“Akif Çovdarov mənə dedi ki, ya klinika rəhbərinin üzünə dur, ya da...” - MTN generalının 150 min dollar aldığı şəxsin tükürpədici hekayəsi...

7-11-2016, 13:39           
“Akif Çovdarov mənə dedi ki, ya klinika rəhbərinin üzünə dur, ya da...” - MTN generalının 150 min dollar aldığı şəxsin tükürpədici hekayəsi...
Ləğv ediən MTN-nin həbsdə olan generalı Akif Çovdarovla bağlı Moderator.az-a olduqca ilginc informasiya daxil olub. Abşeron rayon sakini Sərvər Hümbətovun saytımıza verdiyi məlumata görə, o, Sumqayıtdakı klinikalardan birində anasını əməliyyat etdirib və əməliyyat nəticəsində anasının ödü çıxarılıb. Və nə qədər inanılmaz olsa da, bu əməliyyat onun Çovdarovun qurbanına çevrilmsi üçün əsas olub:
“2011-ci ildə anamın səhhətində yaranan problemə əlaqədar olaraq onu Sumqayıtdakı özəl klinikalardan birində əməliyyat etdirməli olduq. Əməliyyat nəticəsində anamın ödü çıxarıldı. Anam bir müddət klinikada müalicə aldıqdan sonra evə buraxıldı. Lakin o zaman nə mən, nə də digər ailə üzvlərimizin ağlına belə gəlməzdi ki, bir müddətdən sonra bu əməliyyat mənim MTN tərəfindən həbs olunmağım üçün əsas olacaq”.

Çovdarov qondarma şikayətçi tələb edir: “Elə adam tapın ki, klinika rəhbərinin üzünə dursun!”

S.Hümbətovun sözlərinə görə, onun həbs olunmağına səbəb Çovdarovun Sumqayıtdakı sözügedən klinikaya əl qoymaq istəyi olub:
“MTN-də şahidi olduğum söhbətlər və hadislər zamanı mənə bəlli oldu ki, Çovdarovun əsas məqsədi Sumqayıtdakı özəl klinikanı ələ keçirməkdir. Bunun üçün ona həmin klinikada əməliyyat elətdirən şəxslərdən biri lazım olub ki, həmin şəxs MTN generalının sifarişi əsasında klinika rəhbərinin üzünə durmalı, bu klinikada guya qanunsuz orqan alverinin getdiyini iddia etməli idi. Çovdarov hesab edirdi ki, həmin klinikaya yolu düşən istənilən şəxsi şantaj və təzyiq yolu ilə qondarma şikayətçi kimi klinika rəhbərinin üzünə durquza bilər. Odur ki, həmin klinikada ən son əməliyyat etdirən şəxslərdən biri kimi məni seçmişdilər”.

Sıradan bir şəxs üçün məxsusi əməliyyat planı: 3 avtomobil, 5 əməliyyatçı...

Tikinti sektorunda adi işçi kimi çalışdığını bildirən şikayətçinin sözlərinə görə, Çovdarov onun həbsi üçün təkil edilmiş əməliyyata 3 avtomobil, 5 əməliyyatçı cəlb edib:
“Həmin gün mənim üçün adi günlərdən biri idi. Həmişə olduğu kimi gündəlik qayğılarımla məşğul olur, xəstə anamın müalicəsi üçün zəruri olan dava-dərmanı almaq üçün səy göstərirdim. Birdən çalışdığım yerin qarşısında 3 avtomobilin dayandığını gördüm. Bu avtomobillərdən düşən 5 əməliyyatçı mənə yaxınlaşaraq MTN-dən gəldiklərini və onlarla getməli olduğumu dedilər. Mən çaşqın halda onlarla birlikdə avtomobilə əyləşdim. Avtomobilə əyləşən kimi əməliyyatçılardan biri üstümdəki mobil telefonların içisini də əlimdən aldı. Niyə saxlanıldığı soruşanda isə bildirdilər ki, bunu idarədə biləcəm. Beləliklə də, məni 3 avtomobilin müşayiəti ilə MTN-ə gətirdilər”.

MTN generalı: “Ya üzə durasan, ya da üzünə duracaqlar...”

S.Hümbətovun sözlərinə görə, onu birbaşa A.Çovdarovun yanına qaldırdılar və MTN generalı nə etməli olduğu ilə bağlı ona konkret göstəriş verdi:
“A.Çovdarovla MTN binasının 4-cü mərtəbəsində görüşdük. Uzun koridorun sonunda sağa dönən kimi birinci kabinetdə A.Çovdarov əyləşmişdi. Müstəntiq məni Çovdarova təqdim etdi. A.Çovdarov mənə dedi ki, sən ananın əməliyyat olunduğu klinikanın rəhbərinin üzünə durmalısan. Deməlisən ki, sənin ananı əməliyyat etdirib böyrəyini çıxardıblar və onu başqasına satıblar.
Mən eşitdiklərimdən şoka düşdüm. A.Çovdarova bildirdim ki, mən bunu edə bilmərəm. Çünki mənim həmin klinika və onun rəhbərliyi ilə heç bir problemim yoxdur. Yalandan kiminsə üzünə durub günaha bata bilmərəm.
Mənim bu sözüm Çovdarovu özündən çıxartdı. O, ayağa qalxaraq mənim üstümə qışqırdı və bildirdi ki, ya üzünə durasan, ya da sənin üzünə duracaqlar. Sənin ya silah, ya da narkotiklə ömürlük içəri atdıracaq. Heç vaxt gün üzü görməyəsən. Və səndən sonra bütün yaxınlarını həbs etdirəcəm.
Şübhəsiz, mənim kimi adi bir vətəndaş üçün MTN generalından bu sözləri eşitmək dəhşətli idi. Lakin mən yalandan kiminsə üzünə dura, kimisə olmayan bir şeyə görə təqsirləndirə bilməzdim və buna görə də A.Çovdarova bunu edə bilməyəcəyimi söylədim”.

Ardı var

ANONSLAR:

Akif Çovdarov onun tələbini icra etməkdən imtina edən şəxslə bağlı müstəntiqə hansı göstəriş verdi?

Sərvər Hümbətovun xəstə anasını MTN binası önünə gətirən nə oldu?

Ona Çovdarovun qəzəbindən xilas olmaq üçün nə təklif edildi?

İki evi, bir neçə sot torpağı əlindən çıxan S.Hümbətova kim nə üçün Bibiheybətə getməyi məsləhət gördü?

Çovdarovun əl qoymaq istədiyi klinika hansı idi?

Klinika rəhbərliyi gözləmə otağında nədən şikayətlənib?












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.