10 il sonra "Qələbə paradı"nda - Lazımdırmı?
Bu gün, 09:28

Mayın 9-da Moskvada İkinci Dünya müharibəsində nasist Almaniyası üzərində qələbənin 80-ci ildönümünə həsr olunmuş hərbi parad keçiriləcək.
Budəfəki Qələbə paradının əsas iştirakçıları – Çin, Braziliya, Belarus, Serbiya, Venesuela və Mərkəzi Asiya ölkələri – Rusiya ilə ya strateji tərəfdaşlıq, ya da uzunmüddətli siyasi yaxınlıq göstərən dövlətlərdir.
Rusiya lideri Vladimir Putin prezident İlham Əliyevi Moskvada keçiriləcək tədbirlərə martın 15-də telefon danışığı zamanı dəvət edib.
Bundan bir gün öncə Ermənistanın baş naziri də paradda iştirakını təsdiqləmişdi.
Avropa İttifaqının baş diplomatı Kaya Kallas isə potensial Aİ üzvlüyünə namizəd ölkələrin liderlərini bu hərbi parada qatılmamaları barədə xəbərdar edib, onları bunun əvəzinə Ukrayna ilə həmrəylik göstərməyə çağırıb.
Putinin niyyəti
Siyasi psixoloq Samirə Qasımlı deyir ki, parada daha çox liderin qatılması Vladimir Putin üçün vacib amildir: "Dünyada təcrid olunmuş Kremlin lideri indi daha çox onu göstərmək istəyir ki, onun təşkil etdiyi bayram tədbirində maksimal dərəcədə çoxlu sayda prezident iştirak edir. Putin bunu həm özünün daxili auditoriyası, həm də beynəlxalq ictimaiyyət üçün edir".
Hakim YAP-dan deputat Elman Nəsirov isə prezident Əliyevin Moskvada parada getməsini doğru addım sayır. Onun fikrincə, Azərbaycan müstəqil siyasət yürüdür və bu da o yoldakı növbəti addımdır: "Bu, Azərbaycanın dövlət siyasətidir. Biz, Azərbaycan xalqı faşizm üzərində qələbəyə böyük töhfələr vermiş bir xalqıq və belə bir vəziyyətdə Azərbaycan prezidentinin bu mühüm yubiley tədbirində iştirak etməsi məntiqlidir".
Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevin TASS agentliyinə dediyinə görə, 80 nəfər Azərbaycan hərbçisi mayın 9-da Moskvada keçiriləcək paradda iştirak edəcək: "Bu, bizim ümumi tarixdir, bu, bizim qələbədir".
Qələbə paradına gedəcək ölkələrin liderləri, əsasən, Rusiya ilə açıq diplomatik əlaqələrini qoruyan dövlət başçılarıdır. Amma əvvəllər paradda iştirak mənzərəsi daha fərqli idi.
Son 25 ilin Qələbə paradları
2000-2015-ci illərdə Moskvada keçirilən Qələbə paradları beynəlxalq həmrəyliyin və tarixi yad etmənin simvolu kimi qəbul olunurdu. 60, 65 və 70 illik yubileylərin keçirildiyi 2005, 2010 və 2015-ci illərdə xarici liderlər – o cümlədən ABŞ, Aİ və MDB ölkələrinin başçıları – tribunada yer alır, 2010-cu ildə isə ilk dəfə Azərbaycan da daxil olmaqla xarici hərbi kontingentlər Qırmızı Meydanda yürüş edirdi. Prezident İ.Əliyev hər üç yubiley paradında iştirak etmişdi.
Lakin 2015-ci ildə Moskvanın Ukraynanın Krım vilayətini ilhaq etməsi Qərbin ritorikasını dəyişdi və paradı boykot edən Qərb liderlərinin yerinə tribunada yalnız Moskva ilə yaxın münasibətləri olan dövlətlər – Çin, Hindistan, Azərbaycan, Belarus və digərləri qaldı.
2016-2019-cu illərdə Moskvadakı Qələbə paradları, əsasən, daxili tədbirə çevrilmiş, xarici liderlərin və hərbi kontingentlərin iştirakı minimuma enmişdi.
Azərbaycan bu illərdə nə prezident, nə də hərbi səviyyədə təmsil olundu, 2020-ci ildə 75 illik yubiley pandemiyaya görə iyuna keçirildi; Azərbaycan hərbçiləri yürüşdə iştirak etsə də, prezident Əliyev tədbirə qatılmadı. 2021–2022-ci illərdə isə əvvəlcə pandemiya, sonra isə Ukrayna müharibəsi səbəbiylə paradlara heç bir xarici lider qatılmadı, Azərbaycan da daxil olmaqla.
2023 və 2024-cü illərdə Moskva tribunalarında Mərkəzi Asiya ölkələrinin liderləri və bir neçə qeyri-Qərb ölkəsi görünməyə başlasa da, Azərbaycan yenə iştirak etmədi. Bu fasilə Bakı ilə Moskva arasında münasibətlərin ehtiyatlı şəkildə tənzimləndiyi bir mərhələ kimi dəyərləndirildi. 2024-cü ildə paradın Azərbaycanda keçmiş prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş təntənəli tədbirlərlə üst-üstə düşdüyü əsas gətirildi.
Əliyev 10 ildən sonra ilk dəfə parada gedir və bu qərar son aylarda Bakı–Moskva xəttində müşahidə olunan yumşalma fonunda baş verir.
Ehtiyatlı ritorikanın iki məqsədi
Dekabrda Qroznı yaxınlığında Azərbaycan təyyarəsinin vurulmasından sonrakı sərt ritorika son aylarda səngiməyə başlayıb; artıq tərəflər açıq ittihamlar səsləndirmir. Prezident Əliyev təyyarə insidentindən sonra Rusiyanı məsuliyyəti qəbul etməyə, üzr istəməyə və məsul şəxsləri cəzalandırmağa çağırmışdı. Martın əvvəlində isə bəzi qarşılıqlı jestlər baş verdi, məsələn, Moskvada keçmiş prezident Heydər Əliyevin abidəsinin təməli qoyuldu.
Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, siyasi şərhçi Qulu Məmmədliyə görə, Azərbaycanın 9 May paradında iştirakı, rəsmi ritorikada fərqli mesajlar verilsə də, son illərdə Moskva ilə münasibətlərdəki strateji yaxınlığın və siyasi koordinasiyanın açıq təzahürü kimi görünür: "Hesab edirəm ki, Azərbaycan hökumətinin 1993-cü ildən bu yana Rusiya siyasi elitası ilə hər hansı konseptual fikir ayrılığı yoxdur, çünki hər iki hakimiyyətin idarəetmə fəlsəfəsi və xarici siyasət kursu eyni ənənələr üzərində bərqərar edilib. Biz təyyarə olayında da Azərbaycan hökumətinin maksimum səviyyədə Rusiya ilə ehtiyatlı ritorikasının şahidi olduq. Hesab edirəm ki, belə bir görüntü yaratmaqla həm daxili auditoriyanı müəyyən mənada Azərbaycan hökumətinin xarici siyasətini tam müstəqil həyata keçirməsi fikrinə alışdırmaq istəyirlər. Digər məqsəd Rusiyanın Ukraynaya təcavüzündən sonra ABŞ başda olmaqla Avropa dövlətlərinin tətbiq etdiyi sanksiyalardan yaxa qurtarmaq, yəni "biz Rusiyanın tərəfində deyilik" görüntüsü yaratmaqdır".
Amma deputat E.Nəsirov bu fikirlə razı deyil. O deyir ki, müstəqil, eləcə də milli maraqlara söykənən siyasət və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri Azərbaycan diplomatiyasının əsas xəttidir: "Hansı məsələlərdə maraqlarımız üst-üstə düşürsə, biz orada varıq və bu istiqamətdə addımlar atırıq. Hansı məsələlərdə fikir ayrılığı yaranırsa, maraqlarımız təmin edilmirsə, biz həmin yerdə yoxuq. Rusiya ilə münasibətlərimizə gəldikdə isə, Azərbaycan və Rusiya arasında münasibətlər müttəfiqlik münasibətləridir. 2022-ci ilin fevralında bu istiqamətdə mühüm sənəd imzalanıb. Amma bu, o demək deyil ki, Azərbaycanın maraqlarına zidd bir proses baş verərsə, biz öz etirazımızı bildirməyəcəyik və qəti mövqeyimizi ifadə etməyəcəyik".
Kimin yanındayıq?
Siyasi psixoloq S.Qasımlı isə dünyada baş verənlərin fonunda Azərbaycan prezidentinin paradda iştirakını birbaşa mesaj kimi dəyərləndirir. O deyir ki, İ.Əliyev parad tribunasında görünməyin artıq tərəf seçmək anlamı daşıdığı bir zamanda iştirakını təsdiqləyib: "Rusiyanın Ukraynaya aqressiyasından sonra Kremlin sahibinin təşkil etdiyi tədbirlərə getmək, onun ev sahibliyi etdiyi tədbirlərdə Putinlə çiyin-çiyinə durmaq indi sanki aqressora dəstək kimi anlaşılır. Avropa da bunu seçim kimi dəyərləndirdiyini göstərir. Yəni kim Rusiyanın, kim Ukrayna ilə birgə Avropanın yanında dayanır. Maraqlıdır ki, ötən ilin iyununda İsveçrədə Ukrayna sülh sammitinə Azərbaycan qatılmamışdı. Həmin tədbir də kim "Ukraynanın yanındadır" mesajı ilə assosiasiya olunurdu".
Dünya ölkələrinin əksəriyyəti nasizm üzərində qələbəni mayın 8-də, Rusiya isə mayın 9-da qeyd edir. Putinin hakimiyyəti dövründə bu bayramın təntənəli keçirilməsi bir növ Qərbə güc nümayişi də sayılır. Görünür, bu il də dünya Qələbə günündə Qırmızı Meydanda hərbçilərin, texnikanın yürüşü ilə yanaşı, həm də Putinlə bir cərgədə dayanan liderlərin paradını izləyəcək.