Əmək hüquqları və iş təhlükəsizliyi unudulur: Həmkarlar ittifaqları isə susur SON

14-03-2025, 15:14           
Əmək hüquqları və iş təhlükəsizliyi unudulur: Həmkarlar ittifaqları isə susur SON
NHMT-nin tədqiqatlarında qeyd olunur ki, 90-cı illərin əvvəllərində ölkədə mövcud olan ənənəvi həmkarlar ittifaqlarına alternativ olaraq bir neçə azad həmkarlar ittifaqı formalaşsa da, onların fəaliyyəti uzunömürlü olmayıb. Yalnız Neft və Qaz Sənayesi İşçilərinin Azad Həmkarlar İttifaqı 1992-1996-cı illər arasında fəaliyyət göstərməyə müvəffəq olub və təzyiqlərə davam gətirə bilib. Lakin sonradan Transmilli Korporasiyalar, Dövlət Neft Şirkəti və bəzi hakimiyyət dairələrinin birgə səyləri və təşkilatın özünün də ciddi səhvləri nəticəsində bu təşkilat fəaliyyətini dayandırmağa məcbur olub. [11]

Hüquqşünas Azər Quliyev bildirib ki, həmkarlar təşkilatlarının ən başlıca problemlərindən biri müstəqil fəaliyyət göstərə bilməməsidir: “Birincisi, həmkarlar təşkilatının sədri seçilmir, onu işəgötürən təyin edir. İkincisi, həmin rəhbər işçilərin hüquqlarını müdafiə edərsə, öz işini itirmə qorxusu yaşayır. Üçüncüsü isə işçilərin özlərinin məsuliyyətindən asılıdır. Baxmayaraq ki, əməkhaqlarının 1 və ya 2 faizini həmkarlar təşkilatına ödəyirlər, amma heç vaxt onların müdafiəsini təşkil etməyi tələb etmirlər.”

Azər Quliyev qeyd edib ki, həmkarlar təşkilatı ictimai nəzarəti həyata keçirən bir qurumdur.

“Bu, o deməkdir ki, işçilərin əmək müqaviləsindən tutmuş, əməyin mühafizəsinə qədər bütün proseslərə sözügedən təşkilatların müdaxilə etmək səlahiyyəti var. Eyni zamanda, həmkarlar təşkilatının ixtiyarı var ki, işçi müəyyən maddələrlə işdən çıxarılırsa, ona razılıq verməsin. Habelə, işçinin yerinə məhkəmədə iddia qaldırmaq səlahiyyəti var. Lakin praktikada həmkarların işçilərin hüquqlarının məhkəmələrdə müdafiəsinə rast gəlinmir. Bir çox hallarda isə işəgötürənin xeyrinə qərar verilmiş olur. Qanunla belə, bu təşkilatların əməkçilərin hüquqlarını müdafiə etmək üçün təsir mexanizmləri çox olsa da, onlardan heç biri real həyatda tətbiq olunmur”- deyə ekspert qeyd edib. Azər Quliyev əlavə edib ki, işçilər işdən azad edilərkən idarə heyəti yığılıb bu məsələyə baxmalıdır və həmin işçi dəvət edilərək fikri öyrənilməlidir. Amma bu, praktiki olaraq edilmir.

“Həmkarlar təşkilatı, eyni zamanda, Əmək Müfəttişliyi Xidmətinin yaratdığı bədbəxət hadisələrin tədqiqatı komissiyasının üzvüdür. Əmək Məcəlləsinə görə, həmkarlar təşkilatı ictimai nəzarəti həyata keçirən orqandır. Məsələn, prokurorluğa müraciət edərək deyə bilər ki, bizim müəssisədə əməyin mühafizəsi qaydaları, qanunsuz işdən çıxarma və ya əmək müqaviləsinin bağlanması qaydaları pozulur. Bu məsələlər Əmək müfəttişliyi və məhkəmə qarşısında iddia qaldırmaqla həll edilə bilər.

Əmək Məcəlləsində nəzərdə tutulan əmək müqaviləsinin bağlanması, əməyin mühafizəsi qaydaları, işçilər üçün əlavə ödənişlər, mənzil məsələləri və sosial məsələlər üzrə həmkarlar ittifaqının razılığı alınmalıdır. Belə ittifaqların səlahiyyətləri kifayət qədər çoxdur, amma icraatda bu səlahiyyətlərin heç birini tətbiq edilə bilmir” – A.Quliyev bildirib.

Həmkarlar İttifaqları tərəfindən üzvlərdən ildə 50 milyon manatdan çox yığımlar həyata keçirir. Konfederasiyanın mediaya verdiyi açıqlamadan məlum olur ki, toplanmış üzvlük haqlarının 63%-i ilkin həmkarlar ittifaqı təşkilatlarında – yerlərdə qalır, 25%-i sahə həmkarlar ittifaqlarının Respublika Komitəsinin, yalnız 12%-i isə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının hesabına köçürülür.

Həmkarlar ittifaqı təşkilatlarında toplanmış üzvlük haqlarının xərclənməsi həmin təşkilatların müvafiq kollegial orqanlarının təsdiq etdiyi smetaya uyğun olaraq həyata keçirilir. Bu vəsait hesabına işçilər həmkarlar təşkilatlarından məzuniyyət zamanı istirahət mərkəzlərinə göndəriş ala bilərlər. Lakin bu imkan hər üzvlük haqqı ödəyən işçi üçün əlçatan olmur, çünki xeyli bürokratik əngəllərlə qarşılaşırlar. Konfederasiyanın açıqlamalarına görə, yığılan vəsait eyni zamanda müəyyən yardım kampaniyalarına istifadə edilir.

Nəticə və tövsiyələr

Son iki ildə əmək mübahisələrinin, habelə istehsalatda bədbəxt hadisələrin sayı kəskin artıb. Bu, ölkədə işçilərin hüquqlarının müdaifəsinin zəifləməsinin göstəricisidir.

Hazırda Azərbaycanda həmkarlar ittifaqları əsasən simvolik xarakter daşıyır və işçilərin hüquqlarını effektiv şəkildə qoruya bilmir. Bu sahədə islahatlara və daha güclü vətəndaş cəmiyyətinin formalaşmasına, habelə azad həmkarlar təşkilatlarının yaradılmasına ehtiyac var.

Kollektiv müqavilələr sistemi zəifdir. Kollektiv müqavilə bağlanan hallarda da bu müqavilələr əsasən işçilərin maraqlarını tam qorumaq gücündə olmur.

Müstəqil həmkarlar ittifaqlarına təzyiqlər var. Hökumətə bağlı olmayan və müstəqil fəaliyyət göstərməyə çalışan həmkarlar ittifaqları tez-tez təzyiqlərlə üzləşir. Belə təşkilatların qeydiyyatdan keçməsi çətinləşdirilir və onların fəaliyyətinə maneələr yaradılır.

Azərbaycanda işçilərin hüquqlarını qorumaq üçün həmkarlar ittifaqlarının daha müstəqil və güclü olması lazımdır. Müstəqil həmkarlar ittifaqlarının fəaliyyət göstərməsi üçün hüquqi maneələr aradan qaldırılmalıdır.

Azərbaycanda əmək bazarında qeyri-rəsmi məşğulluq geniş yayılıb. Bu, xüsusilə tikinti, kənd təsərrüfatı və xidmət sektorlarında müşahidə olunur. Əmək müqaviləsi olmadan işləyən işçilər nə sosial müdafiə sisteminə qoşula bilir, nə də hüquqlarının pozulması halında rəsmi şikayət mexanizmlərindən istifadə edə bilir. Baş Kollektiv Saziş əsasında hər üç tərəf - Nazirlər Kabineti, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bu istiqamətdə aktiv fəaliyyət göstərməlidir.

Hazırladı

NHMT Eksperti: Vüsalə Rüstəmova

[1] Azərbaycan Respublikasının qoşulduğu Beynəlxalq Əmək Təşkilatının Konvensiyalarının Siyahısı. https://sosial.gov.az/storage/pages/9782/beynelxalq-emek-teshkilat-konvensiyalar1.pdf
[2] Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2024-cü il hesabatı. https://demx.gov.az/storage/D-MX-in-2024-c-il-zr-hesabat-SON.pdf
[3] Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2024-cü il hesabatı. https://demx.gov.az/storage/pages/1/bbbbbbson.pdf
[4] DSK, “Səhiyyə, sosial müdafiə və idmanın əsas göstəricilər”, 2024-cü ilin bülleteni
[5] DSK, “Azərbaycanda prokurorluğun fəaliyyəti ilə bağlı statistik məlumatlar” 2023-cü ilin bülleteni
[6] DSK, “Azərbaycanda məhkumetmə və məhkəmələrdə baxılan işlər”, 2023-cü ilin bülleteni
[7] NHMT İB 2024-cü il üzrə İllik Hesabatı. https://nhmt-az.org/frontend/pages/human-rights-inner.php?id=213
[8] https://www.ahik.org/az/ahik/about
[9] https://modern.az/news/19672/
[10] https://www.anl.az/down/meqale/yeni_az/2012/iyul/05.htm
[11] https://nhmt-az.org/frontend/pages/human-rights-inner.php?id=133












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.