Rusiya artıq İranın köməyinə ehtiyac duymur
Bu gün, 16:24

İsrail-İran müharibəsindən sonra Tehran bərpa olunmağa ehtiyac duyacaq və çətin ki, o Rusiyaya kömək edə bilsin.
Moderator.az xəbər verir ki, bu barədə “The Financial Times” nəşrində dərc olunmuş məqalədə deyilir.
Qeyd olunur ki, İran silahları, xüsusilə kamikadze dronları, Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlarda mühüm rola malik idi.
“Müharibənin əvvəlində İran Rusiyaya “Şahed-136” döyüş pilotsuz uçuş aparatları (PUA) və onların istehsal texnologiyasını təqdim etdi. Zaman keçdikcə Rusiyanın “Geran-2” adlandırdığı “Şahed”lər Rusiyanın Ukraynanın dərinliklərinə hücum etməsi üçün əsas zərbə qüvvəsinə çevrildi. İran Rusiyanın apardığı müharibəni başqa yollarla da dəstəkləyir, Xəzər dənizi vasitəsilə bu ölkəyə artilleriya mərmiləri və digər sursatlar daşıyırdı”, - məqalədə deyilir.
Jurnalistlərin fikrincə, zəifləmiş İran bu gün Rusiyanın hərbi əməliyyatlarına ciddi təsir göstərə bilməz. İsrailin İranın raket istehsalına vurduğu zərbənin Rusiya-Ukrayna müharibəsinə məhdud təsiri olacaq. Məlumata görə, Rusiya ötən il İrandan "Fath-360" raketləri alıb, lakin hələlik bu raketlərdən Ukraynada istifadə etməyib.
"Ukrayna tərəfinin hesablamalarına görə, Rusiyanın arsenalında müxtəlif mənzilli təxminən 13 000 raket var və ayda 200 yeni raket istehsal edilə bilər. Görünür, Moskva İran raketlərinə kəskin ehtiyac duymur", - məqalədə deyilir.
Qeyd olunur ki, Rusiyanın İrandan asılılığı müharibənin birinci ilində yüksək həddə çatıb, sonra isə onu Çin və Şimali Koreya kölgədə qoyub. 2023-cü ildə KXDR sursat, raket və canlı qüvvə verməklə Rusiyanın hərb maşını üçün vacib tədarükçüyə çevrilib.
"İkili təyinatlı malların və silah komponentlərinin həcminə gəldikdə, Çin Rusiya müdafiə sənayesi kompleksi üçün ən vacib tədarükçüdür. Rusiyanın İrandan asılılığını azaldıqca, komponentlərin tədarükü üçün Çinə müraciətlərin sayı artıb", - nəşr yazır.
Jurnalistlərin iddiasına görə, Alabuqada davam edən Rusiya-Çin logistika kompleksinin tikintisi, "Harpiya-A1" və "Harpiya-3" kimi yeni modellər də daxil olmaqla, PUA istehsalında Çinin artan iştirakından xəbər verir.