Hacı Məmmədov “tubzon”dan yoxa çıxıb
14-11-2016, 09:49
Dəstə başçısının harada olduğu bilinmir, onun hətta başqa ad altında ölkədən çıxarıldığı haqda da şayiələr dolaşır
Daxili İşlər Nazirliyinin keçmiş polkovniki, çoxsaylı sifarişli qətllər, adam oğurluqları, quldurluq kimi cinayətlər törətmiş dəstənin başçısı Hacı Məmmədovun harada olduğu bilinmir. Onun son günlərə qədər saxlanıldığı yer Penitensiar Xidmətin əsasən vərəm xəstəliyinə yoluxmuş məhbuslar üçün nəzərdə tutulan 3 saylı cəzaçəkmə müəssisəsi (“tubzon”) idi. Hacı Məmmədov “tubzon”a 11 ildən çox saxlanıldığı indiki Dövlət Təhlükəsizlik Xidmətinin (keçmiş MTN) istintaq təcridxanasından köçürülüb.
Məlumdur ki, ötən 11 il ərzində beynəlxalq təşkilatlar, yerli hüquq müdafiəçiləri, vəkillər Hacı Məmmədovun MTN təcridxanasında saxlanılmasının qanunazidd olduğunu bəyan edib onun ömürlük həbsə məhkum olunmuş şəxs kimi Qobustan həbsxanasına köçürülməsini tələb ediblər. Eldar Mahmudov isə nazir olduğu illər ərzində Hacı Məmmədovun MTN təcridxanasından köçürülməsinə imkan vermirdi.
H.Məmmədovun özü də MTN təcridxanasından köçürülməsini ara-sıra tələb edirdi. Məsələn, 2011-ci ilin sentyabrında o, anası vasitəsi ilə qəzetimizə müraciət etmişdi. Həmin müraciət qəzetimizin həmin il sentyabrın 17-də dərc olunan sayında “Hacı Məmmədov MTN-dən çıxmaq istəyir” http://musavat.com/news/olke/haci-memmedov-mtn-den-cixmaq-isteyir_108331.html sərlövhəsi altında dərc olunmuşdu.
Ötən ilin oktyabrında MTN-də başlanan təmizləmələr, E.Mahmudovun postunu itirməsi Hacı Məmmədovun, nəhayət ki, MTN-dən köçürülməsini mümkün etdi. Hacı Məmmədov vəkili vasitəsi ilə bəyan etdi ki, 11 il ərzində Eldar Mahmudovun təzyiqi altında saxlanılıb, bir sıra şəxslərin əleyhinə yalan ifadələr verməyə məcbur edilib. O, Ali Məhkəməyə müraciət edərək işi üzrə yeni araşdırmaların aparılmasını tələb edirdi. Ali Məhkəmə onun bu istəyinə “yox” dedi...
Hacı Məmmədovu MTN təcridxanasından çıxardılar, amma onun Qobustan qapalı həbsxanasına köçürülməsi yenə də baş tutmadı. Hacı Məmmədovu “tubzon”a köçürdülər. Həbsdə olduğu illər ərzində Hacı Məmmədovun yaxınları onun ən müxtəlif xəstəliklərdən əziyyət çəkdiyini bildirmişdilər. Amma bu xəstəliklər sırasında vərəm xəstəliyi yox idi. Bu baxımdan H.Məmmədov “tubzon”a köçürülərkən əsaslı şübhələr yaranmışdı. Vərəm olmayan bir məhkumu həmin müəssisəyə köçürmək kimə və niyə lazımdır?
Bu köçürülmə Hacı Məmmədovun növbəti dəfə cəmiyyətdən gizlədilməsinə, həqiqətləri söyləməsinin qarşısının alınmasına xidmət etmir ki?
“Tubzon” məhkumların vərəmdən müalicə müəssisəsi olmaqla yanaşı işgəncə məkanı kimi də ad çıxarıb. Adətən türmələrdəki qiyamlardan sonra “sözəbaxmaz” məhkumları ora köçürürlər. “Tubzon”a sağlam gedən məhkum oradan xəstəhal, arıqlamış, taqətsiz şəkildə digər “zon”a göndərilir. “Tubzon” həm də qapalı rejiminə görə ad çıxarıb. Oradan “çöl”ə məlumat ötürmək də çox vaxt mümkün olmur. Hacı Məmmədovun belə bir rejimli müəssisəyə köçürülməsi və oradan yoxa çıxması təsadüfi ola bilərdimi?
Belə xəbərlər də dolaşır ki, Hacı Məmmədov bir müddət əvvəl “tubzon”dan naməlum istiqamətə aparılıb. Onun inandırıcı olmasa da, başqa ad-soyadla ölkədən çıxarılması da gələn xəbərlər sırasındadır.
Xatırladaq ki, Hacı Məmmədovun dəstəsi Beynəlxalq Bankın keçmiş prezidenti Cahangir Hacıyevin həyat yoldaşını oğurladıqdan sonra 2005-ci ilin martında həbs olunub. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə adam oğurluğu və bir sıra qətllərdə təqsirləndirilən Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və digər 26 nəfər barədə hökmü 2007-ci il yanvarın 19-da çıxarıb.
Məhkəmənin qərarına əsasən, Hacı Məmmədov, onun keçmiş şöbə müdiri Kamil Sədrəddinov, nazirliyin Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirov və digər 7 nəfər ömürlük həbs cəzasına məhkum ediliblər. Hacı Məmmədov istisna olmaqla digərləri Qobustandakı qapalı həbsxanaya köçürülüb. musavat.com/