Saleh Məmmədov ataların vəzifələrini oğullarına paylayır - tayfaçılıq və korrupsiya
Bu gün, 10:52

Azərbaycanda ataların övladlarına vəzifə ötürməsi ənənəvi hal almaqdadır.
Məsələn, Fəzail Ağamalı, Əhməd Vəliyev mandatı öz uşaqlarına hədiyyə etdilər. Amma vəzifə hədiyyə olunması bununla məhdudlaşmır.
Anaxeber.com bildirir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsin (AAYDA) Şabran rayonu üzrə "3 nömrəli Yol İstismar" İdarəsində də eyni dəyişiklik olub. İdarə rəisi Rafiq Kərimovun yerinə oğlu Elməddin Kərimov təyin edilib. Yəni ata yerini oğluna verib. Sanki bu idarə dədə-baba mülküdür. Sərəncam isə AAYDA sədri Saleh Məmmədov tərəfindən imzalanıb. Qurum rəhbəri də idarənin atadan oğula ötürülməsinə razılıq verib. Dövlətin idarəsini şəxsi iaşə obyekti kimi işlədən bu məmurların təfəkkürü traybalizm, tayfaçılıq üzərində qurulub. Belə çıxır ki, Şabranda olan idarədə başqa mütəxəssis tapılmadı və atanın yerinə oğul keçdi.
Əslində, təəccüb doğurmur. Azərbaycanda belə nümunələr çoxdur. Bir sıra dövlət idarələri ər-arvad-uşaq, qohum-əqrəba, dost-tanış prinsipi ilə idarə olunur. Bu da ona hesablanıb ki, pul kənara çıxmasın.
Halbuki araşdırma aparıldıqda Şabrandakı idarənin "en" qədər nöqsanı, yeyintisi aşkarlana bilər. Çünki Şabranın yolları bərbad vəziyyətdədir. Deməli, ayrılan vəsaitlər xımır-xımır yeyilib. Bu mənimsəmə və talançılıq AAYDA rəhbərliyindən başlanır ta regional idarələrə qədər.
Bu faktın özü də təsdiq edir ki, Kərimovlar ailəsi idarəni ələ keçirib və sədr Saleh Məmmədov bu vəziyyətdən məmnundur.
Hərçənd, qanun bir dövlət idarəsində yaxın qohumların bir yerdə işləməsini qadağan edir. Amma bu, nə Kərimovları, nə sədr Məmmədovu maraqlandırır. Belə görünür ki, Saleh Məmmədov AAYDA-nı bazara çevirib və kimə istəsə vəzifə verir.
Bu da qurumda korrupsiyanın miqyasını təsəvvür etməyə imkan yaradır.
Ümumiyyətlə, atanın yerinə oğulun idarə rəisi təyin olunması hüquq-mühafizə orqanları üçün araşdırma predmeti ola bilər. Sual olunur ki, Saleh Məmmədovun oğulu atanın yerinə gətirməsində hansı marağı olub?
Kəsəsi, bu fakt Azərbaycan reallıqlarını göz önünə sərir. Eyni zamanda, AAYDA-nın necə idarə edildiyini yenidən gündəmə gətirir.
Qeyd edək ki, bir müddət əvvəl Saleh Məmmədovun işdən çıxarılacağı xəbərləri yayılmışdı. Sonra mövzu gündəmdən çıxdı. Amma bu gözlənti qalmaqdadır. Onun həm yaşı, həm qurumu yaxşı idarə edə bilməməsi, ən əsası isə AAYDA-nı korrupsiya yuvasına çevrilməsi gedişini şərtləndirir. Ardınca bu faktın, yəni ata-oğul məsələsinin üzə çıxması bir daha sübut edir ki, Məmmədovun sədrlikdən getməsi, qurumda islahatlar aparılması zəruri və qaçılmazdır...
Anaxeber.com