Şah İsmayılı nişan aldılar, Urmiyanı vurdular: Türkiyədə anti-Azərbaycan şəbəkəni kim idarə edir?
Bu gün, 08:34

Ortada hər kəsi düşündürən sual var: Azərbaycan əleyhinə Türkiyənin bəzi media orqanlarında niyə sil-silə yazılar, verilişlər hazırlanır? Bu suala hələ də doğru-dürüst cavab tapılmayıb. Son aylar bu tendensiya artan xətlə gedir. Ən müxtəlif mövzularda ölkəmiz hədəfə gətirilir. Şah İsmayıl Xətaidən tutmuş İkinci Qarabağ müharibəsinə qədər bir çox sahələrə aid məsələlərdə qıcıq yaradan tezislər ortaya atılır.
Sonuncu mövzu isə qədim Azərbaycan şəhəri Urmiyanın kürd şəhəri adlandırılması oldu. “TRT Kurdi” Güney Azərbaycanın tarixi şəhərlərindən Urmiyanı “qədim kürd şəhəri” kimi təqdim edib. Bu isə azərbaycanlı ziyalıları, tarixçi alimləri hiddətləndirib. Sıravi insanlar da bu cür arzuolunmaz mövzulardan narazı qalır.
Türkiyə Prezident Administrasiyasının kommunikasiyalar üzrə direktoru Fahrettin Altun vəzifəsindən azad ediləndə Bakıda bunu bəziləri fərqli şəkildə şərh edirdi. Bildirilirdi ki, qardaş ölkənin bəzi medialarında anti-Azərbaycan materialların yayımlanmasına o göstəriş verir. Amma Altunun istefasından sonra da tendensiya davam etdi. “TRT Kurdi”nin məlum veriliş efirə getdi.
Mövzu ilə bağlı Globalinfo.az-a açıqlama verən Türkiyəli politoloq Engin Özer bildirib ki, Fəxrəddin Altunun zamanında Kommunikasiya İdarəsi yaradıldı:
“Bu dövrdə dövlətin ən önəmli media qurumları olan Anadolu Agentliyi və TRT Fəxrəddin Altunun təyin etdiyi baş direktorlar tərəfindən idarə olundu. Həm F.Altun, həm də Anadolu Agentliyi və TRT-nin rəhbərləri vəzifələrindən azad edildilər. Bu dövrdə Türkiyə tarixinin ən pis və səriştəsiz proqramları, xəbərləri hazırlandı. Anadolu Agentliyi və TRT-də çalışanların bacarıqları ilə bağlı bir çox ciddi tənqidlər oldu. Bir çoxu zatən ixtisasca jurnalist deyil”.
E.Özer qeyd edib ki, o, bu məsələnin məlumatsızlıqdan qaynaqlandığını, qəsdən hazırlanmış bir proqram olmadığını və sistemli bir şey olmadığını düşünür və bu səbəbdən üzərində çox dayanılmasını uyğun görmür:
“Ancaq yeni təyin olunan Prof. Dr. Burhaneddin Duran ehtimal ki, Anadolu Agentliyi və TRT-yə özü kimi peşəkar direktorları təyin edəcək və bundan sonra belə problemlər olmayacaq. Bu, tamamilə Anadolu Agentliyi və TRT-dəki pis idarəetmənin təzahürü kimi görülə bilər və Azərbaycan-Türkiyə münasibətlərinə zərər verəcək bir problem deyil. Azərbaycan tərəfinin də bu məsələni çox qabartmaması gərəkdiyini və bu şəkildə dəyərləndirməli olduğunu düşünürəm”.
Politoloq Ramiyə Məmmədova isə bildirib ki, bu gün Türkiyədə vəziyyət göründüyündəndən daha mürəkkəbdir:
“Bu gün Türkiyənin yeni dövlət strukturunu yaradırlar. Türkiyə çoxmillətli dövlətdir, amma kürd məsələsini bu günə qədər həll edə bilməyiblər və inanmıram ki, bundan sonra da bu məsələ sonuna qədər həll olunsun. Düzdür, bu gün Türkiyə “Terrorsuz Türkiyə” şüarı ilə gündəmdədir. Öcalanın İmralıdan verdiyi bəyanatların, kürd terrorçuların bir hissəsinin silahlarını buraxdığının və kürdlərin dağlardan çəkilib sivil qaydada siyasətə gəlmə prosesinin şahidi oluruq. Ancaq inanmıram ki, Türkiyədə kürd məsələsi tamamilə həll olunacaq, çünki lazımi səviyyədə silah buraxılmayıb. Terrorçular arasında işlək olmayan təbəqə var ki, onlar dağlardan çəkilərək öz silahını təhvil verib normal həyata qayıda bilər, yaxud da həbsə girə bilər. Lakin əsas fiqurların heç biri üzə çıxmır və ya onların Türkiyədə silahı təhvil verərək bir masada oturub “Terrorsuz Türkiyə”ni müzakirə edəcəkləri sual altındadır”.
R.Məmmədova qeyd edib ki, verilən məlumatlara görə, kürd rəhbərlərinin bir çoxu İraq və Suriyaya keçiblər və ordakı YPG və digər kürd terrorçu təşkilatlarına birləşiblər:
“Onların Türkiyəyə təslim olması çətin məsələdir və buna inanmıram. Öcalan həbsxanada olarkən terror təşkilatına gələn yeni liderlər istədiyini almadan fəaliyyətlərini dayandırmayacaq. Türkiyə və Yaxın Şərqdəki digər dövlətləri terrora bürüyəcək. Dünən də Suriyada terror təşkilatları arasında qarşıdurma baş verib”.
Politoloqun sözlərinə görə, digər tərəfdən, “Terrorsuz Türkiyə”nin piarı üçün kürdlərə qarşı hansısa imtiyaz və ismarıclar göndərirlər:
“Ancaq Azərbaycanla bağlı bu məsələ artıq türk mediasının ya tarixdən tamamilə xəbərsiz olmasından irəli gəlir, ya da bunu qəsdən edirlər. Fəxrəddin Altunun zamanında Azərbaycana bir çox media mənsubu tərəfindən təzyiqlər olurdu. Biz onu bu gün də müşahidə edirik, sabah da müşahidə edəcəyik. Azərbaycanı hamı birmənalı olaraq qardaş dövlət kimi görmür. Bir millət olsa da, iki ayrı dövlət olaraq görür və burada iqtisadi və siyasi maraqları önə çıxır”.
Ekspert vurğulayıb ki, Urmiyanın kürd şəhəri kimi göstərilməsi türk mediası tərəfindən böyük bir səhvdir:
“Prezident Administrasiyasının kommunikasiyalar üzrə yeni direktoru təyin olunub. Əslində bu gün ona XİN tərəfindən bəyanat verilməlidir. Çünki Urmiya, Xoy, Ərdəbil və digər şəhərlər tarixən Azərbaycan torpağıdır. Bu gün də onlar Azərbaycan türkü torpağıdır və belə də qalacaqlar. İrandakı soydaşlarımızın da bunu yaxşı qəbul etməyəcəkləri bəllidir. Bu həm Azərbaycana, həm də kürdlərə qarşı bir ismarıcdır. Çünki sabah deyə bilərlər ki, Qars, İğdır da sizin torpaqlardır.
“Terrorsuz Türkiyə” üçün hansısa rıçaqlardan istifadə edərək hansısa yol çizmək istəyirlər və buna Azərbaycanın tarixi torpaqlarını da qatırlar. Bu da ən böyük səhvlərdən biridir. Yəqin ki, Türkiyə dövləti rəhbəri və XİN bu məsələ ilə bağlı açıqlama verəcək”.
R. Məmmədova əlavə edib ki, Türkiyədə həm müxalifətdə, həm də iqtidarda iki dövlətin münasibətlərini pozmağa çalışan media nümayəndələri var:
“Türkiyədə siyasi baxışlar fərqlidir. Burada nurçuların, FETÖ-çuların qolunun və ya adların açıqlamadığımız təşkilatların rolu var. Bu gün Azərbaycan da, Türkiyə də hələ ki, nə nurçulardan, nə FETÖ-dan, nə də ki terrordan tam təmizlənib. Onların nümayəndələrinin hakimiyyətdə qalması, bu ölkələrə yansıması böyük əks-səda doğurur.
Azərbaycan və Türkiyənin bu gün regionda baş verən proseslərdə münasibətlərini korlamağa çalışırlar. Burada məlum üçüncü dövlətlərin də rolu var. Bu baxımdan, Azərbaycan və Türkiyə dövlətləri media sahəsində birgə şəkildə çalışmalıdırlar. Çox təəssüf ki, Azərbaycan və Türkiyə mediasında iki dövlətin əleyhinə çalışan insanlar – sapı özümüzdən olan baltalar var. Bunlar FETÖ-ya, nurçulara, üçüncü dövlətlərə bağlı olan insanlardır. Onlar üzdə olan media nümayəndələridir və bu gün iki dövlətin xarici və daxili siyasətinə ən böyük zərəri vururlar”.