına səbəb olsun. Əgər işçilər həmkarlar təşkilatının yaradılmasında maraqlıdırsa və işəgötürən buna mane olursa, bu halda Konfederasiyanın prosesə müdaxilə etmək səlahiyyəti var.

Əmək Məcəlləsində Baş Kollektiv Sazişlərin bağlanması nəzərdə tutulub. Bu saziş Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Sahibkarlar Konfederasiyası (işəgötürənlərin ali nümayəndəli orqanı) arasında imzalanır. Əgər həmkarlar ittifaqlarının iqtisadi fəaliyyətin bütün sahələrini əhatə etməsini istəyiriksə, o zaman kollektiv sazişdə məcburi bir norma müəyyən edilməlidir ki, bütün müəssisələrdə həmkarlar təşkilatlarının yaradılması üçün müvafiq şərait təmin olunsun.

Bu çərçivədə Nazirlər Kabineti dövləti, Sahibkarlar Konfederasiyası isə özəl sektoru təmsil edir. Həmkarlar ittifaqları yaradan müəssisələr üçün müəyyən güzəştlərin tətbiqi də nəzərdən keçirilə bilər. Əks halda, işəgötürənlər könüllü şəkildə belə təşkilatların yaradılmasına heç vaxt imkan verməyəcək.”

Bundan əlavə, hüquqşünas qeyri-hökumət təşkilatlarının müxtəlif sahələr üzrə hüquq müdafiəsini təşkil etməsini də uğurlu bir mexanizm hesab edir.

5. Həmkarlar təşkilatlarına üzv olanların sayı azalıb, kölgə istisadiyyatında çalışanlar isə müdafiəsiz qalıb

AHİK-in saytında qeyd edilir ki, həmkarlar ittifaqları 1 milyon 34,7 min üzvü əhatə edir. Halbuki, 2000-ci illərin ilk onilliyində bu rəqəm 1,6 milyon olub. Ötən dövr ərzində üzvlərin sayı 570 min nəfər azalıb.[10] Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda respublika üzrə 5 milyona yaxın məşğul əhali var. 2025-ci il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1,778 milyon nəfər olub. Onlardan 882,8 min nəfəri dövlət sektorunda, 895,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir.

Qeyd edək ki, həmkarlar ittifaqlarına üzv olanlar əsasən muzdlu çalışanlardır. Özəl və xidmət sektorlarında çalışan işçilərin böyük hissəsi isə, ümumiyyətlə, həmkarlar ittifaqlarının mövcudluğundan xəbərsizdir. Əgər ümumi məşğul əhali üzrə nəzərə alsaq, işləyən əhalinin hər 5 nəfərindən biri həmkarlar ittifaqlarının üzvüdür. Eyni zamanda, respublika ərazisində qeyri-rəsmi məşğulluq bazarını nəzərə alsaq, hazırda minlərlə insanın əmək müqaviləsi bağlanması ilə bağlı hüquqları pozulur. Həmkarlar İttifaqları Konfederasiyası isə bu prosesə təsir göstərmək imkanlarına malik deyil.

Halbuki, Nazirlər Kabineti, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında hər il bağlanan Baş Kollektiv Sazişi, yalnız AHİK-ə deyil, həm də hökumət və işəgötürənlərin birgə fəaliyyətini tənzimləyən, tərəflərin öhdəliklərini izləyə biləcək hüquqi sənəddir. Qanunvericiliyə əsasən, Baş Kollektiv Saziş sahibkarlıq obyektlərində həmkarlar ittifaqlarının fəaliyyətini təmin etməyə imkan verir. Lakin buna məsul olan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası tərəfindən əhəmiyyətli addımlar atılmayıb.
ardı var
nhmt-az.org












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.