ŞOK: Cahangir Məmmədlinin adı müdhiş cinayətdə... - Ərini uşaqlarının gözü qarşısında öldürən qadın niyə azadlıqdadır? /FOTOLAR
9-11-2016, 11:35
Ölkənin dəyərli adamlarından biri, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının sədri Cahangir Məmmədlinin adı müdhiş cinayəti ört-basdır etməkdə hallanır.
İddiaya görə, Cahangir Məmmədlinin qardaşı qızı 1980-ci il təvəllüdlü Xatirə Məmmədova 1983-cü il təvəllüdlü həyat yoldaşı Namiq Məmmədovu bıçaqlayaraq öldürüb.
XƏSTƏXANADA HEÇ KİM ONA YARDIM ETMƏYİB, QANAXMADAN ÖLÜB
Bu barədə BakiPost.az-a mərhum N. Məmmədovun atası, Zəngilan rayonundan qaçqın olan, Sumqayıt şəhər sakini Məhiyyədin Məmmədov məlumat verib. Onun sözlərinə görə, hadisə bu ilin sentyabr ayının 8-də baş verib. Ata oğlunun qatilinin hələ də həbs edilmədiyini bildirib: "10 il idi ki, evliydilər. Bu il həyat yoldaşı oğlumu 2 bıçaq zərbəsi ilə öldürüb. Bıçağın birini bud nahiyyəsinin arxasından, digərini isə bud nahiyyəsinin qabaq hissəsindən vurub. Oğlumu bıçaqladıqdan sonra təcili yardım belə çağırmayıb. Oğlum o vəziyyətdə güclə də olsa dəhlizə çıxıb. O zaman rus qonşu onu görüb, Sumqayıt şəhəri Təcili Tibbi Yardımazəng edib. Təcili yardımda telefonu götürən şəxs rus dilini bilməyib və qonşunun nə dediyini başa düşməyib, dəstəyi asıb. İkinci dəfə qonşu zəng etdikdən sonra telefona cavab verilib. Nəhayət, oğlum xəstəxanaya çatdırılıb. Oğlum ora çatanda özündə olub. Hətta adını və hansı rayondan olduğunu belə deyib. Buna rəğmən həkimlər ona tibbi yardım göstərməyib. O da çox qan itirdiyindən dünyasını dəyişib”.
STOLU SINDIRIB, ÖZÜNÜ YARALAYIB, MÜSTƏNTİQİ ALDADIB
M.Məmmədovun sözlərinə görə, X. Məmmədova ərini övladlarının gözünün qarşısında bıçaqlayıb: "Hadisə biri 3-cü, digəri isə 2-ci sinifdə oxuyan nəvələrimin gözü önündə törədilib. Uşaqlar da hadisənin necə baş verdiyini müstəntiqə ifadələrində deyiblər. Belə ki, müstəntiq qızdan 3 saata, oğlandan isə 1 saat yarıma qədər ifadə alıb. Uşaqlar oğlumu analarının öldürdüyünü, bıçaqla atalarını necə vurduğunu açıq-aydın danışıblar. Gəlin cinayəti boynundan atmaq üçün birinci ifadəsində oğlumun özü-özünü bıçaqladığını deyib. Sonrakı ifadəsində isə boynuna alıb. Amma deyib ki, guya, özünü müdafiə etmək üçün bu addımı atmağa məcbur olub. O, stolu sındırıb qoluna və ayağına vururmuş. Müstəntiqə isə guya onu oğlumun vurduğunu göstərib. Amma uşaqlar analarının özünə xəsarət yetirdiyini bildirib. Uşaqların dediyinə görə, anaları bunu atalarını polisə tutdurmaq üçün edirmiş. Kaş oğlumu polisə verəydi, amma öldürməyəydi”.
MÜSTƏNTİQ DEDİ, HƏBS ETMİŞİK, VƏKİLİMİZ İSƏ ÖYRƏNDİ Kİ, QATİL AZADLIQDADIR
Ata oğlunu öldürməsi təsdiqlənsə belə Xatirə Məmmədovanın hələ də azadlıqla olduğunu bildirir. Onun sözlərinə görə, işə baxan müstəntiq Faiq Nadirovun onları aldadaraq qızın həbs olunduğunu deyib. Lakin sonradan onun azadlıqda olduğu ortaya çıxıb: "Müstəntiq məni aldadaraq gəlinin həbs olunduğunu deyirdi. Hətta məndən də izahat aldı. Məndən istintaqın gedişatından narazılığımın olub-olmamasını soruşdu. Amma vəkilim sonradan mənə onun həbs olunmadığını dedi. Müstəntiq məni aldatdı. Sonradan Nadirova zəng edəndə qızın həbs olunmadığını mənə etiraf elədi”.
Məmmədovlar ailəsi Şumqayıt şəhər Prokurorluğunun işindən narazı olduğu üçün Respublika Prokurorluğuna müraciət edib. Ata Məmmədov deyir ki, hələ oradan da bir səs-səmir yoxdur: "Respublika prokuroru bizə deyir ki, xanımların məhkəməyə qədər azadlıqda qalmasıyla bağlı qanun var. Onlar mənə belə bir cinayəti törədənin ailəmə və nəvələrimə xəsarət yetirməyəcəyi ilə bağlı təminat verə bilərlər? Hazırda nəvələrim bizimlə qalır. Amma onların həyatına görə çox narahatıq”.
CAHANGİR MƏMMƏDLİYƏ QARŞI İDDİA
Şikayətçi keçmiş gəlininin əmisi Cahangir Məmmədliyə güvəndiyini iddia edib: "Gəlin hər yerdə də deyirdi ki, heç kəs ona nəsə edə bilməz. Çünki İctimai Televiziyanın Yayım Şurasının sədri olan əmisi Cahangir Məmmədli ona deyib ki, Sumqayıt Şəhər Prokurorluğunda məsələni özünüz həll edin, Respublika Məhkəməsi isə mənlikdir. Cahangir Məmmədli bu cür haqsızlığa necə gedə bilər?”
PREZİDENT İLHAM ƏLİYEV VƏ XANIMI MEHRİBAN ƏLİYEVAYA MÜRACİƏT
M. Məmmədov hadisədən 3 ay keçməsinə baxmayaraq hələ də məhkəmənin olmadığını qeyd edib: "İndiyə kimi məhkəmə olmayıb. Respublika Prokurorluğunda da istintaqın rəisinin müavini belə 3 ay keçməsinə baxmayaraq, məhkəmənin olmamasına təəccübləndi. Hər iki prokurorluq bu məsələni araşdırmır. Sumqayıt şəhər Prokurorluğu işə baxmadığı üçün imtina etmişik. Bu barədə prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya da müraciət etmişik. Biz istəyirik ki, Respublika Prokurorluğu işi istənilən rayona göndərsin. Amma həll olunsun”.
Məsələ ilə bağlı BakiPost.az-a açıqlama verən Cahangir Məmmədli bu işlərə heç bir aidiyyətinin olmadığını deyib: "Mən o işə bir an da qarışmıram. Özləri bilər, qohum olsa belə mənim o işə heç bir qarışacağım yoxdur. Qəti şəkildə, bütün səmimiyyətimlə deyirəm. Çünki elə işdir ki, o işə qarışmaq mənim üçün ayıbdır. Hər kəs görəcək ki, mən o işə qarışmıram. O sübut olunacaq”.