Çağırış yaşı qaldırılır, Ermənistanda müharibə hazırlığı başladı? DETALLAR
Bu gün, 00:07

Paşinyan hökumətinin velosipedi təzədən “kəşf etmək” cəhdləri davam edir. Bu isə sırf zaman itkisi olmaqla yanaşı, Ermənistan adlı simvolik dövlətə yaxşı heç nə vəd etmir və edə bilməz. Azərbaycanla barışıq məsələsində astagəlliyin altını ilk növbədə kapitulyant ölkə çəkə bilər və çəkəcək. Çünki təcrid durumunda, dalanda qalan o.
Bir yandan 2025-ci il üçün rekord həddə hərbi büdcə (1.7 milyard dollar) müəyyən edib, o biri yandan Ermənistan konstitusiyasından qonşulara qarşı torpaq iddiası ilə bağlı müddəaları çıxarmağa tələsməməklə, bunun əvəzində quru boşboğazlıq etməklə dünyanın gözündə sülhpərvər kimi görünmək mümkün deyil. Ermənistan, erməni xalqı sülh istəyirmi? Bu sual hələ də açıq qalır. Sülh istəyirsə, onda təcili referenduma gedib öncə öz davakar konstitusiyasına sülh konstitusiyasına çevirsin, görək çevirirmi?..
Bu arada məlum olub ki, Ermənistanda orduya məcburi hərbi xidmət üçün maksimum yaş həddinin 27-dən 37-yə qaldırılması təklif edilir. “Joqovurd” qəzetinin yazdığına görə, hakim “Mülki müqavilə” partiyasından olan deputat Hayk Sarkisyan müvafiq qanunvericilik təşəbbüsü ilə çıxış edib. Yəni təklif bilavasitə baş nazir Nikol Paşinyadan gəlir.
Təklifdə “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanuna dəyişikliklər, həmçinin “Dövlət rüsumu haqqında” qanuna və Ermənistan Cinayət Məcəlləsinə əlavələr daxildir. Xidmətdə olmanın yaş həddinin artırılması ilə yanaşı, 18 yaşına kimi vətəndaşlığını dəyişən kişilər üçün 15 milyon dram (təxminən 40 min dollar) rüsum müəyyən edilməsi təklif olunur. Bu məbləğ hərbi xidmətdən yayınan 27 yaşından yuxarı vətəndaşlara cinayət məsuliyyətindən yayınmağa imkan verəcək.
Mənbənin bildirdiyinə görə, təşəbbüsdə məqsəd çağırışçıların sayını artırmaq və kişilər arasında Ermənistan vətəndaşlığından çıxma hallarının qarşısını almaqdır...
Əslində əsas hədəf elə bu. Çünki 44 günlük müharibədəki acınacaqlı məğlubiyyətdən, ardınca (2023, sentyabr) “artsax” nağılının tam bitməsi və statusun gorbagor olmasından sonra erməni cəmiyyəti faktiki apatiya və natamamlıq kompleksi içindədir. Onsuz da xarici ölkələrə köç etməyə meylli olan bu toplum sabaha heç bir ümidi qalmadığı, o sırada sülh, yoxsa savaş məsələsində qeyri-müəyyənlik davam etdiyi üçün sürətlə Ermənistanı tərk etməkdədir. Həm də birdəfəlik və çox vaxt ailəlikcə.
Gözlənilir ki, Avropa İttifaqı ilə viza rejiminin yumşaldılmasından sonra köç proses daha intensiv xarakter alacaq. Nə vaxtadək humanitar yardıma, qəpik- quruşa göz dikmək olar ki? Bu da diqqətçəkicidir ki, gedənlər arasında Qarabağdan könüllü köç edənlər də var. Təbii ki, onların arasında çağırış yaşlı olanlar kifayət qədərədir...
Bütün bu neqativləri, - üstəgəl, ölkə üzrə doğum sayının azalması fonunda, - hakimiyyətdəkilər görməyə bilməz. Ancaq çağırış yaşının 37-ə çatdırılması da ordunun şəxsi heyətini komplektləşdirmək üçün çıxış yolu ola bilməz. Nəzərə alsaq ki, hələ də Azərbaycana revanşist planlardan əl çəkməyən Ermənistanın peşəkar ordu qurmaq imkanları zəifdir, o zaman ölkədən köçü səngitməyin yalnız bir yolu qalır – vaxt itirmədən Azərbaycan və Türkiyə ilə hərtərəfli normallamaya və sərhədlərin açılmasına müvəffəq olmaq.
Kasıb Ermənistan əhalisinin boğazından kəsib yeni müharibə hazırlığına böyük vəsaitlər xərcləməkdənsə, cırtdan bir ölkə üçün ən doğru, ən rasional yol bu. Qalır bunu ermənilərin hakimiyyət, cəmiyyət və müxalifət olaraq, elliklə dərk eləməsi. Zaman amansızdır və gözləmir...
Analitik xidmət,
Musavat.com