Sülh görüntüsü altında ABŞ-nin yeni planları… – İran–İsrail müharibəsi bitdimi?
Bu gün, 15:40

Müharibə göstərdi ki, İsrail müstəqil güc deyil və ABŞ-ın iradəsinə tabedir
İran–İsrail müharibəsində əsas rolu oynayan ABŞ Prezidenti Donald Tramp, doğrudanmı tərəflər arasında sülhə nail olmağa çalışır, yoxsa münaqişənin alovlu fazasına sadəcə fasilə verilib? Trampın açıqlamalarından belə görünür ki, Vaşinqton öz məqsədlərinə çatıb – İranın nüvə obyektləri məhv edilib. Lakin Trampın mövqeləri sabit deyil – bu gün dediklərini sabah təkzib edə bilər.
Trampın impulsiv və məsuliyyətsiz açıqlamaları arxasında ciddi strateji niyyətlər dayanır. ABŞ Prezidenti bu cür davranışla sadəcə şəxsi populizmini deyil, həm də ABŞ-ın yeni dünya nizamında oynadığı rolu sərgiləyir. Əgər doğrudan da qlobal nizam dəyişirsə, bu, köhnə beynəlxalq sistemin ya tam demontajı, ya da dərin islahatı anlamına gəlir. ABŞ hazırda bu köhnə sistemin sütunlarını dağıdır və yerinə yeni “güc əsasında idarə olunan” bir tənzimləmə gətirməyə çalışır.
Bu kontekstdə İran–İsrail münaqişəsinə də sıradan bir müharibə kimi yox, ABŞ-ın geosiyasi layihəsinin bir mərhələsi kimi baxmaq lazımdır. Ona görə də bu gün sülhdən danışan Tramp sabah İsrailin əli ilə İrana qarşı yeni hücumu başlada və bunu legitimləşdirmək üçün saysız arqument irəli sürə bilər.
Tamaşa yoxsa strateji ssenari?
Bu qarşıdurmaya “tamaşa” deyənlər də var. Ancaq əgər bu, bir tamaşadırsa, onun ssenari müəllifi və rejissoru ABŞ-dır. İran və İsrail isə bu mürəkkəb oyunun içində sadəcə fiqurlardır. Hazırkı vəziyyət göstərdi ki, ABŞ həm Tehran, həm də Təl-Əviv üzərində ciddi təsirə malikdir. Çünki İranla İsrailin bir-birini zəiflətməsi, Vaşinqtonun Yaxın Şərqdəki strategiyasına tam uyğun gəlir.
İran hakimiyyəti isə xalqı qarşısında məğlubiyyət görüntüsünü aradan qaldırmaq üçün qələbə şousu təşkil edir. Lakin bu “təntənəli bayram” suallar doğurur. Xüsusən də, hava hücumundan müdafiə sisteminin ağr zərbə aldığı, generallarınnz və nüvə alimlərinin öldürüldüyü bir şəraitdə…
İran iddia edir ki, nüvə enerjisini yalnız dinc məqsədlərlə istəyir. Ancaq bu ölkənin gələcəkdə nüvə silahına sahib olduqdan sonra regionu təhdid edəcəyi ehtimalı ciddi şəkildə müzakirə olunur. Bəzi analitiklər deyirlər ki, İran İsrailə nüvə zərbəsi endirməz, çünki orada müqəddəs Qüds şəhəri və fələstinlilər yaşayır. Amma bu, zəmanət deyil.
ABŞ qorxur ki, İranın belə bir silaha sahib olması onun Yaxın Şərqdəki hərbi bazalarını da təhlükə altına sala bilər.
Müharibənin nəticələri və qarşılıqlı zərbələr
Müharibə həm də ABŞ-a İran və İsrailin hərbi gücünü əyani şəkildə analiz etmək imkanı verdi. İran təxminən 550 raket və 1000-dən çox PUA buraxdı, onların əksəriyyəti zərərsizləşdirilsə də, bəzi ağır raketlər İsrailin “Dəmir Qübbə” sistemini yararaq yaşayış məntəqələrində dağıntılar törətdi.
İsrail isə İrana təxminən 1200 hava zərbəsi endirərək, 20 aparıcı nüvə fizikini, çoxsaylı general və hərbi obyektləri, aerodromları və raket bazalarını sıradan çıxardı. İranın hava məkanında maneəsiz uçuşlar İsrailə üstünlük verdi.
İranın nüvə proqramına da ciddiı zərbə vuruldu. Ancaq tam sıradan çıxarılmadı . Bu isə İsrail də öz məqsədinə nail ola bilmədiyinim göstərir.
Həm də bu müharibə göstərdi ki, İsrail müstəqil güc deyil və ABŞ-ın iradəsinə tabedir. Əslində, İran da eyni vəziyyətdədir. Lakin ABŞ müharibədə kimsəsiz qalmış İranın məhv edilməsinə imkan vermədi və hansısa pərdəarxası razılaşma ilə atəşkəsə gedildi. Nəticədə rejimin ictimai siması qorundu. Bundan sonra İran rəsmiləri təbliğatın dozasını daha da yüksəldəcəklər. Məsələn, İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri Nəbavian deyib ki, “biz əvvəllər regional güc idik, indi isə İran xalqı qlobal və beynəlxalq gücə çevrilib”.
ABŞ isə həm də balansı qorumaq üçün İrana qarşı daha böyük müharibəyə imkan vermədi. Pərdəarxası razılaşma nəticəsində atəşkəs əldə olundu və İran rejiminin ictimai imici qorundu.
İranın üstünlükləri və İsrailin zəif tərəfləri üzə çıxdı
Müharibə zamanı diqqətçəkən məqamlardan biri də İranın müəyyən üstünlüklər nümayiş etdirməsi, İsrailin isə bəzi zəifliklərinin üzə çıxması oldu. Bu faktlar müharibənin tam mənzərəsini başa düşmək üçün mühüm əhəmiyyət daşıyır.
İranın güclü tərəfləri:
-Kütləvi hücum qabiliyyəti: İran ilk dəfə olaraq bu miqyasda birbaşa və kütləvi raket-PUA hücumu həyata keçirdi. 1000-dən çox PUA və 550-yə yaxın raket eyni vaxtda buraxıldı;
-Hücumların koordinasiyası və əhatə dairəsi: Raketlər İsrailin müxtəlif regionlarına yönəldildi, bu isə İranın genişmiqyaslı əməliyyat planlama qabiliyyətinə malik olduğunu göstərdi;
-Psixoloji təsir: Hətta raketlərin çoxu zərərsizləşdirilsə də, “Dəmir qübbə” sistemini yarıb keçən raketlərin vurduğu ziyan və İsrail əhalisinin sığınacaqlarda keçirdiyi günlər İranın simvolik qələbəsi kimi qiymətləndirilə bilər;
-Qarşılıqlı zərbə imkanının nümayişi: İran göstərdi ki, öz ərazisindən İsrailə birbaşa zərbələr endirmək gücünə malikdir və bu, regionda hərbi balansın tam birtərəfli olmadığını sübut etdi.
İsrailin zəif tərəfləri:
-Hava hücumuna məruz qalma riski: İllərlə Yaxın Şərqdə üstünlük mövqeyində olan İsrail ilk dəfə olaraq bu qədər kütləvi hücuma məruz qaldı və bu, onun hərbi toxunulmazlıq mifini qismən dağıtdı;
-Hava məkanının müdafiəsində çatışmazlıqlar: “Dəmir qübbə” sistemi ümumilikdə uğurlu çıxış etsə də, bəzi ağır raketləri saxlamadı və bu, sistemin texnoloji baxımdan yenilənməsinə ehtiyac olduğunu ortaya qoydu;
-Mülki əhalinin təhlükəsizliyi: Hücumlar zamanı bir sıra yaşayış massivlərində ciddi dağıntılar qeydə alındı ki, bu da mülki əhalinin qorunması baxımından sistemin zəif bəndlərindən biri sayıldı;
-Asılılıq faktoru: Müharibə sübut etdi ki, İsrail ABŞ-ın siyasi və hərbi dəstəyindən tam asılı vəziyyətdədir və bu, müstəqil qərarvermə imkanlarını məhdudlaşdırır.
Növbəti mərhələ: danışıqlar və ya daha sərt zərbələr
Hazırkı atəşkəs ABŞ-ın izni və iradəsi ilə verilib. Əgər İran bu imkan pəncərəsindən istifadə edib nüvə danışıqlarına getməz və ya zənginləşdirmə prosesindən açıq şəkildə imtina etməzsə, yeni hücumlar baş verəcək. Bu dəfəki zərbələrin hədəfi daha geniş və daha dağıdıcı olacaq.
ABŞ-ın siyasəti aydındır: Vaşinqton sözəbaxan, itaətkar, onun göstərişlərini sorğu-sualsız yerinə yetirən rejimlər istəyir.İsrail və Yaxın Şərqdəki ərəb ölkələri artıq bu şərtləri qəbul edib. İndi sıra İrandadır. ABŞ, İranı tam ram etməyincə, bu geosiyasi səhnədən çəkilməyəcək.