Azərbaycanda 5 dövlət universiteti ləğv edilir - siyahı

10-11-2016, 09:38           

Məlum olduğu kimi, prezident İlham Əliyev Bakı Mühəndislik Universitetinin yaradılması haqqında sərəncam imzalayıb.

Azərbaycanda mühəndis təhsili verən 5 universitet (Azərbaycan Texnologiyalar Universiteti, Azərbaycan Texniki Universiteti, Dövlət Memarlıq və İnşaat Universiteti, Azərbaycan Neft Akademiyası, Bakı Ali Neft Məktəbi) olduğu halda, yeni universitetin yaradılması gözlənilməz addım kimi dəyərləndirilir.

Təhsil sistemindəki mənbələrdən istiqlal.az-a verilən məlumatlara görə, yaxın gələcəkdə adı çəkilən 5 universitetin ləğvi və onların Bakı Mühəndislik Universitetinə birləşdirilməsi gözlənilir. Bu, ali təhsil sistemində nəzərdə tutulan islahatların bir hissəsidir. Həmçinin yaxınlara başqa universitetlərində birləşdirilməsi gözlənilir. Bu həm ali təsil sisteminin modernləşməsi, həm də dövlət xərclərinin optimallaşdırılmasına səbəb olacaq.

Prezidentin sərəncamında deyilir ki, ali təhsilin bütün səviyyələri üzrə mühəndis kadrlarının hazırlığını, bu sahədə ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Bakı Mühəndislik Universiteti yaradılsın. Yəni prezidentin sərəncamında bir sahə üzrə yox, ali təhsilin bütün sahələri üzrə mühəndis hazırlayan yeni universitetdən söhbət gedir.

Onu da qeyd edək ki, son vaxtlar Təhsil Nazirliyinin tabeçiliyində olan strukturların birləşdirilməsi prosesi gedir. Məsələn, Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin və T.İsmayılov adına Bakı şəhəri Uşaq-gənclər Yaradıcılıq Sarayının bazasında Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi yaradılıb, bir neçə kollec birləşdirilib.

Nazirlər Kabinetinin qərarı ilə orta ixtisas təhsili müəssisələrinin şəbəkəsinin optimallaşdırılması, təkrarlanmanın aradan qaldırılması, idarəetmənin, maliyyələşdirmənin, kadr hazırlığının səmərəsinin və keyfiyyətinin yüksəldilməsi məqsədi ilə Bakı Sosial Pedaqoji Kolleci Bakı Humanitar Kollecinə, Bakı Kompüter Kolleci Bakı İdarəetmə və Texnologiya Kollecinə, Şuşa Musiqi Kolleci Şuşa Humanitar Kollecinə qoşulub.

Gəncə Texniki Kolleci və Gəncə Humanitar Kolleci birləşdirilərək Gəncə Dövlət Regional Kolleci, Şəki Pedaqoji Kolleci və Şəki Musiqi Kolleci birləşdirilərək Şəki Dövlət Regional Kolleci, Şamaxı Humanitar Kolleci və Şamaxı Dövlət Sənaye-İqtisad Kolleci birləşdirilərək Şamaxı Dövlət Regional Kolleci, Bakı Neft-Energetika Kolleci Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci,Sumqayıt Dövlət Texniki Kolleci Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci adlandırılıb.

Bakı Sənaye-Pedaqoji Kolleci Azərbaycan Dövlət Pedaqoji Kollecinə qoşularaq, sonuncu Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci adlandırılıb.

Mənbənin məlumatına görə, indi növbə universitetlərin birləşdirilməsinə çatıb.

Müxalif REAL təşkilatının üzvü Erkin Qədirli də Mühəndislik Universitetinin yaradılmasıyla bağlı qərarı doğru sayır: “Ümumiyyətlə, hesab edirəm ki, mövcud ali məktəbləri islah etmək cəhdləri anlamsızdır. Sistemi (kökündən dəyişmək, tamamilə yeniləmək, sıfırlamaq gərəkdir. Köhnələrini bağlayıb, məzmun və keyfiyyətcə yenilərini açmağın öz üstünlükləri (sağaltma təsiri) var. Köhnə ali məktəblərdən yalnız Bakı Dövlət Universitetini (Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olduğuna görə) saxlamaq önəmlidir. Amma orada çox radikal islahatlara gərək var. Ali məktəblərin bir çoxunu Bakıdan çıxarıb, ölkəmizin başqa yerlərinə köçürmək (şəhərlərdən qıraqda kampuslar qurmaq) gərəkdir. Bununla ölkə içində sosial hərəkətlilik (social mobility) də təmin oluna bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.