İcra başçısı ilə dalaşdığı deyilən məmur danışdı - Qalmaqal
12-11-2016, 13:43
Xətai icra başçısının 1-ci müavini Rafiq Quliyev: “Susmağımın səbəbi vardı”
Bugünlərdə Xətai Rayon İcra Hakimiyyətində qalmaqallı hadisə haqda yazmışdıq. “İcra başçısı müavinindən yalvararaq üzr istəyib - şok səbəb” başlıqlı yazıda icra başçısı Razim Məmmədovla onun 1-ci müavini Rafiq Quluyev arasında konfliktdən bəhs edilirdi.
“Yeni Müsavat”a bu haqda etibarlı mənbədən daxil olmuş məlumatda bildirilirdi ki, R.Məmmədov iclasda 1-ci müavini Rafiq Quluyevlə dalaşıb. Buna səbəb onların arasında yaranan mübahisə olub. Həmin yazıdan sitat: “R.Məmmədov müavinini hansısa tapşırığı vaxtında yerinə yetirmədiyi üçün danlamaq istədikdə, qarşı tərəfin sərt təpkisi ilə üzləşib. Mənbənin bildirdiyinə görə, Rafiq Quluyev icra başçısına hamının gözü qarşısında ”bağırma, səndən qorxan yoxdur, özünü yığışdır, yoxsa sənin üçün pis olar", deyib. Bundan sonra icra başçısı möhkəm qəzəblənib və 1-ci müavini iclasdan qovmaq istəyib. Şahidlərin bildirdiyinə görə, R.Quluyev iclası tərk etmək istəməyib. “Məni bu vəzifəyə cənab prezident qoyub, sən kimsən”, deyə etirazını bildirib. Mənbə iddia edir ki, bundan sonra tərəflər arasında az qalsın əlbəyaxa dava çıxsın. İclasda iştirak edən digər aparat üzvləri araya girməsəymiş, davanın qaçılmaz olduğu bildirilir"
Yazıda bildirilirdi ki, Rafiq Quluyev hakimiyyətdə çox böyük və qüdrətli bir klanın adamıdır. Onun incidilməsinə, təhqir edilməsinə, iclasdan qovulmasına həmin klanın böyükləri sərt təpki veriblər. Bundan sonra Razim Məmmədova deyilib ki, Rafiq Quluyevdən iclasdakı insanların gözləri qarşısında üzr istəsin. Razim Məmmədov təcili iclas çağırıb və 1-ci müavinindən üzr istəyib. Şahidlər bildirib ki, R.Quliyev başçıya indən sonra onunla bir yerdə işləməsinin mümkün olmadığını deyib. Mənbə iddia edir ki, Razim Məmmədov Rafiq Quluyevə rəsmən yalvararaq, onu birtəhər yola gətirib.
Yazı dərc edildikdən sonra Xətai RİH-dən “Yeni Müsavat”a təkzib məktubu göndərilib. Məktubda yazılanların yalan, böhtan olduğu bildirilib. Belə bir hadisənin baş vermədiyi vurğulanıb.
Maraqlıdır, bəs hadisədə adı çəkilən, başçı ilə dalaşdığı deyilən 1-ci müavin Rafiq Quluyev niyə susur? O, barəsində deyilənlərə nədən münasibət bildirmir? Əgər Razim Məmmədovla arasında münaqişə olmayıbsa, necə deyərlər, başçını özünə yalvartmayıbsa, hansı məntiqlə bu olayı təkzib etmir?
Bu yazının üstündən 3 gün keçməsinə baxmayaraq, yalnız Razim Məmmədov bundan narahat olub, 1-ci müavinin isə sanki heç nə vecinə deyil. Əksinə, onun bu susqunluğu hadisənin gerçəkdən baş verdiyinin təsdiqi kimi də başa düşülə bilər.
Göründüyü kimi, suallar çoxdur. Amma bu suallara ən dürüst cavabı R.Quluyev verə bilər. Ona görə də biz onun mobil nömrəsinə zəng edib, mövqeyini öyrənmək istədik.
Rafiq Quluyev “Yeni Müsavat”a bildirdi ki, bu barədə şəxsən təkzib verməməsinin səbəbi olub: “Xətai RİH-dən redaksiyanıza göndərilən təkzib məktubu mən də daxil olmaqla, bütün icra hakimiyyətinin mövqeyini əks etdirir. Ona görə də ayrıca mövqe bildirməyimə ehtiyac duymadım”.
R.Quluyev dedi ki, yayılan məlumat həqiqəti əks etdirmir. O, bizə informasiyanı hardan aldığımız barədə də sual verdi: “Məlumatı sizə kim verib, bilmək olarmı?” İnformasiyanın mənbəyini hətta məhkəmə hökmü ilə də açmamağa haqqımızın olduğunu bildirdikdən sonra başçı müavini bizimlə sağollaşıb, dəstəyi asdı.
Xatırladaq ki, R.Quluyev əvvəllər Xətai Rayon İcra Hakimiyyətində Razim Məmmədovun köməkçisi vəzifəsində çalışıb. Sonradan mənsub olduğu klan onu 1-ci müavin vəzifəsinə qədər yüksəldib. Deyilənə görə, Rafiq Quluyev yaxın vaxtlarda Razim Məmmədovun yerinə təyin ediləcək.
Xəbər xidməti