2 strateji nazirlik ləğv edilir - super nazirlik yaradılır

13-11-2016, 11:43           

Maliyyə naziri Samir Şərifov Vergilər Nazirliyini rəhbərlik etdiyi quruma birləşdirməyə çalışır. “Azadlıq”a daxil olan məlumata görə, bu səbəbdən Samir Şərifovla Fazil Məmmədov arasında münasibətlər gərginləşib.

Bildirilir ki, 2017-ci ilin dövdət büdcəsində Vergilər Hazirliyinin öhdəliyinin artırılması da bununla bağlıdır. Məlumat üçün deyək ki, 2017-ci il üçün Vergilər Nazirliyinin öhdəliyi 7.2 milyard manat müəyyən olunub. Bu, 2016-cı il üçün müəyyən olunan öhdəlikdən 1.2 milyard manat çoxdur.

Müşahidələr göstərir ki, Vergilər Nazirliyi hazırki öhdəliyi yerinə yetirməyə belə çətinlik çəkir. Deməli, 2017-ci il Fazil Məmmədov üçün daha ağır olacaq. “Samir Şərifov da bunu bildiyindən vergilər nazirini çətin vəziyyətə salıb. Məqsəd Fazil Məmmədovun vəzifəsinin öhdəsindən gələ bilmədiyini ortaya qoymaq və Vergilər Nazirliyini departament formasında Maliyyə Nazirliyinə birləşdirməkdir”, – deyə mənbə bildirib.

Hakimiyyətdəki mənbələrdən istiqlal.az-a daxil olan məlumata görə isə, Vergilər Nazirliyinin departament formasında Maliyyə Nazirliyinə birləşdirilməsi yox, hər iki nazirliyin ləğv edilərək bazasında Maliyyə və Vergilər Nazirliyinin yaradılması nəzərdə tutulur: "Yeni yaradılacaq nazirliyə isə nə Samir Şərifov, nə də Fazil Məmmədov rəhbərlik edəcək. Bu posta gənc texnokratlar gətiriləcək ki, hər iki nazirlikdə olan korrupsiya yuvalarını dağıdıb. modern struktur qura bilsin".

Mənbənin məlumatına görə, postneft dövrünün reallıqları maliyyə-vergi sisteminin yenidən qurulmasını tələb edir. Ancaq konservativ və neqativ reputasiyalı indiki nazirlərin bu işin öhdəsindən gələcəyi inandırıcı deyil. Ona görə də hər iki nazirliyin ləğvi və sıfırdan yenidən qurulması gündəmə gəlib. Bu nazirliklərin hər biri stratejidir - biri büdcə gəlirlərinin yığılmasına, o biri isə xərclənməsinə nəzarət edir. Bu nazirliklərin indiki statusu və iş qabiliyyəti yeni reallıqlara qətiyyən adekvat deyil - deyə mənbə vurğulayıb.

Mənbənin sözlərinə görə, indi iki nazir arasında olan gərginlik də iqtisadiyyat üçün ciddi problemlər yaradır: "Çünki hər bir nazirin öz oturuşmuş klanı var və qərarları klanlarının maraqlarına uyğun qəbul edir. Bu isə iqtisadiyyatda böhran meyllərini artırır".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.