Görkəmli yazıçı, şair, dramaturq Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı və həyat yoldaşı — yazıçı, jurnalist, şair Seyfəddin Dağlı.

Bu gün, 00:03           
Görkəmli yazıçı, şair, dramaturq Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı və həyat yoldaşı —
XX əsr Azərbaycan ədəbiyyatında Seyfəddin Dağlı öz şeirləri, əsərləri və maraqlı publisistik yazıları ilə böyük oxucu sevgisi qazanmış nadir qələm sahiblərindən biri idi. O, 1938-ci ildə maraqlı və oxunaqlı felyetonlarla mətbuata qədəm qoydu. On il sonra, 1948-ci ildə isə ilk kitabı — “Dəniz kəşfiyyatçısı” işıq üzü gördü. Əsərləri daha ilk gündən geniş oxucu kütləsinin rəğbətini qazandı.
İkinci Dünya müharibəsi illərində onun felyeton və satirik hekayələri “Vətən uğrunda” jurnalında, “Ədəbiyyat” qəzetində, eləcə də Təbrizdə nəşr olunan “Vətən yolunda” qəzetində dərc olunurdu.
Seyfəddin Dağlı ilə Gülarə Cabbarlının tanışlıq tarixçəsi isə xüsusilə maraqlıdır. Xatirələrdən öyrənirik ki, günlərin birində Seyfəddin Dağlı Gülarə xanıma elçi düşmək qərarına gəlir. Bunun üçün Cəfər Cabbarlının həyat yoldaşı Sona xanımın direktor olduğu Teatr Muzeyinə gedir və deyir:
— İstəyirəm, Gülarənin taleyini mənim taleyimlə bağlayasan, Sona xanım.
Sona xanım isə təbəssümlə cavab verir:
— Mən qızımı sənə verərəm, Seyfəddin. Ancaq əvvəlcə Gülarənin özü ilə danış, onun fikrini öyrən. Bil, səninlə ailə qurmağa razıdırmı, yoxmu.
Gülarə xanım xatirələrində belə danışır: "O zaman anama dedim ki, yəqin bizim ailə qurmağımızı sən istəmisən. Anam isə gülüb cavab verdi: “Nə danışırsan? Seyfəddin neçə dəfə iş yerimə gəlib, səni məndən istəyib. Sabah dərsdən sonra məktəbinizin yaxınlığındakı poçtun qabağında səni gözləyəcək.” Mən o vaxta qədər Seyfəddinin məni sevdiyini, mənimlə ailə qurmaq istədiyini heç bilmirdim. Bir dəfə də olsun bu barədə söz açmamışdı. Amma onu görəndə həmişə nədənsə uşaq kimi utanırdım.
Biz onunla görüşüb söhbət etdik. Seyfəddin dedi: “Bir neçə eyibim var, indidən deyim ki, biləsən. Onlardan biri xoruldamağım, digəri isə çeçələ barmaqlarımdan birinin əyri olmasıdır.”
Həmin gün gecə saat birin yarısı olardı. Qapımız döyüldü. Açanda gördük Seyfəddinin atası, əmisi və dostu — “Kommunist” qəzetinin redaktoru İsrafil Nəzərov qapıda dayanıb. Hamımız təəccübləndik: gecənin bu vaxtı elçi gələrmi? Beləliklə, bizim nişanımız oldu. Hər ikimiz tələbə idik. Ona görə də 1953-cü ildə, mən universiteti bitirəndən sonra toy etdik. Üç gün sonra isə Moskvaya yola düşdük.
1983-cü il yanvarın 16-da qızı Qəməri doğum evinə aparırlar. Seyfəddin oğul nəvəsi dünyaya gəldiyini eşidəndə çox sevinir. Elə sevinir ki, illərdir onu incidən ürək ağrıları bu böyük sevinci daşıya bilmir, daha da şiddətlənir. Yanvarın 18-də qaynı Aydın (Cəfər Cabbarlının oğlu) onu həkimə aparmalı imiş. Səhər yuxudan oyanıb əl-üzünü yuyanda ürəyində ağrılar güclənir. Həyat yoldaşı qonşuluqda yaşayan Xalq şairi Nəriman Həsənzadənin evinə qaçaraq kömək istəyir. “Təcili yardım” isə xeyli gecikir. Çatanda artıq çox gec olur — Seyfəddin Dağlı dünyasını dəyişir. Qızı Qəmərə isə atasının ölüm xəbərini düz bir ay sonra deməyə cəsarət edirlər...
Məcid Rəşadətoğlu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru