Həyətyanı torpaq sahəsi olanların nəzərinə
Dünən, 09:37

Şəxsi həyətində yeni tikili inşa etmək istəyən vətəndaş problemlə üzləşib. Ondan həmin tikilini sökməsi, yaxud müəyyən qədər pul verməsi tələb olunub. Bu çətinliklərlə bağlı şəxs sosial media qrupularından birində paylaşım edib. Bəs hansı hallarda vətəndaş öz həyətində yeni tikili ucalda bilməz?
Əmlak eksperti Elnur Azadov Metbuat.Az-a açıqlamasında bildirib ki, bütün tikinti işləri ölkədə Tikinti Məcəlləsi və şəhər planlamasına uyğun aparılır:
“İlk növbədə, vətəndaşın tikinti aparmaq istədiyi torpaq sahəsinə dair mülkiyyət sənədi, yaxud çıxarışı olmalıdır. Müqavilə əsasında istifadəyə verilmiş torpaqlarda da tikinti mümkündür, lakin çıxarışın olması mütləqdir. İkinci mühüm məsələ isə torpağın təyinatıdır. Torpaq yaşayış məntəqələri kateqoriyasına aid olmalı, yəni yaşayış üçün nəzərdə tutulmuş həyətyanı sahə kimi qeydiyyatda olmalıdır. Əgər torpaq digər təyinatlıdırsa, orada tikinti aparmaq qanunsuz hesab olunur”.
E.Azadovun sözlərinə görə, əgər vaxtilə həmin sahədə hər hansı bir tikinti aparılıbsa və vətəndaş əlavə tikinti etmək istəyirsə, bu zaman qanunvericiliklə müəyyən olunmuş şərtlərə və qonşuluq münasibətlərinə əməl olunmalıdır:
“Məsələn, tikinti 5 kvadratmetrə qədər və hündürlüyü 2 metrdən aşağıdırsa, xüsusi icazə tələb olunmur. Lakin tikinti sahəsi və hündürlüyü daha böyükdürsə, bu zaman həmin tikilinin gələcəkdə çıxarışa düşməsi üçün layihələndirilməsi zəruridir. Belə hallarda vətəndaş aidiyyəti qurumlara, müvafiq layihə institutlarına müraciət etməli, onlar isə sənədlərə əsasən layihə hazırlayaraq təqdim etməlidirlər. Tikinti də həmin layihəyə uyğun şəkildə aparılmalıdır”.
Sevinc İbrahimzadə