Elm və təhsil nazirliyi QAPALI QURUMA ÇEVRİLİB
Dünən, 00:01

Son vaxtlar orta məktəblərimizdə yenə də intiharlar, intihara cəhdlər, bıçaqlanmaların və s. sayı artır. Görəsən, bunun əsas səbəbləri nələrdir? Və müvafiq qurumlar belə halların qarşısının alınması, profilaktikası üçün hansı tədbirləri görür? Məsələn, məktəblərdə psixoloq xidmətlərinin durumu nə yerdədir?..
Tanınmış təhsil ekpserti, ADPU-nun dosenti, pedaqoji elmlər üzrə fəlsəfə doktoru İlham Əhmədov mövzu ilə bağlı Moderator.az-a açıqlamasında bunları söyləyib:
“Bəli, təəssüf ki, son dövrlərdə məktəblilər arasında intihar və intihara cəhdlər artıb. 2025-ci ilin əvvəlində ölkənin müxtəlif bölgələrində ard-arda məktəbli intiharları qeydə alınıb. Digər tərəfdən, şagirdlər arasında, hətta şagird və müəllimlır arasında münaqişələr, fiziki zorakılıq halları da artıb. Uşaqlar çox aqressiv olmuş, hətta bir çoxlarının psixi durumlarında problemlər də var. Bunun çox səbəbləri mövcuddur. Ən əsası odur ki, gənc nəslin tərbiyəsi məsələsində ciddi problemlər var...
Bu gün cəmiyyətdə dəyərlər dəyərsizləşib. Bu məsələdə bəzi TV kanalların dağıdıcı rolunu xüsusi qeyd etməliyik. Sosial şəbəkələr, məktəblərdə davamiyyətin zəifləməsi, son illər davamlı olaraq müəllim nüfuzunun, təlim-tərbiyə prosesinin zədələnməsi, məktəb-valideyn əlaqələrinin “votsap-pul yığma” kampaniyası ilə əvəzlənməsi və s. mənfi tendensiyalar illər ərzində öz dağıdıcı təsirini göstərməkdədir. Və təəssüf ki, hazırda məktəblərimiz də Elm və Təhsil Nazirliyi(ETN) kimi qapalı bir quruma çevrilməkdədir. Valideynin məktəbə daxil olması, direktorla görüşməsi problem olmuşdur. Səbəblər aydındır. Amma məktəbdə, cəmiyyətdə tərbiyə işini qaldırmaq istəyiriksə, məktəb-ailə işbirliyini bərpa etməliyik...
Bu cür halların artması məktəblərdə psixoloji xidmətlərin də vəziyyətini yenidən qiymətləndirməyi zəruri edir. Təhsil ocaqlarında psixoloji xidmətin əsas məqsədi şagirdlərin psixoloji sağlamlığını qorumaq və onların təhsil müvəffəqiyyətlərini artırmaqdır. Bu xidmətlər şagirdlərin təlim və tərbiyə sahəsindəki çətinliklərini aşkara çıxarmaq, onların şəxsi və intellektual inkişafındakı qüsurları aradan qaldırmaq və sosial cəhətdən fəal şəxsiyyətlərin formalaşdırılmasında dövlət və cəmiyyətə köməklik göstərməkdən ibarətdir...
Onu deyim ki, məktəbdə psixoloji xidmətin səmərəsizliyinin səbəbləri də çoxdur. Əsas səbəb bir nəfər psixoloqun belə ağır bir işin öhdəsindən təkbaşına gəlməkdə çətinlik çəkməsidir. Hesab edirik ki, “Məktəblinin Dostu” kimi əhəmiyyətsiz layihələrə yönələn maliyyəni məktəbdə psixoloji xidmətin gücləndirilməsinə yönəltmək lazımdır. Digər tərəfdən, məktəb psixoloqu ağır iş rejiminin qarşılığında çox aşağı maaş alır...
Axı, tərbiyə də təhsil kimi millətin gələcəyini təyin edir...
Məktəblərdə son vaxtlar baş verən neqativ hadisələr cəmiyyətdə tərbiyə məsələsinin arxa plana keçirilməsi, daha doğrusu başlı-başına buraxılması ilə əlaqədardır. Şagird-müəllim münasibətlərinin neqativ xarakter alması, bu cür xoşagəlməz hadisələrin çoxalması məktəbdə tərbiyə işinin aşağı səviyyəsini göstərir. Sovet dönəmində də məktəblərdə bəzən belə hadisələr baş verərdi. Lakin nadir hallarda... İndi isə təəssüflər olsun ki, belə olaylar sistematik xarakter alıb...
Bu problemin yaranmasında günahların bir qismi məktəbin üzərinə düşür. Hər bir sistemin işinin səmərəsi bu sistemin sükanı arxasında olan kadrın peşəkarlıq səviyyəsindən asılıdır. Məktəblərə son vaxtlar direktor təyinatında səhvlərə yol verilir. Bu məsələ mətbuatda da müzakirə mövzusuna çevrilməkdədir. Heç bir pedaqoji təhsili və pedaqoji stajı olmayan insanların məktəblərə direktor təyin edilməsi halları çoxalıb. Bu, ciddi səhvdir. Məktəbin rəhbərliyi, məktəbin idarəedilməsi, ona nəzarət pedaqoqların əlində olmalıdır, menecerliyi bacaran hər hansı qeyri-pedaqoqun, təlim-tərbiyədən uzaq kadrların yox... Mütləq şəkildə bilməliyik ki, məktəbə təhsilə aidiyyatı olmayan kənar şəxslərin rəhbər vəzifəyə gətirilməsi, birmənalı olaraq təhsilə fəlakət gətirəcəkdir. Artıq ilk simptomlar görünür. Hər peşənin öz sənətkarı var. Hər sahənin idarəedilməsi bu sferada zəngin təcrübə qazanan kadrlara həvalə edilməlidir. Təhsil sahəsində də belədir. Ancaq təəssüflər olsun ki, pedaqoji təhsili olmayanlar məktəblərdə direktor kimi fəaliyyət göstərirlər. Bu çox uğursuz eksperimentdir. Bu amil məktəbdə tərbiyə işini zəiflədən əsas səbəblərdəndir...
Tərbiyə işinin zəifləməsinin digər səbəbi ölkədə, cəmiyyətdə, eləcə də təhsil sistemində ideoloji boşluğun olmasıdır. 30 il müstəqillik təcrübəmiz olsa da, hələ də təhsil sistemində işlək tərbiyə konsepsiyası yoxdur. Yadımdadır, 2000-ci illərdə TN-də tərbiyə şöbəsi vardı. İndi mən bilən belə bir şöbə yoxdur. Ümumiyyətlə hazırkı ETN-nin strukturu hansı şöbələrdən ibarətdir, müdirləri kimlərdir, əməkdaşları kimlərdir, bu məlumatlar çox məxfi saxlanılır sanki. Digər nazirliklərdən fərqli olaraq Elm və Təhsil Nazirliyinin saytından onun strukturunu və orada işləyən insan kapitalının keyfiyyətini müəyyən etmək mümkün deyil, sanki bu dövlət sirridir. Əvvəllər bu qurum daha şəffaf və əlçatan idi ictimaiyyət üçün...
ETN-nin tərbiyə şöbəsi 2000-ci illərdə tərbiyə konsepsiyası hazırlamışdı. Amma sonralar bu konsepsiyadan, deyəsən, heç istifadə edilmədi. Ümumiyyətlə, sovet illərində tərbiyəyə dair yazılmış kitablardan, tədqiqatların nəticələrindən, konsepsiyalardan müstəqillik illərində istifadə etmək düz deyil. Çünki, cəmiyyətdə son 20-30 ildə çox şey dəyişdi. Müstəqillik illərində tərbiyə mövzusunda diqqəti cəlb edən əsərlər də az oldu, bu sırada yalnız 20 il əvvəl yazılmış professor Zakir Qaralovun "Tərbiyə" trilogiyasını qeyd edə bilərəm. Hələlik tərbiyəyə dair bu kitabdan başqa dəyərli nəsə başqa kitab xatırlamıram...
Tərbiyə məsələsinin zəifləməsinin digər səbəbi KİV, xüsusən telekanallardır. Elə verilişlər var ki, ona baxanda adam dəhşətə gəlir: bu nə mövzudu, bu nə aparıcıdı, bu nə səviyyəsiz verilişlərdi? Hesab edirəm ki, belə verilişlər gənclərin tərbiyəsinin pozulmasına xidmət edir. Maarifləndirici, idraki, vətənpərvərlik istiqamətində verilişlərimiz, əfsuslar olsun ki, azdır. Digər tərəfdən, cəmiyyət bilməlidir ki, tərbiyə təhsildən üstündür. Bilməliyik ki, "İnsanı əxlaqi yox, yalnız intellektual səviyyədə tərbiyə etmək, cəmiyyət üçün təhlükə yaratmaq deməkdir." (Teodor Ruzvelt)...
Uşaqların təhsil proqramlarını mənimsəməsi üçün valideynlər müxtəlif yollar axtarır, xeyli xərc çəkirlər, amma onların tərbiyəli olması barədə elə də narahat olmurlar, sanki, hər şey öz-özünə həll ediləcəkdir. Digər tərəfdən, məktəblərdə tədris prosesi pozulub. Repetitorluq kütləviləşəndən sonra şagirdlərin dərsə davamiyyəti də azalıb. Çünki şagirdlər pul qarşılığında repetitordan bilik alacaqlarını düşünürlər. Onlarda belə təsəvvür yaranır ki, hər işi pulla həll etmək mümkündür. Beləliklə, uşaqların nəzərində pul kultu, sanki pula səcdə xisləti yaranır və nəticədə maddiyyat mənəviyyatı üstələyir. Müəllimin nüfuzu da son onilliklər xeyli aşağı düşüb. Bu gün də müəllimlər sanki hüquqsuz bir zümrədir. Nə qədər imtahan etmək olar müəllimləri? Bir qisim müəllimlər isə şagirdlərə müştəri gözü ilə baxırlar. Şagird də bunu hiss edir. Bütün bu mənfi hallar kompleks halda həm müəllim nüfuzunu, həm də məktəbdə təlim-tərbiyə prosesinə mənfi təsir edir...
Fikirlərimiz XX əsrin əvvəllərində görkəmli maarifçilərimizin nəşr etdiyi “Füyuzat” jurnalından oxuduğum bir fikirlə bitirmək istəyirəm:
"Mənəvi tərbiyəni düzgün quran millət həqiqi mənliyə sahib olacaqdır”...”