Manatın ucuzlaşması ərzaq məhsullarının qiymətinə necə təsir edəcək?
16-11-2016, 22:47
Nemət Əliyev: «Manatın sürətlə dəyər itirməsi ölkə iqtisadiyyatının manatla kreditləşməsinin qarşısını alır»
Azərbaycanda fəaliyyət göstərən əksər kommersiya bankları ABŞ dollarının nağd satışını dayandırıb. Bu gün, noyabrın 16-da “Bank of Baku” və “Muğanbank” kimi banklarda satış tamamilə məhdudlaşdırılıb. “Accessbank”da satış limiti 200 dollar, “ASB” və “BTB”-də 100 dollar məbləğində müəyyənləşdirilib. “Amrahbank” isə dolların alışı olduğu təqdirdə satışın da əyata keçirildiyini bildirir.
Qeyd edək ki, dollar qıtlığının yaranmasına səbəb dünən, noyabrın 15-də AMB-nin keçirdiyi sonuncu valyuta hərracında bankların tələbatının cəmi 8% ödənilməsi ilə bağlıdır. Hərracın bitməsindən həmən sonra valyuta bazarında qıtlıq yaranıb, bu da öz növbəsində “qara bazar”da dolların satış məzənnəsinin 1,81-1,82 manata kimi yüksəlməsinə gətirib çıxarıb. Xatırladaq ki, bankların bu gün dolların maksimal satış məzənnəsi 1,7715 AZN/USD ola bilər.
Analitiklər dünya bazarında dolların məzənnəsinin möhkəmlənməsi prosesinin sürətləndiyini bildirir: “Nəticədə, dünyanın əksər valyutaları dollarla müqayisədə ucuzlaşıb. Bura, Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan Türkiyə, Çin və Rusiyanın da valyutaları aiddir. Son günlərdə ən çox devalvasiyaya uğrayan isə Türkiyə lirəsi olub. Belə ki, son bir ayda lirə dollarla müqayisədə 8% ucuzlaşıb. Çin yuanı eyni dövrdə 2,2%, rubl isə 4% dəyərdən düşüb”.
Analitiklər mövcud durumun manatın məzənnəsinə təzyiqləri artıracağını, ilin sonuna qədər ən yaxşı halda Azərbaycanda dolların məzənnəsinin 1,90 AZN/USD-yə çatacağını, “qara bazar”da isə 2,00 AZN/USD-ni üstələyəcəyini proqnozlaşdırır. (Report)
Daha 2 bank dollar satışını dayandırdı
Gün ərzində dollar satmayan bankların sırasına daha ikisi əlavə olunub. Fins.az-ın araşdırmasına görə, ölkənin ən iri banklarından sayılan Azərbaycan Beynəlxalq Bankı (ABB) valyuta satmaqdan imtina edib. Bankdan bildiriblər ki, bu gün dollar və avronun satışı dayandırılıb.
Günün 2-ci yarısından etibarən daha bir bank dollar satışını dayandırıb. Valyuta satışından imtina edən “NBC Bank”dır. Qeyd edək ki, bu bank indiyədək valyuta satışını limitsiz həyata keçirirdi. (Fins.az)
Manatın dəyər itirməsi xüsusilə ərzaq məhsullarının qiymətini artırır. Buna səbəb mağazalardakı məhsullarının əksəriyyətinin xaricdən gətirilməsidir. Yerli istehsalın demək olar ki, dayanması idxaldan aslılığı artıran faktordur.
İqtisadçı Nemət Əliyev bildirdi ki, MB sonunu fikirləşmədən manatın sürətlə dəyərdən salınmasına başlayıb. N.Əliyevin sözlərinə görə, bunu hansısa məqamda etmək olar. Amma gərək bu qərar qəbul edilməmişdən öncə müəyyən qabaqlayıcı addımlar atılsın ki, nə qiymətlər sürətlə bahalaşmasın, nə də əhalidə olan vəsait sürətlə dəyər itirməsin: «Faktiki olaraq ilin başlanğıcından indiyə qədər ötən dövürdə qiymətlər kəskin artıb. Qiymətlərin mütamadi olaraq artması daha böyük sürətlə gedib, nəinki əmək haqqının artırılması. Yəni əmək haqqının artımı qiymət artımından çox geri qalıb. Buna görə də əhalinin vəziyyəti sürətlə pisləşir. Mərkəzi Bank məsələnin bu tərəfini nəzərə almırlar. Hətta onu da nəzərə almırlar ki, milli valyutanın sürətlə dəyər itirməsi ölkə iqtisadiyyatının manatla kreditləşməsinin qarşısını alır. Digər tərəfdən isə həm yerli, həm də xarici investisiya ölkədən sürətlə kənara çıxır. Məhz bu addımların nəticəsidir ki, yerli investisiyanın təxminən 70 faizi ölkə iqtisadiyyatını tərk edib. Xaricii investisiyanın ölkə iqtisadiyyatını tərk etmə sürəti böyüyüb».
N.Əliyev onu da bildirdi ki, manat o dərəcədə dəyərini itirib ki, ölkədə bizneslə məşğul olmaq mənasız peşəyə çevrilib. Ölkə iqtisadiyyatından gələn gəlirlər kəskin şəkildə azalıb.