Qərbi Azərbaycan İcmasından anlaşılmaz addım: Vəsiqə paylayan təşkilat? - NƏ BAŞ VERİR?
4-06-2025, 20:21

“Qarabağ zəfərindən sonra ən möhtəşəm və mühüm hadisə nədir” soruşsalar, “Qərbi Azərbaycan İcmasının yaradılmasıdır” deyərdim. Hər bir Qərbi azərbaycanlının ürəyində ümid var: “Biz də ata-baba yurdlarımıza qayıdacağıq!”
Bu arzunun reallaşacağına ümidimiz tamdır. Çünki Qərbi Azərbaycana qayıdış Prezident İlham Əliyevin xarici siyasətinin mühüm strateji hədəfidir. İlham Əliyev Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıdışını dövlət siyasətinin mühüm istiqaməti kimi müəyyən edib. Bu siyasət həm tarixi ədalətin bərpası, həm də regionda sülhün və təhlükəsizliyin təmin edilməsi məqsədini güdür.
Qərbi Azərbaycan İcmasının yaranma məqsədi aydındır: Ermənistan ərazisindəki tarixi yurdlarından zorla çıxarılmış Qərbi azərbaycanlıların hüquqlarını müdafiə etmək, onların sülh yolu ilə öz doğma torpaqlarına qayıdışını təmini və bu məsələni beynəlxalq platformalarda gündəmə gətirmək. Ancaq son zamanlar Qərbi Azərbaycan İcması ilə bağlı ciddi suallar yaranmağa başlayıb. Ən önəmlisi isə budur: bu icmanı kim təmsil edir?
İcmaya üzv qəbulunda müşahidə etdiyim tendensiyalar göstərir ki, artıq Qərbi Azərbaycan kökləri olmayan şəxslər də bu qurumun aktiv üzvləri və hətta rəhbər şəxsləri sırasına daxil edilir. Bu isə sual doğurur: əgər bu icma konkret bir tarixə, faciəyə və coğrafiyaya əsaslanan bir ideya ilə formalaşıbsa, niyə bu tarixi yaşamamış və ya bu məsələ ilə birbaşa bağlılığı olmayan şəxslər icmaya üzv olur, əsas mövqeləri tutur?
Bu cür genişlənmə və qeyri-spesifikləşmə icmanın ilkin məqsədlərindən uzaqlaşması riski yaradır. Ən real təhlükə isə ideoloji baxımdan Qərbi Azərbaycan məsələsinin spesifikliyinin, deportasiya, tarixi torpaqlara bağlılıq və kollektiv yaddaşın itib getməsidir.
Bunun nəticəsi olaraq, icmanın legitimliyi sual altına düşə bilər. Çünki hər hansı bir etnik, tarixi və ya coğrafi hüququn müdafiəsinə yönəlmiş təşkilatın əsas təmsil olunma şərti həmin hadisəni bilavasitə yaşamış və ya onun birbaşa varisi olan şəxslərlə bağlıdır.
Kimsə düşünürsə ki, icmanın say baxımından böyüməsi məqsədin gücləndirilməsinə xidmət edir, yanılır. Bu, icmanı daha da zəiflədə bilər.
Əgər bu istiqamət davam edərsə, Qərbi Azərbaycan İcması “qeyri-səmimi”, “şişirdilmiş” bir struktura çevrilər. Belə bir dönüş isə Qərbi azərbaycanlıların real ağrılarının və hüquqi tələblərinin ciddiyə alınmamasına səbəb olar. Bu isə nə tarixi ədalətə, nə də milli maraqlara xidmət edir. Bu bir növ son illər Azərbaycan Yazıçılar Birliyinin (AYB) tutduğu yola bənzəyir. AYB kimə gəldi üzvlük vəsiqəsi payladığı kimi, İcma da artıq miqyası “böyütməklə” məşğul olur. Nəticədə ciddilik itir, mötəbərlik zədələnir.
İcma rəhbərliyi bu məsələləri açıq şəkildə müzakirəyə çıxarmalı, şəffaflıq təmin olunmalı və təşkilatın təməl prinsiplərinə sadiqlik qorunmalıdır. Əks halda, bu qurum Qərbi azərbaycanlıları təmsil etməyən bir təşkilata çevrilə bilər.
Globalinfo.az